Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Bərdə rayonunda seçicilərlə görüşü zamani Rusiya İctimai Televiziyası müxbirinin suallarına cavabı - 8 oktyabr 1998-ci il


Sual: Heydər Əliyeviç, prezident seçkiləri kampaniyası necə keçir?

Cavab:  Demokratik prinsiplərə tam uyğun şəraitdə. İnsanların hamısı iştirak edir. Prezidentliyə altı namizəd var.

Sual: Beş namizəddən hansını özünüzə rəqib sayırsınız?

Cavab:  Onların hamısı rəqibdir.

Sual: Zəhmət olmasa deyin, əgər Siz yenidən seçilsəniz, siyasi, yaxud iqtisadi xəttinizdə nə kimi dəyişikliklər olacaqdır?

Cavab:  Mən artıq beş ildir ki, işləyirəm. Elə bir xüsusi dəyişiklik olmayacaqdır. Biz sadəcə olaraq, indiyədək etdiklərimizi təkmilləşdirəcəyik.

Sual: Məhz həmin xətti davam etdirəcəksiniz?

Cavab:  Bəli, bu xətt özünü doğruldur. Biz demokratik, hüquqi, dünyəvi dövlət qururuq, fəal iqtisadi islahatlar aparırıq, bunlar öz nəticələrini verir. Azərbaycanda makro-iqtisadi, ictimai-siyasi sabitliyə nail olmuşuq, maliyyə sistemimizin sabitliyinə nail olmuşuq, inflyasiyanın qarşısı bütünlüklə alınmışdır. Rusiyadakı maliyyə böhranı, əlbəttə, bizə təsir göstərə bilərdi. Amma biz öz işimizi elə qurmuşuq ki, o, bizə heç bir təsir göstərmədi. İnflyasiya yoxdur, manatın məzənnəsi çox sabitdir. Ona görə də biz bu yolla gedirik, bunu dəyişməyəcəyik.

Sual: Ən mühüm məsələ ərazilər məsələsidir. Siz bunu nə cür həll edəcəksiniz?

Cavab: Bilirsiniz, mən həmişə demişəm ki, biz bu məsələnin sülh yolu ilə həll olunmasına çalışırıq. Danışıqlar aparırıq və bunu davam etdirəcəyik. Hesab edirəm ki, məsələnin sülh yolu ilə həll olunması ən düzgün yoldur.

Sual: Siz müxalifətin fəallaşmasını necə qiymətləndirirsiniz?

Cavab: Təəssüf ki, bizim müxalifət radikaldır, seçkilərdə iştirak etmək istəmədi. Baxmayaraq ki, seçkilərə hələ çox qalmış hamısı bəyan edirdi ki, öz namizədlərini irəli sürəcək, seçkilərdə iştirak edəcək və qalib gələcəklər, bütün səsləri qazanacaqlar və sairə. Amma iş gəlib konkret olaraq seçkilərə çatanda onlar seçkilərə getmədilər. Çünki onlar qorxurlar. Bilirlər ki, əgər seçkilərə getsələr, nəyə qadir olduqlarını, yəni sosial bazalarının nədən ibarət olduğunu bütün dünyaya göstərəcəklər. Bu baza isə çox məhduddur. Buna görə də onlar belə radikal mövqe tutublar, özlərinin lazımsız mitinqləri, qanuna, Konstitusiyaya zidd hərəkətləri ilə respublikada sabitliyi pozmağa çalışırlar.

Məsələn, sabah onlar mitinq keçirmək istəyirlər, qoy keçirsinlər. Ancaq istəyirlər ki, bu, hökmən Azadlıq meydanında olsun. Halbuki, müəyyən edilmişdir ki, Azadlıq meydanı dövlət tədbirlərinin keçirilməli olduğu yerdir. Bakı şəhəri böyükdür, buyursunlar, onlara yer ayrılmışdır. Onlar isə deyirlər, yox, biz oranı istəyirik. Çünki toqquşma, qarşıdurma olmasını istəyirlər, bu yolu seçiblər. Hesab edirəm ki, bu onlara uğur gətirməyəcəkdir.

Sual: Nəhayət, sırf şəxsi xarakterli bir sual: Siz qalib gələcəyinizə əminsinizmi?

Cavab: Əlbəttə ki, əminəm.

Müxbir: Çox sağ olun.

Tarixi arayış