Azərbaycan Prezidenti Heydər Əliyevin Yaponiyanın ölkəmizdə fövqəladə və səlahiyyətli səfirinin etimadnaməsini qəbul edərkən söhbətindən - 15 iyul 2000-ci il


Tetsuya Hirose: Möhtərəm cənab prezident!

Yaponiyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri təyin olunmağım barədə etimadnaməni və keçmiş səfir cənab Takexiro Toqonun geri çağırılması haqqında məktubu Sizə təqdim etməkdən böyük şərəf duyuram.

Fürsətdən istifadə edərək, zati-alilərinizə bildirmək istəyirəm ki, Yaponiya İmperatorluğu ölkələrimiz arasındakı dostluq münasibətlərinin daha da inkişaf etməsini dəstəkləyir.

Ölkələrimiz arasında 1992-ci ilin sentyabr ayında qurulmuş diplomatik münasibətlərlə təməli qoyulan əlaqələrin müsbət istiqamətdə inkişaf edərək son illərdə daha da möhkəmləndirilməsi Yaponiya hökuməti və xalqı üçün sevindirici bir haldır.

Yaponiya hökuməti Azərbaycan Respublikası ilə müstəqil olaraq yaranmış və qarşılıqlı anlaşmaya əsaslanan, möhkəm bünövrə üzərində qurulmuş münasibətlərimizin daha da inkişaf etməsi üçün əlindən gələni edir. Mən müxtəlif sahələrdə əlaqələrimizin daha da möhkəmlənməsi üçün bütün imkanlardan istifadə etməyə çalışacağam.

Zati-alilərinizdən və Azərbaycan Respublikası hökumətindən öz vəzifəmi daha səmərəli şəkildə yerinə yetirmək üçün qayğı və diqqətinizi əsirgəməməyi xahiş edirəm. Diqqətinizə görə təşəkkür edirəm.

Heydər Əliyev: Hörmətli cənab səfir, Yaponiyanın Azərbaycanda yerləşən səfirliyinin açılması və respublikamızda faəliyyət göstərməyiniz üçün sizin səfir təyin olunmağınız ölkələrimiz arasındakı əlaqələrin inkişaf etdirilməsi üçün çox əhəmiyyətli bir vasitədir.

Yaponiya ilə müstəqil Azərbaycan Respublikası arasında 1992-ci ildə yaranmış diplomatik əlaqələr müntəzəm olaraq inkişaf etmiş və bizim əlaqələrimiz son illər daha da yüksəklərə qalxmışdır.

1998-ci ildə mənim Tokioya rəsmi səfərim zamanı Yaponiyanın imperatoru, baş naziri, xarici işlər naziri, iqtisadiyyat naziri ilə, başqa nazirlərlə, işgüzar dairələrin başçıları, nümayəndələri ilə keçirdiyim çoxsaylı görüşlər, apardığım danışıqlar və xüsusən bu ölkənin baş naziri Haşimoto ilə mənim imzaladığım sənəd Yaponiya-Azərbaycan əlaqələrində yeni mərhələ açmışdır. Bu gün məmnuniyyət hissi ilə bəyan edirəm ki, ölkələrimizin əlaqələri sonrakı illərdə də sürətlə inkişaf etmişdir. Yaponiyanın iş adamları, böyük şirkətləri, neft sahəsində fəaliyyət göstərən şirkətləri Azərbaycanda uğurla çalışırlar.

Yaponiya-Azərbaycan əlaqələri bizim üçün çox əhəmiyyətli və vacibdir. Mən bu gün bildirmək istəyirəm ki, biz bu əlaqələrimizdən, xüsusən iqtisadi əlaqələrimizdən çox məmnunuq. Ötən illərdə Yaponiyanın Azərbaycana ayırdığı böyük məbləğdə güzəştli kreditlər ölkəmizdə elektrik energetikası sektorunun və iqtisadiyyatımızın digər sektorlarının inkişaf etdirilməsi üçün bizə göstərilən yardımdır.

