Azərbaycan Respublikasının PrezidenHeydər Əliyevin Rusiyanın Yanacaq və Energetika Naziri Viktor Kalyujnı ilə görüşdə söhbətindən - Prezident sarayı, 21 sentyabr 1999-cu il


Heydər Əliyev:  Hörmətli cənab nazir, hörmətli Viktor İvanoviç, hörmətli səfir, hörmətli Vahid Yusifoviç, mən sizi bir daha salamlayıram. Azərbaycana gəlməyinizdən və "Əsrin müqaviləsi"nin imzalanmasının beşinci ildönümünə həsr olunmuş təntənəli mərasimlərlə yaxından iştirak etməyinizdən məmnunluq duyduğumu bildirirəm.

Əslinə qalsa, bu, təbii haldır, çünki "Əsrin müqaviləsi"ni biz birlikdə imzalamışıq. Yəni Rusiyanın "LUKoyl" şirkəti müqavilənin hazırlanmasında və imzalanmasında çox mühüm yer tutur, müqavilədə böyük paya malikdir.

Üstəlik, xatırlamaq istəyirəm ki, hələ 1993-cü ilin oktyabrında biz danışıqlar apardıq və Xəzər dənizinin Azərbaycan sektorundakı təbii neft-qaz ehtiyatlarından birgə istifadə edilməsi haqqında Rusiya Federasiyasının hökuməti ilə Azərbaycan arasında saziş imzaladıq. Bu sənəd mövcuddur.

Belə ki, bu, həmin məsələ ilə əlaqədar imzaladığımız ilk sənəd idi, ondan sonra "Əsrin müqaviləsi"nin hazırlanmasına doğru irəlilədik. Bununla belə, mən minnətdaram ki, siz buraya gəlmisiniz. Viktor İvanoviç, səmimi sözlərinizə görə, təbriklərinizə görə, arzularınıza görə sizə təşəkkür edirəm. Zənnimcə, bu, bir daha və bir daha onu göstərir ki, biz yaxşı əməkdaşlıq edirik və bütün sahələrdə, xüsusən neft sənayesi sahəsində yaxşı əməkdaşlıq edəcəyik.

Mən dünən öz çıxışımda dedim ki, bütün bunların kökləri uzaq keçmişə gedib çıxır. Azərbaycanda neft sənayesini biz ötən əsrin axırları - bu əsrin əvvəllərində, xüsusən 1920-ci ildən başlayaraq birlikdə təşkil etmişik. Azərbaycan nefti bütün Sovetlər İttifaqına xidmət edirdi. Azərbaycan neftçiləri Sovetlər İttifaqının başqa regionlarında, əsasən Rusiyada yeni-yeni yataqların kəşfində çox böyük rol oynamışlar. "İkinci Bakı", "Üçüncü Bakı", "Dördüncü Bakı" və nəhayət, Tümen, Sibir - bizə məlum olduğu kimi, indi Rusiyanın özünə neft və qaz əsasən oradan gəlir. Bu yataqların kəşfində, işlənilməsində Azərbaycan neftçiləri, alimləri, geoloqları böyük rol oynamışlar.

Yeri gəlmişkən, biz məmnunluqla qeyd edirik ki, о vaxtdan bəri onlar Tümen vilayətinin, Sibirin daimi sakinləri olmuşlar.

Rusiya Federasiyasının vətəndaşları kimi orada yaşayır, çalışır və Rusiya üçün - vətəndaşları olduqları ölkə üçün neft hasilatının sürətini artırmaqla məşğuldurlar. Ona görə bütün bunlar əməkdaşlığımızı şərtləndirir, bütün bunlar məhz onu şərtləndirir ki, biz "Əsrin müqaviləsi"ni də birlikdə imzaladıq və onun beşinci ildönümünü dünən sizinlə birlikdə layiqincə qeyd etdik.

Sizə bir daha təşəkkür edirəm.

Viktor Kalyujnı:  Heydər Əliyeviç, Bakıda bir daha olmaq imkanı verən dəvətinizə görə minnətdarlığımı bildirmək istərdim. Sözün düzü, mən ona şadam ki, siz yenə vəzifə başındasınız. Biz buraya gələndə maraqlanıb soruşduq - deyin görək, Heydər Əliyeviç necədir? Bizə cavab verdilər ki, elə həmin əvvəlki rejimdə işləyir. Belə düşünürəm ki, bu, sabitlik əlamətidir, bunların hamısı çox yaxşıdır. Odur ki, söhbətimizin lap əvvəlində sizə cansağlığı arzulamaq istərdim.

Zənnimcə, bu gün Azərbaycanda sizin təsirinizlə, Azərbaycanın neft hasilatında iştirakınızla görülən bütün işlər, təbii olaraq, bizim üçün vacibdir, çünki Azərbaycan bizim əsas tərəfdaşlarımızdan biri olub, biridir və biri olaraq qalacaqdır. Нəг şey buradan başlamışdır, bu gün burada da davam edir. Biz istərdik ki, qarşılıqlı münasibətlərimiz davam etsin.

Azərbaycanda olmaq mənim üçün ikiqat xoşdur. Bu, onunla bağlıdır ki, mənim əsil-nəcəbim də Azərbaycanla bağlıdır. Mənim babam da, nənəm də burada dəfn edilmişlər, valideynlərim burada yaşamışlar, bacım 1938-ci ildə burada doğulmuşdur. Yəni bütün bunlar burada baş vermişdir, biz Stepan Razin qəsəbəsində, Neftçalada yaşamışıq. Müharibə başlandıqdan, İkinci Bakı kəşf edildikdən sonra atam bir neftçi kimi oraya getdi və mən Uralda doğuldum. Amma tarixi köklər həmişə çəkir. Burada olmaq xoşdur. İnsanın xisləti elədir ki, o, bu məsələyə həmişə xüsusi hisslərlə və həyəcanla yanaşır. Buna görə də respublikanıza mənim münasibətim sırf tarixi münasibətdir və qohumluq münasibətidir. Buraya gəlib-getmək mənə həmişə xoşdur.

