"Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin "Şahdəniz" yatağından əldə olunacaq təbii qazın Türkiyəyə nəqlinə dair Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimində bəyanatı" (Ankara, 12 mart 2001-ci il) sənədinə tarixi arayış


12-17 mart 2001-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Türkiyədə növbəti rəsmi səfərdə olub. Səfərin birinci günü Ankarada, Çankaya köşkündə Azərbaycan Prezidenti Heydər Əliyev və Türkiyə Prezidenti Əhməd Necdət Sezər "Türkiyə Respublikası ilə Azərbaycan Respublikası arasında Azərbaycan təbii qazınınTürkiyə Respublikasına tədarük edilməsi haqqında sazış" adlanan sənəd imzalayıblar. Həmin sənəd həmçinin Türkiyənin enerji və təbii ehtiyatlar naziri Cümhur Ərsümər və Azərbaycan Baş nazirinin birinci müavini Abid Şərifov tərəfindən də imzalanıb. Bu sənədlə yanaşı təbii qazın alqı-satqısı haqqında müqavilə də imzalanıb. Müqaviləni Türkiyə tərəfdən BOTAŞ şirkətinin Baş Direktoru Gökhan Yardım, Azərbaycan tərəfdən isə ARDNŞ-nin prezidenti Natiq Əliyev imzalayıb.

Sənədlərin imzalanma mərasimi başa çatdıqdan sonra hər iki ölkənin dövlət başçıları bəyanatla çıxış edib. Azərbaycan Prezidenti Heydər Əliyev imzalanan sazişin təbii qazın ixracını təmin etmək məqsədilə gələcəkdə iri boru kəmərinə də ehtiyac yaradacağını bildirib. İki qardaş ölkə arasında bu cür infrastruktur əlaqələrin mövcudluğunu isə o, strateji cəhətdən əhəmiyyətli hadisə kimi qiymətləndirib. Öz növbəsində Türkiyə prezidenti sazişə münasibət bildirərək sazişi Şərq-Qərb enerji dəhlizinin genişləndirilməsi istiqamətində növbəti mərhələnin başlanğıcı kimi xarakterizə edib.

Qeyd edək ki, müqavilənin imzalanması Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz yatağındakı zəngin ehtiyatların iqtisadi dövriyyəyə cəlb edilməsini nəzərdə tutan hasilatın pay bölgüsü sazişindən irəli gəlir. "Şahdəniz" yatağının birgə işlənməsini nəzərdə tutan hasilatın pay bölgüsü sazişi Bakıda 1996-cı ilin iyunun 4-də Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) ilə Böyük Britaniyanın "BP", Norveçin "Statoyl", Türkiyənin "TPAO", Fransanın "Elf Akiten", Rusiyanın "Lukoil" və İranın "OİEK" şirkətinin bağlamış olduqları müqavilədən yarandı. (Heydər Əliyev. Müstəqilliyimiz əbədidir. Bakı, "Azərnəşr", VI cild, səh. 412).

"Şahdəniz" Xəzərin Azərbaycan sektorunda yerləşən, əsasən qaz kondensatı ehtiyatları ilə zəngin ən böyük yataqdır. Geoloqların ilkin məlumatlarına əsasən yataq 400 milyard kubmetr təbii qaz, 200 milyon ton qaz-kondensat və 100 milyon ton neft ehtiyatlarına malik olduğu göstərilirdi. Lakin sonrakı kəşfiyyat-axtarış işləri yataqda qaz ehtiyatının 1 trilyon 200 milyard kubmetr olduğunu müəyyənləşdirdi. (http://www.president.az/)