Xatirimdədir, mən 1998-ci ildə Tokioda Yaponiyanın baş naziri ilə danışıqlar aparan zaman Yaponiyanın Azərbaycanda daimi səfirliyinin açılması barədə məsələ qaldırdım. Yaponiya hökuməti bu barədə mənimlə eyni fikirdə idi. Onlar mənə dedilər ki, biz bu işi 1999-cu ilin sonunda edəcəyik. Mən istəyirdim ki, bu səfirlik daha tez açılsın. Lakin görünür, Yaponiyanın bu sahədə qəti qanunları vardır. Mən məmnunam ki, Yaponiya hökuməti verdiyi sözü yerinə yetirdi, bu ölkənin Azərbyacanda səfirliyi açıldı, səfir təyin olundu və siz fəaliyyətə başlamısınız.

Şübhə etmirəm ki, bizim əlaqələrimiz bundan sonra daha da genişlənəcək və sürətlə inkişaf edəcəkdir.

Yaponiyanın Azərbaycandakı səfirliyi bu sahədə öz xidmətlərini göstərəcəkdir.

Əmin ola bilərsiniz ki, Azərbaycanın bütün dövlət və hökumət orqanları Yaponiya səfirliyinin Bakıda uğurlu fəaliyyət göstərməsi üçün lazımi yardımları edəcəkdir. Azərbaycan dövləti və hökuməti bu sahədə sizə daim yardımçı olacaqdır.

Bir məsələni də çox məmnuniyyət hissi ilə bildirmək istəyirəm ki, Yaponiyanın ölkəmizdəki səfiri öz etimadnaməsini təqdim edərkən Azərbaycan dilində danışdı. 10-15 il bundan əvvəl biz təsəvvür edə bilməzdik ki, Yaponiyanın hansısa bir vətəndaşı Azərbaycan dilində danışsın.

Doğrudur, 1973-1975-ci illərdə Yaponiyanın "Toşibo" şirkəti Azərbaycanda böyük bir zavodu - Bakı Kondisionerlər zavodunu tikərkən burada təxminən 400-ə qədər yapon mütəxəssisi çalışırdı. Onlar iki il burada bizimlə bərabər işlədilər. Həmin yapon mütəxəssislərinin bir qismi o vaxt Azərbaycan dilini öyrəndilər. Amma o vaxt bu, epizodik bir hadisə idi. Sadəcə, burada işlədiklərinə və Bakıya uyğunlaşdıqlarına görə onların bəziləri Azərbaycan dilini müəyyən qədər mənimsədilər. İndi isə müstəqil bir dövlət kimi Azərbaycan Respublikası Yaponiyanın səfirini qəbul edərkən bu ölkənin səfirinin Azərbaycan dilində danışması çox yüksək qiymətə layiqdir.

Təbiidir ki, bu keyfiyyətiniz, Azərbaycan dilini bilməyiniz sizin Azərbaycanda Yaponiyanın səfiri kimi fəaliyyət göstərməyinizə çox böyük kömək olacaqdır.

Cənab səfir, mən sizi bir daha təbrik edirəm. Ölkəmizdəki işlərinizdə, Yaponiya-Azərbaycan əlaqələrinin inkişaf etdirilməsində sizə uğurlar arzulayıram.

Tetsuya Hirose: Cənab prezident, mayın 16-da Siz Bakıda bizi ziyarət etdiniz, keçmiş baş nazir Obuçinin dünyasını dəyişməsi ilə əlaqədar Azərbaycan dövləti adından başsağlığı verdiniz. Onu da bildirim ki, Siz lütfkarlıq göstərərək, vaxt ayırıb Yaponiyanın ən böyük teleşirkətlərindən birinə müsahibə verdiniz. Diqqətinizə çatdırmaq istəyirəm ki, həmin müsahibə Yaponiyada bir neçə dəfə nümayiş etdirildi və ən azı 15 milyon yaponiyalı Sizin bu müsahibənizi dinlədi, fikirlərinizlə tanış oldu.