Təbii ki, qarşılıqlı münasibətlərimizin davam etdiyini nəzərə alaraq, istərdim ki, bu münasibətlər möhkəmlənsin. Çox heyf ki, bu gün Azərbaycanda Rusiyanı yalnız "LUKoyl" şirkəti fəal təmsil edir. Biz istərdik ki, sizin tərəfinizdən və Dövlət Neft Şirkəti tərəfindən olan çox böyük dəstək davam etsin. Buna görə bir daha minnətdarlığımı bildirmək istərdim. Düşünürəm ki, şirkət öz biznesini bundan sonra da layiqincə genişləndirəcəkdir, belə ki, bu gün onu artıq dayandırmaq mümkün deyildir. Mən istərdim ki, bu biznes sadəcə, daha da artsın.

Bununla birlikdə, gələcək inkişaf barəsində və ən əvvəl bizim şimal marşrutunun, - bu marşrut haqqında çox danışılmışdır, - möhkəmləndirilməsi barədə mövqelərimizi bir peşəkar kimi necə təsəvvür etdiyimizə dair bir sıra mülahizələri bildirmək istərdim. Təəssüf ki, hansısa bir mərhələdə bir sıra mənfi məqamlar baş verdi. Çeçenistan bölgəsində siyasi işlərlə bağlı olan bu məqamlar sabit münasibətlərimizə əngəl törətdi. Demək istərdim ki, belə bir vəziyyətin düzəldilməsi üçün əsaslı qərar qəbul edilmişdir. Kənardan keçən boru kəməri çəkilməsi haqqında qərar qəbul olunmuşdur. Zənnimcə, biz bu işi 6-8 ay ərzində görəcəyik. Bu isə bizim hökumətlərarası sazişlər çərçivəsində əvvəlki razılaşmalara uyğun olaraq şimal marşrutu ilə ildə 12 milyon ton nefti sabit rejimdə buraxmağa imkan verəcəkdir.

İndi biz Novorossiysk terminalının gücünü 42 milyon tondan 52 milyon tonadək, yəni 10 milyon ton artırırıq, Baltik boru kəməri sistemi yaradırıq. Yəni bu, sabit işləməyə imkan verir. Bu, bizim vəzifəmizdir və hökumətin adından sizi rəsmən əmin edirəm ki, biz şimal marşrutunu bərpa edəcəyik. Cari işlərə gəldikdə, 1999-cu il və sonrakı il üçün 2 milyon ton həcmində olan razılaşma çərçivəsində işləri yubatmırıq və davam etdiririk. Düşünürəm ki, bir daha belə fasilələr olmayacaqdır. Bizim vəzifəmiz işin sürətini artırmaqdır.

Onu da demək istərdim ki, Azərbaycanda hasilatın artdığını nəzərə alaraq, burada çıxarılan nefti sizin zavodlarda emal etmək yolu ilə, - zənnimizcə, bu, tamamilə realdır, - neft məhsulları bazarının sərhədini Stavropola, Şimali Qafqaza qədər genişləndirə bilərdik. Çünki bu gün bizim həmin rayonda yanacaq çatışmır. Biz ümumi razılaşmalar, hökumətlərarası komissiya çərçivəsində Dövlət Neft Şirkəti üçün biznes sahəsinin genişləndirilməsinə imkan verməyə hazırıq. Мənə elə gəlir ki, bu komissiya hansısa bir mərhələdə öz işini dayandırmışdır, lakin zənnimcə, biz onu bərpa edəcəyik. Bu, bizim üçün maraqlıdır, neft məhsullarının Rusiya ərazisinə ixracı baxımından Azərbaycan üçün əlavə gəlir deməkdir. Мən istərdim ki, bu maraq Azərbaycan Dövlət Neft Şirkətinin biznesinə çevrilsin.

О ki qaldı şimal marşrutu və Xəzərdə biznesin genişləndirilməsi ilə bağlı əsas mövzuya, indi biz əlavə neft şirkətləri cəlb etmək məsələsini nəzərdən keçiririk: elə şirkətləri ki, onlara görə xəcalət çəkməyək, baxmayaraq ki, bir sıra şirkətlər buraya sərmayə qoymaq perspektivlərini doğrultmadı və Xəzər məsələsi ilə fəal məşğul olmağı davam etdirmədilər.

Biz bu məsələni Dövlət Neft Şirkəti ilə müzakirə etdik və düşünürəm ki, bu işlə iştirak edə biləcək daha bir sıra şirkətləri nəzərdən keçirmək üçün həmin məsələyə qayıdacağıq. Bizim ümumi bir məsələmiz var - bu, Xəzərlə bağlı olan problemdir. Bu gün biz onu Baş nazirlə müzakirə etdik. Düşünürəm ki, burada bu problemin həllini irəlilətmək üçün ümumi razılaşmaların variantları var. Məncə, burada işimizi sadəcə olaraq gücləndirmək lazımdır. Ümumi razılaşmaların, məsələn, Qazaxıstanla razılaşmanın ilkin şərtləri var. Biz Azərbaycanla danışıqlar aparırıq. Düşünürəm ki, danışıqları sadəcə olaraq davam etdirmək və bu problemi birdəfəlik və həmişəlik həll etmək lazımdır. Başlıcası, bu işi gücləndirməkdir. Dediklərimin hamısı iqtisadi qarşılıqlı münasibətlərimiz baxımından hazırda Yanacaq və Energetika Nazirliyi, hökumət çərçivəsində həll edilməkdə olan məqsəd və vəzifələrə aiddir. Bununla yanaşı, demək istərdim ki, indi Şimali Qafqazda yaranmış vəziyyət bizdə xüsusi təşviş doğurur. Moskvada, Volqodonskda baş vermiş hadisələrə bəşəriyyət, əlbəttə, biganə qala bilməz. Biz bu işə öz münasibətimizi bildirməliyik. Sizi xüsusən Şimali Qafqazda ən nüfuzlu adamlardan biri kimi tanıdığıma görə, Heydər Əliyeviç Əliyevin sözünün nə demək olduğumu bildiyimə görə, yekdil rəу çərçivəsində və ən fəal şəkildə inkişaf etməyə başlayan terrorçu qüvvələrin dəf edilməsi çərçivəsində bu gün çox zəruri olan ümumi mövqe, ümumi dəstək barəsində sizin mövqeyiniz bizim üçün çox vacibdir.

