Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Misir İnqilabının 43-cü ildönümü münasibətilə Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin təşkil etdiyi rəsmi qəbulda çıxışı - "Hyatt Recensi-Naxçıvan" oteli, 21 iyul 1995-ci il


Hörmətli cənab səfir!

Hörmətli xanım və cənablar!

Misir inqilabının 43-cü ildönümü münasibətilə mən sizin hamınızı təbrik edirəm və Azərbaycan Respublikası, dövləti, xalqı adından Misir xalqına hörmət və ehtiramımızı bildirirəm.

43 il bundan əvvəl qədim Misir torpağında baş vermiş inqilab Misir ərəb xalqının min illərlə ölçülən tarixində böyük və əlamətdar bir hadisədir. Misir torpağında məhz bu inqilabdan sonra böyük demokratik dəyişikliklər meydana gəlmiş, Misir ərəb xalqı mühüm nailiyyətlər əldə etmişdir. 43 il ərzində Misir Ərəb Respublikasında gedən proseslər dünya ictimaiyyəti tərəfindən çox diqqətlə izlənilmiş və böyük hörmətlə qarşılanmışdır.

Hörmətli cənab səfir xatırlatdı, 1952-ci ildə Misir inqilabı baş verən zaman və ondan sonrakı illərdə bu ölkədə gedən siyasi proseslər dünya ictimaiyyətinin diqqət mərkəzində idi. O cümlədən bu gün mən o dövrü xatirimə salaraq demək istəyirəm ki, bu inqilab, orada gedən proseslər Azərbaycan Respublikasının ictimaiyyətində də çox böyük maraq və hüsn-rəğbət hissi doğurmuşdur.

Misir ərəb xalqı ilə Azərbaycan xalqının tarixi əlaqələrinin çox zəngin ənənələri var. Ona görə də Azərbaycanda Misir Ərəb Respublikasına daim çox böyük maraq olmuşdur. İnqilabdan sonra, xüsusilə 50-ci, 60-cı, 70-ci illərdə Azərbaycan ilə Misir Ərəb Respublikası arasında həm iqtisadi, həm də mədəni əlaqələr geniş olmuş, ölkəmizin bir çox nümayəndələri Misir Ərəb Respublikasında müxtəlif sahələrdə fəaliyyət göstərmişlər. Bunlar hamısı ölkələrimizi, xalqlarımızı bir-birinə daha da yaxınlaşdırmışdır. Misir Ərəb Respublikasının ilk prezidenti mərhum Camal Əbdül Nasirin respublikamıza ziyarəti və Azərbaycan xalqının ona və onun simasında Misir ərəb xalqına böyük hörmət və ehtiram nümayiş etdirməsi şəxsən mənim xatirimdədir.

Azərbaycan Respublikası müstəqillik əldə edəndən sonra Misir Ərəb Respublikası ilə ölkəmiz arasında əlaqələr yüksək səviyyəyə qalxmışdır. Çox məmnuniyyət hissi ilə qeyd edirəm ki, artıq ölkəmizdə Misir Ərəb Respublikasının, eləcə də Misir Ərəb Respublikasında müstəqil Azərbaycanın səfirlikləri fəaliyyət göstərir.

Ermənistanın Azərbaycan Respublikasına hərbi təcavüzü ilə əlaqədar baş vermiş hadisələrin BMT-də, İslam Konfransı Təşkilatında və digər beynəlxalq təşkilatlarda müzakirəsində Misir Ərəb Respublikası daim ədalətli, çox prinsipial mövqe tutmuş, Azərbaycanın ərazi bütövlüyünü, ölkəmizin ədalətli mövqeyini müdafiə etmişdir. Ona görə də biz Misir Ərəb Respublikasına və onun dövlət başçılarına hörmət və ehtiramımızı, minnətdarlığımızı həmişə bildirmişik və bu gün də bildiririk.

Bu məsələlər keçən il mənim Qahirəyə səfərim və ondan sonra Mərakeşdə, Kasablankada İslam Konfransı Təşkilatının toplantısı zamanı Misir Ərəb Respublikasının prezidenti, hörmətli dostumuz cənab Hüsni Mübarəklə keçirdiyimiz görüşlərdə ətraflı müzakirə olundu və çox yaxşı nəticələr verdi. Kasablankada İslam Konfransı Təşkilatının toplantısında Azərbaycanın vəziyyəti haqqında, Ermənistanın Azərbaycana hərbi təcavüzü ilə əlaqədar xüsusi qərar qəbul edildi. Həmin təşkilatın üzvü olan digər ölkələrlə yanaşı, Misir Ərəb Respublikasının prezidenti Hüsni Mübarək və bu dövlətin nümayəndə heyəti də prinsipial mövqedən çıxış edərək həmin qərarın qəbul olunmasına səs verdilər.

Bu bayram günü qeyd etmək istəyirəm ki, son illər Misir Ərəb Respublikası ilə Azərbaycan Respublikası arasında bütün sahələrdə əlaqələr çox müvəffəqiyyətlə inkişaf edir və ümidvar olduğumu bildirirəm ki, həmin əlaqələr hər iki tərəfin istəyi ilə bundan sonra daha da sürətlə inkişaf edəcəkdir.

Biz Misir Ərəb Respublikasını, xalqını Azərbaycan dövləti, xalqı üçün dost, qardaş ölkə hesab edirik və bu dostluq, qardaşlıq əlaqələrini bundan sonra da davam etdirəcəyik. Misir inqilabının 43-cü ildönümü münasibəti ilə mən sizin hamınızı bir daha təbrik edirəm. Misir xalqına səadət, xoşbəxtlik arzu edirəm və Misir ölkəsinə, dövlətinə qarşıda duran vəzifələrin, problemlərin hamısının uğurla həll edilməsi üçün müvəffəqiyyətlər arzulayıram. Təbrik edirəm.

"Azərbaycan" qəzeti, 22 iyun 1995-ci il.