Cənab prezident, Obuçinin vəfat etməsi kədərli bir hadisə olsa da, bu hadisə belə bir imkan yaratdı ki, yapon xalqı prezident Heydər Əliyevi bir daha dinlədi və Azərbaycan haqqında ətraflı məlumat aldı. Onu da bildirim ki, yaponiyalılar Azərbaycanın dövlət başçısının səfirliyimizi ziyarət edərək bizə başsağlığı verməsini, hüznümüzə şərik olmasını Yaponiya dövlətinə göstərilmiş çox böyük hörmət kimi qəbul etdilər. Buna görə də mən Sizə səmimi təşəkkür edərək bildirirəm ki, bu, bizə çox böyük şərəf oldu.

Heydər Əliyev: Cənab səfir, sizin bəyan etdiyiniz bu fikirlər məni çox sevindirdi. Mən Yaponiyada rəsmi səfərdə olarkən mərhum Obuçi xarici işlər naziri idi. Mənim onunla ətraflı, geniş və çox mehriban söhbətim, danışığım oldu. Mən o vaxt onu Azərbaycana dəvət etdim. Cənab Obuçi keçən il xarici işlər naziri kimi respublikamıza səfərə gəldi. Ancaq təəssüf ki, həmin vaxt mən ölkədə yox idim, Amerikada müalicə alırdım. Cənab Obuçi Bakıda çox yaxşı görüşlər keçirmişdi.

Bildirmək istəyirəm ki, Yaponiya hökumətinin Azərbaycana böyük məbləğdə güzəştli kredit ayırmasında Yaponiya Xarici İşlər Nazirliyinin, xüsusən nazir Obuçinin çox böyük köməyi olmuşdu. Cənab Obuçi Bakıdan qayıdandan sonra Yaponiyanın baş naziri oldu.

Mən keçmiş baş nazir cənab Haşimoto ilə keçirdiyim görüşləri, apardığım danışıqları böyük məmnuniyyətlə xatırlayıram. Sizə məlumdur ki, Haşimoto da, Obuçi də eyni partiyaya mənsub olan adamlar idi.

Mən cənab Obuçinin vəfatını çox böyük kədər hissi ilə qarşıladım və Yaponiyanın Bakıdakı səfirliyinə gəlib onun xatirəsini yad etməyi özümə borc bildim. Mən şübhə etmirəm ki, yeni seçilmiş baş nazir cənab Mori də bu siyasəti davam etdirəcək və ölkələrimizin əlaqələri daha da inkişaf edəcəkdir.

Mən bir daha bildirmək istəyirəm ki, biz Yaponiyanın Azərbaycana olan həm böyük marağını, həm də səmimi münasibətini hiss edirik və onu qiymətləndiririk.

Bilirsiniz ki, bir müddət bundan əvvəl Azərbaycan Asiya Bankına daxil olubdur, onun üzvüdür. Məlumdur ki, Asiya Bankında Yaponiya böyük mövqe tutur. Ona görə də bundan sonra Yaponiya ilə həm birbaşa, həm də Asiya Bankı vasitəsilə əməkdaşlığımızı genişləndirəcəyik ki, biz Azərbaycanda bazar iqtisadiyyatının daha da inkişaf etdirilməsi üçün hər iki mənbədən köməklər ala bilək.

Cənab səfir, xahiş edirəm, mənim bu fikirlərimi və arzularımı baş nazir cənab Moriyə çatdırasınız. Mən yüksək vəzifəsində ona böyük uğurlar arzulayıram.

"Azərbaycan" qəzeti, 16 iyul 2000-ci il.

Oçerklər

Ümumi tarixi arayış

Tarixi arayış