Öz mövqeyinizi mənə iki kəlmə ilə bildirdiyiniz dünənki söhbətdən sonra səfirdən tələb etdim ki, o, Azərbaycan tərəfinin indiyədək ifadə etdiyi bütün fikirləri mənə göstərsin. Deməliyəm ki, mən bu fikirləri diqqətlə oxudum. Sizin mövqeyinizə bələd olduğuma görə istərdim ki, yaxşı mənada, daha açıq, sərt fikirlər qəzet oxuyub-oxumamasından asılı olmayaraq hər bir insanın qəlbinə yol tapsın, bu məsələdə Heydər Əliyeviçin mövqeyi sərt olsun, çünki sizin rəyinizin və nüfuzunuzun nə demək olduğunu bilirəm. Rusiyada biz hamımız istərik ki, Şimali Qafqazda bu bəla genişlənməsin, əksinə, məhdudlaşdırılsın və qurtarsın.

Bəli, hazırda müəyyən məqamlar var və biz bu gün Baş nazirin yanında bu mövzuda danışdıq. Ancaq mən demək istərdim ki, bəla gələndə, - terrorizm isə yəqin ki, ümumi bəladır, - birləşmək və bu vəziyyəti aradan qaldırmaq lazımdır.

Çeçenistan tərəfinin buradakı nümayəndəliyindəkilərin bu gün oxuduğum fikirlərini əlbəttə ki, normal hesab etmək çətindir. Bu, Çeçenistan tərəfinə başucalığı gətirmir. Lakin əlbəttə ki, sırf ekstremist, anlaşılmaz və rəxnə salan və ya buna yönəldilən fikirlər heç bir halda bizim qarşılıqlı münasibətlərimizə nüfuz etməməlidir.

Biz həmişə normal şəraitdə yaşamışıq, bir-birimizi başa düşmüşük. İndi Dağıstanda hansısa milli azadlıq müharibəsinin aparılması barədə fikirləri oxuyarkən heç bir anlaşma ola bilməz. Belə bir müşahidə Dağıstanda, sadəcə, mümkün deyildir. Lakin təəssüf ki, mən oxudum və söyləyə bilərəm ki, müşavir deyəndə ki, Dağıstanda azadlıq müharibəsi gedir və hətta Yermolovu xatırlamışlar, zənnimcə, bu, sadəcə, qeyri-ciddidir. Sizin aparat tərəfindən təkzib verilsə də, bir daha təkrar edir və Azərbaycan torpağı ilə bağlı olan adam kimi şəxsən öz adımdan xahiş edirəm, bu terrorizmə qarşı birləşmənin baş verməsi üçün bu gün sizin fikriniz, sözsüz, faydalıdır, sözsüz, zəruridir. Gecə yatan yüzdən çox insan evin uçuqları altında həlak olarkən, bu barədə nəyi isə izah etmək və nəsə demək çətindir.

Sizə demək istədiklərim bunlardır. Mənə ayırdığınız vaxta görə, fikirlərimizi söyləməyə imkan verdiyinizə görə sizə bir daha təşəkkür edirəm. Burada işləyən neft şirkətlərimizə göstərdiyiniz dəstəyə görə Yanacaq və Energetika Nazirliyi adından və təbii ki, hökumət adından minnətdaram. Sağ olun.

Heydər Əliyev:  Viktor İvanoviç, sizə təşəkkür edirəm. İlk növbədə mənim səhhətimlə bağlı xoş sözlərə görə sizə təşəkkürümü bildirirəm. Xoşbəxtliyimdən, hesab edirəm ki, xalqımın da xoşbəxtliyindən, sağlamlığım keçirdiyim əməliyyatdan sonra çox tez bərра olundu, artıq çoxdan işə başlamışam və zənnimcə, hələ bir çox illər öz xalqıma fayda verəcəуəm. Ailəniz, Azərbaycanla, Azərbaycanın neft sənayesi ilə bağlılığımız haqqında söylədikləriniz məni sevindirdi. Mən bunu bilmirdim. Bilmirdim ki, siz əslən Azərbaycandansınız, atanız burada neft sənayesində işləyib və "İkinci Bakı"nın mənimsənilməsi üçün bir çox başqa neftçilərlə birlikdə Rusiyaya köçüb getmisiniz. Bəli, belə də olmuşdur. Yeri gəlmişkən, həmyerlimiz Nikolay Konstantinoviç Baybakov bu barədə tez-tez danışır. Belə ki, о da Bakıda doğulmuş, burada böyümüşdür. Onun valideynləri, qohumları burada dəfn olunmuşlar. O, hələ cavan yaşlarında burada, Sabunçuda, о zaman "Leninneft" adlanan böyük bir neft mədənləri idarəsinin rəisi səviyyəsinə yüksəlmişdi. İxtisaslı mütəxəssis kimi oradan Sovetlər İttifaqının yeni yataqlarının mənimsənilməsinə, Rusiyaya, "İkinci Bakı"ya göndərilmişdi. Ona görə də eşitməyimə şadam ki, sizin atanız da Azərbaycanın neft sənayesinin inkişafında iştirak etmiş və sonra azərbaycanlı kimi Rusiyaya, neft sənayesini daha da inkişaf etdirməyə getmişdir. Bunu eşitmək çox xoş idi.

