Azərbaycan prezidenti Heydər Əliyevin Çin Xalq Respublikasına rəsmi səfəri - 7 mart 1994-cü il


ÇXR sədri Tszyan Tszemin Azərbaycan prezidenti Heydər Əliyevlə danışıqlarda bildirmişdir: "Çin Azərbaycanla münasibətlərin inkişaf etdirilməsinə böyük əhəmiyyət verir və bütün sahələrdə dostcasına əməkdaşlığın daha da genişləndirilməsi üçün onunla birlikdə səy göstərməyə hazırdır".

Tszyan Tszemin qeyd etmişdir ki, iki ölkə arasında əlaqələrin 2000 ildən çox tarixi var və bu tarixin kökləri "İpək yolu" dövrlərinə gedib çıxır. Çin xalqı Azərbaycan xalqına daim dostluq hissləri bəsləyir.

Çin rəhbərinin dediyi kimi, Azərbaycanın istiqlaliyyətinin elan olunması və Pekinlə Bakı arasında diplomatik münasibətlər yaradılması ikitərəfli əlaqələri genişləndirmək üçün əlverişli imkan açmışdır. Bu əlaqələr sabit və sağlam əsasda inkişaf edir. O, beynəlxalq işlərdə, o cümlədən BMT çərçivəsində tərəflərin qarşılıqlı fəaliyyətini gücləndirməyin mümkün olduğunu da söyləmişdir. Xatırladaq ki, Çin BMT Təhlükəsizlik Şurasının üzvüdür.

ÇXR sədri Qarabağ münaqişəsinin daim gücləndirilməsindən ciddi narahat olduğunu bildirmişdir. Tszyan Tszemin demişdir: "Çoxlu insan tələfatına və maddi itkilərə gətirib çıxaran bu münaqişənin davam etdirilməsi hər iki tərəf üçün sərfəli deyildir. Biz ürəkdən arzu edirik ki, Azərbaycan və Ermənistan mübahisəni sülh danışıqları yolu ilə bacardıqca tez bir vaxtda nizama salsınlar".

Öz tərəfindən, Heydər Əliyev Çinin beynəlxalq siyasi və iqtisadi işlərdə böyük rol oynadığını və islahatlar keçirilməsində Çinin təcrübəsinin öyrənilməsinə Azərbaycanın maraq göstərdiyini qeyd etmişdir.

Hər iki ölkənin rəhbərləri belə bir yekdil fikir söyləmişlər ki, dövlətlərarası münasibətlər dinc yanaşı yaşamağın beş prinsipi əsasında qurulmalıdır.

Elə həmin gün Tszyan Tszemin və Heydər Əliyev ÇXR ilə Azərbaycan arasında dostluq münasibətlərinin inkişaf etdirilməsinin əsasları haqqında birgə bəyanat imzalamışlar. İki ölkə arasında hava yolunun açılması haqqında, elmi-texniki və mədəni əməkdaşlıq, təbabət, radio və televiziya, turizm sahəsində qarşılıqlı fəaliyyət haqqında sazişlər də bağlanmışdır.

Martın 8-də Heydər Əliyev ÇXR Dövlət Şurasının baş naziri Li Penlə görüşmüşdür. Görüş zamanı ikitərəfli münasibətlərin müxtəlif cəhətlərinə, habelə Azərbaycanda və bütövlükdə bölgədə vəziyyətlə bağlı məsələlərə toxunulmuşdur.

"Azərbaycan" qəzeti, 10 mart 1994-cü il