Müqavilənin imzalanmasından üç il sonra ‎12 iyul 1999-cu ildə Azərbaycan Prezidenti Heydər Əliyevin təşəbbüsü ilə ‎‎"Şahdəniz" yatağı üzrə üç il ərzində görülən ilkin işlərin təqdimat mərasimi olub. ‎İlkin nəticələrin təhlili ‎sayəsində məlum olub ki, genişmiqyaslı hasilat prosesi ‎zamanı yataqdan ildə 16-20 milyard ‎kubmetr qaz çıxarılacaq. Bu isə həmin qazın ‎satışı üçün xarici bazarların axtarılması və qaz boru ‎kəməri marşrutunun seçilməsini aktuallaşdırıb. ‎Sonrakı müzakirələr nəticəsində həm satış bazarı, həm də tranzit ölkə kimi Türkiyə ‎və Gürcüstan respublikaları bu baxımdan əlverişli hesab ‎edilib. Beləliklə həmin ökələrin rəsmiləri ilə Azərbaycan qazının nəqlini təşkil edəcək Bakı-‎Tbilisi-Ərzurum ‎marşrutunun çəkilməsi üçün danışıqlara başlanılıb. Bu barədə razılıq 29 sentyabr 2001-ci ildə əldə olunub. Həmin gün ‎Bakıda "Cənubi Qafqaz Boru Kəmər ‎Sistemi vasitəsilə təbii qazın Azərbaycan ‎Respublikası və Gürcüstan Respublikası ərazilərində ‎və onların hüdudlarından ‎kənarda tranziti, nəqli və satışı haqqında" Azərbaycan Respublikası ilə ‎Gürcüstan ‎Respublikası arasında saziş imzalanıb. ‎Bu sənəd Bakı-Tbilisi-Ərzurum (BTƏ) qaz kəmərinin tikintisi üçün lazımi hüquqi bazanı yaradıb və 16 oktyabr 2004-cü ildə uzunluğu 980 kilometr, layihə dəyəri 900 milyon ABŞ dolları, illik ötürmə imkanı 20 milyard kubmetr olan Bakı - Tbilisi - Ərzurum qaz kəmərinin tikintisinə start verilib.(http://www.bp.com/)

2007-ci ilin əvvəllərində istifadəyə verilən BTƏ ilə ilk Azərbaycan qazı müqaviləyə əsasən Gürcüstan və Türkiyə respublikalarına satılıb. (http://www.trend.az/) Azərbaycan hökuməti qazın satışında Gürcüstan və Türkiyədən başqa alternativ bazarların axtarılmasını da özünə prioritet seçib. "Şahdəniz" qazının əsas alıcısı kimi ilk olaraq Yunanıstan Azərbaycan hökuməti ilə danışıqlara başlayıb. Azərbaycan qazının Türkiyə ərazisindən keçməklə Yunanıstana ötürülməsi üçün bütün infrastruktur 2007-ci ilin sonlarında hazır vəziyyətə çatdırılıb. 18 noyabr 2007-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Respublikasına işgüzar səfərə gedərək Türkiyə-Yunanıstan qaz kəmərinin açılışında iştirak edib. Beləliklə Türkiyə və Yunanıstan qaz kəmər sistemlərinin birləşməsi ilə BTƏ qaz kəməri ilə nəql edilən Azərbaycan qazının bir hissəsinin Yunanıstana satılmasına başlanılıb. Türkiyənin Ədirnə şəhərinin ərazisində, Yunanıstanla sərhəddə yerləşən İpşala sərhəd-keçid məntəqəsində təşkil edilmiş bu tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan, Yunanıstanın Baş naziri Konstantinos Karamanlis, Türkiyənin energetika və təbii ehtiyatlar naziri Hilmi Gülər və ABŞ-ın energetika naziri Samuel Bodman və digər rəsmi şəxslər iştirak edib. (http://www.president.az/) Mərasimdə çıxış edən İlham Əliyev deyib: " Mən bugünkü hadisəyə bu geniş prizmadan yanaşıram. Əminəm ki, bu gün burada, Türkiyə-Yunanıstan sərhədində yaranan yeni əməkdaşlıq formatı daha da genişlənəcəkdir. Bu formata yeni ölkələr daxil olacaqdır. Əməkdaşlığın yeni formaları üzə çıxacaqdır. Beləliklə, həm Xəzər dənizi, Qafqaz, Türkiyə, Avropada - bu bölgədə əməkdaşlıq, təhlükəsizlik daha da güclənəcək və xalqlar bir-birinə daha da sıx bağlı olacaq və həm də bu layihələrdə iştirak edən bütün xalqlar bundan faydalanacaqlar".

Tarixi arayış 24 dekabr 2007-ci ildə yeniləşdirilib.