Əməkdaşlığımıza gəldikdə isə, siz bilirsiniz ki, Azərbaycan hamı üçün açıqdır. Bilmirəm, siz özünüzdə "LUKoyl"u başqa şirkətlərlə müqayisədə necə qiymətləndirirsiniz. "LUKoyl"u biz dəvət etməmişik, o, buraya özü gəlibdir. Əgər neft şirkətləri olarsa və müsabiqədə başqalarına nisbətən daha yaxşı şərtlər təklif edərlərsə, onda biz bunu etməyə həmişə hazırıq. Yeri gəlmişkən, biz "LUKoyl"a heç vaxt heç bir güzəşt getməmişik, ona heç vaxt heç bir imtiyaz yaratmamışıq. Yoxsa kimsə düşünə bilər ki, Vahid Ələkbərov azərbaycanlıdır və biz müəyyən imtiyazlar yaratmışıq. Heç vaxt Çünki kommersiya maraqlarımız, milli maraqlarımız adamların hər hansı qarşılıqlı münasibətlərindən yüksəkdə durur.

"LUKoyl" "Bi-Pi" və "AMOKO" kimi digər şirkətlərlə birlikdə danışıqlar prosesinə fəal qoşulmuş və yer əldə etmişdir. Yeri gəlmişkən, özü də təkcə birinci müqavilədə yox. "Qarabağ" yatağına dair ikinci müqavilədə "LUKoyl" "Acip"lə birlikdə əslində operatorlar kimi çıxış etmiş, çox iş görmüşlər. Doğrudur, biz orada arzu olunan nəticəni əldə etmədik. Lakin orada aparılmış iş çox faydalı oldu. Əgər infrastrukturla, bir çox digər hallarla bağlı problemlər nəzərə alınarsa, bu gün orada sənaye üsulu ilə neft hasilatına başlamaq hələlik о qədər də məqsədəuyğun deyildirsə, sabah mümkün olacaqdır. Yeri gəlmişkən, "Qarabağ" yatağı barəsində biz artıq təkliflər alırıq.

Ona görə də görülmüş işlər hədər getməmişdir. "LUKoyl" birinci oldu və onunla birlikdə digər şirkətlər Azərbaycan Dövlət Neft Şirkəti ilə əl-ələ verilə nəinki kəşfiyyat işləri apardılar, həm də orada neft olduğunu və özü də böyük miqdarda olduğunu proqnozlaşdırdılar. Bu neft çıxarılacaqdır. Ola bilər "LUKoyl" da oraya qayıdacaqdır, bəlkə digər şirkətlər də qayıdacaqlar. Нər halda, artıq böyük iş görülmüşdür.

Bizim sonrakı, üçüncü müqaviləmiz "Şahdəniz" yatağı haqqındadır. "LUKoyl" bu müqavilədə də çox mühüm yer tutur. "Şahdəniz" müqaviləsi üzrə nə kimi nəticələr əldə etdiyimiz indi artıq hamıya məlumdur. Əlbəttə, hər şey heç də həmişə rəvan olmur, siz neftçilər bunu bilirsiniz. Amma Allaha şükür ki, bəxtimiz gətirir. Ona görə yox ki, Allah bizə iltifat göstərir, ona görə ki, Azərbaycanın neft sənayesi çox əsaslı, fundamental, elmi bünövrəyə malikdir. Əgər bizim geoloqlarımız nəyisə müəyyən etmişlərsə, buna şəkk-şübhə ola bilməz. Budur, dünən "Şahdəniz" yatağı barəsində də söhbət getdi. Biz orada iş apararkən mətbuatda, yeri gəlmişkən, о cümlədən də Rusiya mətbuatında nə qədər müxtəlif yazılar dərc edilirdi, deyirdilər ki, görürsünüzmü, Əliyev adamlara kələk gəlir, Azərbaycanın nüfuzunu qaldırmaq üçün Xəzər dənizində böyük neft ehtiyatları olduğu barədə əfsanə yaradır, əslində isə belə şey yoxdur. Onlar cavablarını aldılar. Özü də təkcə xaricdəki bədxahlarımız deyil, bəlkə də hətta, təəssüflər olsun, düşmənlərimiz də. Ölkəmizin daxilində də hər şey rəvan getmir. Natiq Əliyevlə İlham Əliyev burada əyləşiblər, onların xatirindədir ki, "Şahdəniz"ə dair müqavilə kifayət qədər uzun müddət və "LUKoyl" ilə birlikdə hazırlanmışdı. Biz onu hazırlayanda bilirdik ki, orada böyük qaz ehtiyatları var. Yeri gəlmişkən, hələ 1990-cı ildə neftçilərimiz, Azərbaycan neft şirkəti orada bir quyu qazmağa cəhd göstərmişdilər. Nəyə görə? Ona görə ki, geoloqlarımız, neftçilərimiz bilirdilər ki, orada böyük qaz yataqları var. Bizim başqa yataqlarımızda qaz hasilatı azalırdı. Odur ki, bu azalmaya yol verməmək, qaz hasilatını artırmaq üçün biz həmin quyunu qazmaq istəyirdik, amma qaza bilmədik, çünki suyun dərinliyi çoxdur - 400-500 metrdir. Hesab edin ki, 600 metr qazmaq lazımdır. Başa düşürsünüzmü? Lakin bununla belə, bu yatağın çox perspektivli olduğu bizə məlum idi. Buna görə də biz oraya cəsarətlə getdik.

