Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin ATƏT-in Minsk qrupunun Amerika Birləşmiş Ştatlarından olan həmsədri Keri Kavano ilə görüşdə söhbəti - Prezident sarayı, 5 may 2001-ci il


Heydər Əliyev: Hörmətli cənab Kavano, mən sizi Azərbaycanda yenidən görməkdən çox məmnunam. Sizinlə bizim aramızda, yəni Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında çox yaxşı dostluq münasibətləri yaranıbdır. Amma bu məsələlərin həllində siz bilavasitə Amerika Birləşmiş Ştatlarını təmsil edirsiniz. Ona görə də bizim şəxsi əlaqələrimizin də böyük əhəmiyyəti var.

Ki-Uest danışıqlarından az bir zaman keçibdir. Siz bizə gözəl yerlər göstərdiniz. Eyni zamanda öz vətəninizi göstərdiniz. Mən bundan çox məmnunam. Çünki başqa bir vaxt belə yerləri görmək mümkün olmazdı. Hesab edirəm ki, doğrudan da biz çox gərgin, eyni zamanda səmərəli iş gördük. Ondan sonra prezident cənab Corc Buş ilə də görüşümüz çox böyük əhəmiyyət kəsb etdi. Ancaq o məsələni ki, biz sizinlə həll etmək istəyirik, bu, həddindən artıq mürəkkəb bir məsələdir. Ona görə bir dəfə, üç dəfə, beş dəfə, on dəfə müzakirə etməklə bu məsələni həll etmək çox çətindir.

Mən məmnunam ki, siz indi Bakıya gəlmisiniz. Bilirəm, sizin Avropada proqramınız çox böyükdür. Ancaq çox vacibdir ki, biz Ki-Uest danışıqlarının davamını müəyyən qədər apara bilək. Mən sizi bir də salamlayıram.

Mənə dedilər, gecə yol gəlmisiniz. Amma görünür ki, 12 saat yatmış adamsınız. Yəqin təyyarədə yaxşı yata bilmisiniz.

Keri Kavano: Cənab Prezident, bu xoş qəbulunuza görə Sizə təşəkkürümü bildirirəm. Mənim belə gümrah olmağım, görünür, Azərbaycana gələrkən burada qarşılaşdığım xoş münasibətdən doğur.

Sizin mənim vətənimə, ölkəmə, doğulduğum yerə gəlməyinizi çox məmnunluqla qarşıladım. Çox məmnun oldum ki, biz Floridada irəliyə doğru böyük tərəqqi əldə etdik. Hesab edirəm ki, oranın isti havası da bu işə yardımçı oldu.

Heydər Əliyev: Bəli.

Keri Kavano: Görünür, dəniz kənarında yerləşən şəhərlərin özünəməxsus xüsusiyyəti var. O şəhərlərdə daha çox iş görmək, səmərəli işləmək mümkün olur.

Heydər Əliyev: O cümlədən Azərbaycanda, Bakıda.

Keri Kavano: Çünki pəncərədən dənizə baxarkən orada üfüqü görürsən. Lakin üfüqün arxasında da hələ çox şeylərin olduğunu dərk edirsən, anlayırsan. Bu, adamı ona sövq edir ki, fikirləri daha çox gələcəyə yönəltsin.

İcazənizlə, Ki-Uest danışıqlarından sonra baş vermiş hadisələr barədə məlumat vermək istərdim. Baxmayaraq ki, bu danışıqlardan cəmi bir neçə həftə keçibdir, amma hadisələr barədə Sizi məlumatlandırmaq istəyirəm.

Heydər Əliyev: Sizə deyim ki, mən Ki-Uestdə dənizə daha çox baxırdım. Mənim burada pəncərələrim dənizə baxır, amma bu iş otağımda oturarkən dənizə bir dəfə də baxa bilmirəm.

Güman edirəm ki, indi biz sizinlə Ki-Uestdən sonra görülən işlər haqqında ətraflı fikir mübadiləsi aparmalıyıq. Ona görə də mən mətbuat nümayəndələrinə təşəkkür edirəm.