Azərbaycan Prezidenti Heydər Əliyevin Orucluq bayramı günü Şüvəlanda Mirmöhsün ağanın qəbrini ziyarət edərkən jurnalistin sualına cavabı - 14 mart 1994-cü il


Sual: Bu bayram günündə siz ürəyinizdə hansi niyyəti yaşadırsınız?

 

Cavab: İndi hər bir azərbaycanlının qəlbində bir niyyət var və bu amalla da müqəddəslərimizə üz tuturuq. Torpaqlarımızı erməni qəsbkarlarından azad etmək, ərazi bütövlüyümüzü və sərhədlərimizin toxunulmazlığını təmin etmək, respublikamızın tam müstəqilliyinə nail olmaq hamımızın ən ülvi istəyidir. Bu niyyətlə də müqəddəs Orucluq bayramında inanc yerlərimizi ziyarət edirik. Haqq işimizdə Allah köməyimiz olsun!

Bir vaxtlar niyyətim o olub ki, Azərbaycan Respublikası müstəqil dövlət olsun, xalqımız azadlığa çıxsın, istiqlal əldə edilsin. Allaha şükürlər olsun ki, biz artıq bu günlərə gəlib çıxmışıq. Respublikamız müstəqil dövlətdir, dünya tərəfindən tanınır. Xalqımız azaddır, özü öz taleyinin sahibidir, bundan sonra da azad olacaqdır. Mənə elə gəlir ki, bütün bunlar Vətənini, xalqını sevən hər bir vətənpərvər azərbaycanlının niyyəti olub. Uzun illər dövlət işləri ilə və siyasi fəaliyyətlə məşğul olduğum üçün bu fikirlər bəlkə də mənə daha doğma, daha əziz olub. Niyyətimizə çatmışıq.

 

Ziyarətgaha toplaşanlar qarşısında çıxışı

 

Əziz həmvətənlər, bu gün müsəlmanlar üçün xoşbəxt bir gündür, bayram günüdür. Ramazan ayı başa çatıb. Müsəlmanlar Allahın, Məhəmməd peyğəmbərin yolu ilə gedərək oruc tutublar. Bu bir ay müddətində dini ənənələrə görə hər bir müsəlman mənəviyyatca daha da paklaşır, təmizləşir, eyni zamanda öz torpağına, öz Vətəninə, öz xalqına, dininə daha da sədaqətlə xidmət edir, saf niyyətlə yaşayaraq ibadət edir, oruc saxlayır. Bir ay başa çatıb. İndi bunu bayram edirik. Bu bayram hər bir müsəlmanın, adət-ənənələrimizə riayət edən hər bir şəxsin qəlbində olan bayramdır.

Güman edirəm ki, bu bayram gələcək günlərdə xalqımıza xoşbəxtlik gətirəcəkdir. Hər halda, niyyətimiz həmişə saf olub. Biz xalqımızı həmişə saflığa, paklığa dəvət etmişik, ona görə Allah da bizə yar olacaq. Cənab Məhəmməd peyğəmbərin qoyduğu yol həmişə bizim üçün işıqlı olacaq və biz bütün bu qaranlıqlardan, çətinliklərdən çıxacağıq.

Burada çox arzular eşitdim ki, müharibə qurtarsın, əmin-amanlıq olsun. Bizim ən böyük arzumuz bundan ibarətdir. Müharibəni biz başlamamışıq. Torpağımıza yağılar tərəfindən təcavüz olub. Bu müharibə torpaqlarımız azad olunanadək gedəcək. Çünki hər bir insan üçün torpaq, Vətən ülvidir, hər bir şeydən ucadır, üstündür. Yaşayırıq ona görə ki, torpağımıza, dinimizə, milli ənənələrimizə sadiq olaq. Bu yolda hamımız bir olmalıyıq, hamımız da bir olacağıq. Şəhidlər vermişik, Allahın əmri ilə onların hamısı cənnətdədir. O şəhidlərin hamısı xalqımızın qəlbindədir. Onları heç vaxt unutmayacağıq. Bugünkü arzumuz müharibəni qurtarmaq, xalqımızı əminamanlığa çıxarmaq, xoşbəxt gələcəyə aparmaqdır. Əmin ola bilərsiniz ki, bir prezident kimi mən bu yolla gedirəm və bu yolla gedəcəyəm. Bu müqəddəs bayramı sizinlə bir yerdə keçirməyimdən çox məmnunam. Bu müqəddəs amallar bizim hamımızı xoşbəxt gələcəyə aparacaqdır.

(Yerdən səslər: "Allah-təala sizi bizə çox görməsin. Bu müqəddəs gün sizi hifz eyləsin".)