Həm də təkcə biz yox. Biz təklif edirik, amma çox böyük məbləğdə pul, çox böyük məbləğdə kapital qoyan xarici şirkətlər bu və ya digər blokun perspektivli olduğunu yəqin etməyincə oraya getməyəcəklər. Neftçi kimi siz bunu çox gözəl bilirsiniz. Müqavilə hazırlandı. Lakin bədxahlarımız, bizim üçün pisdən də pis olmasını istəyənlər təkcə Azərbaycanın hüdudlarından kənarda deyildir. Belələri ölkəmizin daxilində də kifayət qədərdir. Bax onda, müqavilənin imzalanmasına təxminən bir həftə qalmış parlamentimizin о vaxtkı sədri Rəsul Quliyev, - yeri gəlmişkən, o, Natiq Əliyevin yaxın dostudur, - birdən gəlib mənə deyir ki, bu müqaviləni imzalamaq olmaz. Bizdə isə müqavilənin imzalanacağı gün artıq elan edilmişdi. Yeri gəlmişkən, biz onu "Xəzərneftqaz" adlı növbəti böyük neft sərgisinin açılışı ilə bir vaxta salmışdıq. Artıq hər şey elan olunmuşdu. Soruşuram ki, nə üçün imzalamaq olmaz? O, düz bir saat ərzində mənə sübut etməyə çalışır ki, "bu, Azərbaycana sərfəli deyildir, bu, lazım deyildir, biz nə üçün nefti xarici şirkətlərlə birlikdə çıxarmalıyıq, yaxşısı budur, onu saxlayaq, sonra biz özümüz çıxararıq...". Nə isə, çox səriştəsiz, açığını deyim, səfeh mülahizələr idi.

Мən dedim, qulaq asın, siz bizimlə birlikdə işləyirsiniz, bilirsiniz ki, bu müqavilə bir ildir hazırlanır, üstəlik, siz həmişə bizim neft şirkətiylə çox yaxın münasibətlərdə olmağa саn atırsınız, halbuki parlament sədrinin iqtisadiyyata rəhbərliklə məşğul olmaq səlahiyyəti yoxdur. Amma o, mənim xeyirxah münasibətimdən istifadə edərək, öz mövqeyindən sui-istifadə edərək Azərbaycan Dövlət Neft Şirkətinin işinə həmişə qarışırdı. Mən dedim, siz ki hər şeyi bilirsiniz, bu müqavilə sizin gözünüzün qabağında hazırlanıb, bütün dillərdə hazırlanıb, tərcümə edilib və sair. О isə dediyindən əl çəkmırdi. Yaxşı. Мən həmişə adamları dinləyirəm. Deyirəm, yaxşı, mən neft şirkətinin rəhbərliyini buraya dəvət edəcəyəm.

Bəs nə üçün siz bunu onlara deməmisiniz? "Yox, demişdim". Deyirəm, onlar bilmirlər? Orada Natiq Əliyev, çox böyük geoloq Xoşbəxt Yusifzadə, digər mütəxəssislərimiz var, о adamlar ki, Xəzər dənizində on illərlə kəşfiyyat işləri aparmış və neft çıxarmışlar. "Onlar heç nə bilmirlər, onlar heç nə başa düşmürlər. Mən onlara bunu da, onu da, başqa şeyləri də sübut edirəm". Yeri gəlmişkən, bax bu, çox yelbeyin olan, bununla belə, hər şeyə çox təkəbbürlə yanaşan bu adam üçün xarakterik idi.

Odur ki, mən müqavilənin imzalanması üçün təyin edilmiş vaxta bir həftə qalmış, yeri gəlmişkən, elə bu salonda müşavirə çağırmalı oldum. Mütəxəssislərimizi, neft şirkətinin rəhbərlərini və Nazirlər Kabinetinin rəhbərlərini dəvət etdim. Ona dedim ki, indi öz dəlil-sübutlarını gətir. O, düz bir saat ərzində cəfəngiyat danışdı, əsaslandırmadı ki, bu müqaviləni nə üçün imzalamaq olmaz. Əvvəla, bir tərəfdən deyirdi ki, şərtlər Azərbaycan üçün sərfəli deyildir, digər tərəfdən isə deyirdi ki, orada kifayət qədər ehtiyatlar yoxdur. Gah deyirdi ki, yoxdur, gah da deyirdi ki, bu ehtiyatları gələcək nəsillərə saxlamaq lazımdır. Hər halda, məqsəd aydın idi - bizim bu böyük işimizi pozmaq. Onda şirkətin prezidenti Natiq Əliyev də, vitse-prezidentlər Xoşbəxt Yusifzadə, İbrahimov, Zeynalov, Valeh Ələsgərov da, bütün başqaları da çıxış etdilər. Hamı onun üzünə dedi ki, bura bax, sən haqlı deyilsən, nə danışdığım bilirsənmi? Xoşbəxt Yusifzadənin çıxışı xüsusilə xatirimdədir. O, neft sənayesində bu naşıya ağıllı, səriştəli və çox müdrik cavab verdi. O, istədiyinə nail olmadığını gördükdə mənə dedi ki, bu barədə rəsmən yazacaqdır. Dedim ki, yazın. Heç yazmadı da. Yeri gəlmişkən, biz bir həftədən sonra müqaviləni imzaladıq. Bir çox müşahidəçilərin xatirindədir ki, müqavilənin imzalanması günü onun üçün matəm gününə çevrildi. Buna görə də təsadüfi deyildi ki, bundan iki həftə sonra o, Azərbaycandan qaçıb getdi və artıq üç ildir Amerikadadır, öz xalqına qarşı, öz müstəqil dövlətinə qarşı müxtəlif fitnəkar cəhdlər, təxribat, terror cəhdləri edir.

Bir sözlə, görürsünüz, mən fürsətdən istifadə edərək bunu bir daha ona görə dedim ki, mövqeyimiz aydın olsun. "Şahdəniz" perspektivli yataqdır, "LUKoyl" bu müqavilənin fəal iştirakçısıdır və Allaha şükür ki, güman edilənlərin hamısı nəinki təsdiqləndi, hətta gözlədiyimizdən də artıq oldu. Xoşbəxt Yusifzadə burada çıxış edərkən dedi - mən orada 400 milyard kubmetr qaz və filan qədər kondensat olduğuna təminat verirəm. Budur, indi isə hesablamalara görə, ehtiyatlar trilyon kubmetrdən artıqdır. İndi bunu hamı etiraf edir. Yəni, tən təkcə bizim adamın pozucu, xəyanətkar rolundan danışmaq istəmirəm. Bununla birlikdə onu da demək istəyirəm ki, müqavilə imzalandıqdan sonra bunun barəsində çoxlu bədxah xarakterli yazılar dərc edildi, о cümlədən də Rusiyada Yeri gəlmişkən, biz buna heç vaxt məhəl qoymamışıq. Ona görə də bu neft mövzusunu bitirmək üçün demək istəyirəm ki, biz başqa şirkətlərlə də əməkdaşlıq etməyə hazırıq. Yeri gəlmişkən, Şafrannikin başçılıq etdiyi Moskva neft şirkəti buraya gəlmişdi, biz ona imkan verdik. Londonda biz "İnam" yatağına dair müqavilə imzaladıq. Şafrannikin orada 12,5 faiz payı var. Axı Moskva neft şirkəti də Rusiya şirkətidir. Özü də o, Şafrannik Londonda Dauninq-Stritdə müqavilənin imzalanmasında bizimlə iştirak etmişdir. Odur ki, biz bundan sonra da hazırıq. İndi də Xəzər dənizinin statusu barədə. Biz Xəzər dənizinin beynəlxalq statusunun bütün parametrlər üzrə, yəni Xəzərin dibi üzrə, suyun səthi üzrə, gəmiçilik üzrə və bütün digər parametrlər üzrə müəyyənləşdirilməsi mövqelərində həmişə durmuşuq və indi də möhkəm dururuq. Axı biz yeganə Xəzəryanı ölkə deyilik. Rusiya da. Qazaxıstan da, Türkmənistan da, İran da Xəzəryanı ölkələrdir. Başa düşürük ki, Xəzərin beynəlxalq statusunu müəyyən etmək lazımdır. Bir də ki bu, təkcə bizdən asılı deyildir. Qətiyyən bizdən asılı deyildir. Bu, bütün Xəzəryanı ölkələrdən asılıdır. Bununla yanaşı, dünən deyildi ki, biz öz işimizə başlamaq üçün Xəzərin statusunun həll ediləcəyini illərlə gözləyə bilməzdik. Bizdə hələ 50-ci, 70-ci illərdə kəşf edilmiş müəyyən yataqlar var. Biz hələ Sovetlər İttifaqı dövründə bu yataqların mənimsənilməsinə hazırlaşırıq. Təsadüfi deyildi ki, dərin dəniz özülləri zavodu tikmişdik, borudüzən "Süleyman Vəzirov" və "İsrafil Hüseynov" gəmiləri inşa etmişdik. Təsadüfi deyildi ki, "Şelf-2", "Şelf-3", "Şelf-5" kimi üzən qazma qurğuları inşa etmişdik, indi onlar modernləşdirilmişdir və "İstiqlal", "Dədə Qorqud" adlandırılır.

Yəni hələ onda, Sovetlər İttifaqı dövründə biz Xəzər dənizinin dərin qatlarına, necə deyərlər, yol açmaq üçün lazımi maddi-tezniki baza yaratmışdıq. Bu, bizim üçün yeni bir iş deyildir. Amma о vaxtlar, - sizə bu da yaxşı məlumdur, - Xəzərdə neft hasilatı ilə Azərbaycandan başqa heç kim məşğul olmurdu. Əlbəttə, о vaxtlar Azərbaycan müstəqil dövlət deyildi, Sovetlər İttifaqının tərkibinə daxil idi. Biz ümumi bir iş görürdük. Sovet hökuməti, о cümlədən Sovetlər İttifaqının Neft Sənayesi Nazirliyi də məqsədəuyğun hesab edirdi və bununla biz də razı idik ki, bütün bu işlər Azərbaycanda başlandığına görə orada da cəmləşdirilir. Biz Türkmənistan sahillərində neft çıxarırdıq. Burada və Xəzər dənizinin başqa akvatoriyalarında olan yataqları Azərbaycan neftçiləri, geoloqları kəşf etmişlər. Yəni müstəqillik şəraitində, iqtisadiyyatımızın çox ağır vəziyyətə düşdüyü, Ermənistan tərəfindən təcavüzə məruz qaldığımız, ərazimizin 20 faizinin işğal edildiyi şəraitdə biz hansısa rəsmiyyətçiliyə tabe olub bu işlə məşğul olmaya bilməzdik ki, nə var. Xəzər dənizinin statusu yoxdur, bunu hamı başa düşməli, о cümlədən də Rusiyada siz başa düşməlisiniz.

О vaxt biz Xəzər dənizinin statusunu təklif etdik. Hətta xatirimdədir, bir dəfə Viktor Stepanoviç Çernomırdin baş nazirləri Həştərxana topladı, biz orada fəal iştirak etdik. Amma bütün bunlar hamısı sadəcə söhbət olaraq qaldı, biz heç bir nəticəyə nail olmadıq. Ona görə də biz işə başladıq. Biz düzgün hərəkət etdik və bu gün də düz edirik, bizim mövqeyimiz düzgündür.

Ancaq biz Xəzərin statusunu müəyyənləşdirmək haqqında danışıqların davam etdirilməsinə hazırıq. Əlbəttə, şadıq ki, Rusiya Qazaxıstan və Rusiya sektorlarında Xəzər dənizinin dibindən istifadəyə dair Qazaxıstanla saziş imzalamışdır. Amma ola bilər ki, sizdə kimsə bunu sektor adlandırmır, kimsə bu termindən yapışıb qalmışdır. Bəs başqa cür necə adlandırmaq olar? Şelf ayrı bir anlayışdır, sahə demək olmaz. Sektor - məlum rus sözüdür, beynəlxalq sözdür. Bəs nə üçün bu söz kimlərisə qıcıqlandırır? Başa düşmürəm. Yaxşı, Rusiya Qazaxıstanla saziş imzalamışdır - bu, çox yaxşıdır. Biz təklif etdik "ki, - gəlin Rusiya ilə Azərbaycan arasında ikitərəfli qaydada saziş imzalayaq, biz bundan yayınmırıq. Sektorların müəyyənləşdirilməsi üzrə təklif edilmiş prinsipə görə, Azərbaycana az, Qazaxıstana, Rusiyaya çox sahə düşür. Doğrudur, Qazaxıstana nisbətən Rusiyaya az sahə düşür, amma Rusiyanın da payı var. Ancaq biz öz sektorumuzdan kənara çıxmırıq. Öz sektorumuzda isə bu işi davam etdirməyə haqqımız var və biz onu davam etdirəcəyik.

Xəzər dənizinin statusunun müzakirəsi üçün yeni görüş, mən bilən, oktyabrda İranda keçiriləcəkdir. Biz bu müzakirədə iştirak edəcəyik, bu müzakirəyə öz müsbət töhfəmizi verməyə hazırıq. Amma gərək bu müzakirə normal olsun, hər tərəf öz ideallarını əsas tutaraq çıxış etməsin, əksinə, Tehrana toplaşacaq bütün tərəflər qarşılıqlı anlaşma tapmağa çalışsınlar.

Bir sözlə, Viktor İvanoviç, xahiş edirəm ki, nəzərə alasınız, sektor problemləri barəsində bizim başqa fıkrimiz yoxdur. Düşünürəm ki, bu fikir Rusiya Federasiyasına məlumdur. Neft sənayesi sahəsində Rusiya ilə əməkdaşlığımızın fundamental xarakteri var. Biz "Əsrin müqaviləsi"ni imzalayarkən elə oradaca müəyyənləşdirdik - ilkin neft üçün boru kəməri lazımdır. Həm də bu kəməri Bakı-Novorossiysk neft kəməri kimi müəyyənləşdirdik. Axı bunu biz müəyyənləşdirmişik. Bu ki müqavilədə yazılmışdır. Еlə isə nə üçün kimsə bütün bunları təhrif edir? Bu barədə sakit danışa bilmirəm. Münasibətlərimizi pozmaq istəyən bu adamlar hər şeyi beləcə təhrif edir, bu cür təsəvvür yaradırlar. Əlbəttə, bu, bizim xoşumuza gəlmir. Bununla bərabər, həmin adamlar nəinki Azərbaycana, həm də özlərinə, bizim münasibətlərimizə ziyan vururlar.

Müxtəsəri, bu, müqavilədə yazılmışdır. Odur ki, biz bununla məşğul olmağa başladıq. Biz oraya öz vəsaitimizi qoyduq. Rusiyanın "Transneft" şirkəti orada öz məsələsi ilə məşğul oldu və hələ 1997-ci ilin oktyabrında biz Bakı -Novorossiysk boru kəmərinə neft vurmağa başladıq, onu doldurduq. 1997-ci ilin noyabrında biz "Çıraq" platformasından ilkin neftin çıxarılmasını qeyd edərkən, həmin platformadan hasil olunan neft artıq Novorossiysk terminalında idi. Bir sözlə, bunlar faktdır.

Doğrudur, Çeçenistanda vəziyyətlə bağlı çətinliklər olmuşdur. Biz deyirdik ki, bu çətinliklər sizə əngəl törədir. Yeri gəlmişkən, bir daha xatırlatmaq istəyirəm ki, hələ 1996-cı ilin yanvarında mən Moskvaya getdim, biz bu məsələni həll etdik və Rusiyanın Baş naziri Viktor Stepanoviç Çernomırdinlə Bakı-Novorossiysk neft kəməri haqqında saziş imzaladıq, bu sənədi mən imzaladım. Bir sözlə, Rusiya Federasiyası ilə fundamental əməkdaşlığa yönəldilmiş əməli tədbirlərimiz göz qabağındadır.

Bununla bərabər, biz çətinliklər barədə xəbərdarlıq edirdik və Rusiya bu çətinliklərlə həqiqətən qarşılaşdı. Axı о da məlumdur ki, Rusiya bu neft kəməri barəsində Çeçenistanla heç vaxt razılığa gələ bilməmişdir. Onlar dəfələrlə danışıqlar aparmışdılar. Sonra onlar mənə müraciət etdilər. Rusiya hökuməti sədrinin о vaxtkı birinci müavini cənab Nemtsov Çeçenistan nümayəndələri ilə bu məsələni Moskvada həll edə bilmədikdən sonra məndən xahiş etdilər və buraya gəldilər. Biz yenə də bax bu salonda danışıqlar apardıq, özü də saatlarla. Мən öz töhfəmi verərək Çeçenistan tərəfini inandırdım ki, sənədi imzalamaq lazımdır. Rusiya ilə Çeçenistan arasında həmin sənəd burada, Bakıda, bu salonda, bu stolun üstündə imzalanmışdır. Budur bizim əməli tədbirlərimiz.

İndi isə vəziyyət mürəkkəbləşmişdir. Amma bu, bizə zərər vurmuşdur. Yeri gəlmişkən, bildiyimiz kimi, müqavilənin şərtlərinə görə nəzərdə tutulmuşdur ki, Azərbaycan konsorsiumun neftini deyil, öz neftini yalnız Bakı-Novorossiysk boru kəməri ilə ixrac edə bilər. Buna görə də Bakı-Novorossiysk neft kəməri dayandıqda, biz öz neftimizi ixrac etmək imkanından məhrum olduq. Biz neftimizin bir hissəsini Bakı- Supsa boru kəməri ilə ixrac etməyə cəhd göstərdik, lakin Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti bizimlə razılaşmadı və biz heç nə edə bilmədik. Çünki onlar dedilər ki, şərt var - Bakı-Supsa neft kəməri ancaq Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti tərəfindən çıxarılan müqavilə neftinin ixracı üçündür və Azərbaycan öz sahələrindən çıxarılan neftini Bakı-Novorossiysk boru kəməri ilə ixrac etməlidir. Biz çox şey itirdik, bu, büdcəmizə öz təsirini göstərdi. Buna bizmi təqsirkarıq? Yox. Bu təqsir Rusiya tərəfinin üzərinə düşür, Çunki o, boru kəmərinin normal işini təmin edə bilməmişdir. Bu boru kəməri indi də işləmir.

Bilirəm ki, "Transneft" bizim neftin bir hissəsini sisternlərlə daşıyır. Bu işə görə sağ olsun. Lakin bu, bütün neftimizin daşınmasını təmin etmir. Kənardan keçən boru kəməri barədə söhbət çoxdan getmişdir. Görünür, Rusiya hökuməti bunu qabaqcadan nəzərə almalı və indiyədək həyata keçirməli idi. Bu halda başqaları bu neft kəmərini bağlaya bilməzdi, çünki gəlirdən məhrum olardılar. Onlar Rusiya neftinin nəqli üçün başqa imkan olmadığını gördükdə, neft kəmərini bağladılar. Məsələnin faktiki tərəfi belədir, Rusiya ilə əməkdaşlığa münasibətimiz belədir. Biz fundamental əməkdaşlığa malikik, özü də təkcə neft sənayesi sahəsində deyil, həm də bütün digər sahələrdə. Amma təəssüflər olsun ki, biz bunu Rusiya tərəfindən hiss etmirik. Moskvada müxtəlif dairələr bizim səmimi hisslərimizi, xeyirxah işlərimizi lazımınca qiymətləndirmir və bəzi dezinformasiya materiallarından istifadə edərək yanlış təsəvvür yaradırlar. Bununla onu deyirəm ki, Rusiya mətbuatında həddindən çox xoşagəlməz materiallar dərc edirlər.

İndi də Şimali Qafqazda baş verən hadisələr barəsində. Bilirsinizmi, Viktor İvanoviç, Şimali Qafqazdakı hadisələr bizi həmişə narahat etmişdir. Çünki Qafqaz bir-biri ilə çox sıx bağlıdır və bəlkə də bunu Moskvada çoxları başa düşmür.

Şimali Qafqazda dinc şəraitin olması bizim üçün Rusiya ilə etibarlı əlaqə deməkdir. Bəs indi Rusiya ilə etibarlı əlaqə nə deməkdir? Mən nəqliyyat əlaqəsini, başqa kommunikasiyaları nəzərdə tuturam, bu ticarətdir, mal mübadiləsidir, adamların gedib-gəlmək imkanı deməkdir.

Bizim Rusiya ilə olduqca çox mal mübadiləmiz var. İndi, vəziyyətin mürəkkəbləşdiyi bir vaxtda şirkətlərimizin, xüsusən Rusiya ilə ticarətlə məşğul olan şirkətlərimizin işi çox çətinləşmişdir. Yeri gəlmişkən, bu, büdcəmizə, gəlirimizə mənfi təsir göstərir. Çünki şirkətlər istədikləri malları gətirib-apara, sata bilmirlər. Bu, bazarımıza da öz təsirini göstərir. Doğrudanmı, orada düşünmürlər ki, biz bunu gözəl başa düşürük? Biz gözəl başa düşürük ki, Azərbaycanla Rusiya arasında bütün istiqamətlərdə etibarlı kommunikasiya xətti olmalıdır. Bu, həm Rusiyanın xeyrinədir, həm də Azərbaycanın.

Buna görə də biz ən əvvəl öz mənafelərimizi nəzərə alaraq Şimali Qafqazdakı vəziyyətə heç cür biganə ola bilmərik. О ki qaldı böyük dostumuzun, şimal qonşumuzun - Rusiya Federasiyasının mənafelərinə, biz buna da heç vaxt biganə olmamışıq. Yenə də deməliyəm ki, bəzi dairələr, ola bilsin erməni lobbisi, ola bilsin Rusiya Federasiyasının müəyyən mürtəce dairələri hər dəfə bu cür hadisələrdən istifadə edərək Azərbaycanla Rusiya arasında münasibətləri mürəkkəbləşdirməyə çalışırlar. Çeçenistanda müharibə gedərkən Moskvada gah televiziya ilə, gah qəzetlərdə, gah da ayrı-ayrı şəxslərin bəyanatlarında ardı-arası kəsilmədən haray çəkirdilər ki, "Əfqanıstandan, Pakistandan, Türkiyədən, nə bilim, İrandan", daha haralardan silah Çeçenistana Azərbaycan vasitəsilə gətirilir. Bütün bunlar məni bezdirmişdi. Nəhayət , 1996-cı ilin yanvarında mən Moskvada olarkən həm Boris Nikolayeviçlə, həm də Viktor Stepanoviçlə görüşdüm. Sonra Viktor Stepanoviçlə bizim birgə mətbuat konfransımız oldu və burada tən suallara açıq-aydın cavab verdim. Heç kim Azərbaycanın buna yol verdiyini təsdiqləyən bir dənə də dəlil-sübut gətirə bilmədi. Heç bir fakt yoxdur. Мən Rusiya rəhbərliyinə müraciət etməli oldum, Rusiya sərhəd qoşunlarının böyük bir nümayəndə heyəti buraya gəldi. Onlar tam bir həftə ərzində Dağıstanla sərhədlərimizi nəzərdən keçirdilər, çünki Çeçenistana ancaq Dağıstanla Azərbaycan arasından keçən Rusiya-Azərbaycan sərhədindən getmək olar. Onlar heç nəyi müəyyənləşdirə, heç nə, heç bir fakt tapa bilmədilər. Lakin faktlarsız, ifadəmə görə üzr istəyirəm, dezinformasiya, əlbəttə, bu, bizi hiddətləndirir. Özü də təkcə məni hiddətləndirmir, cəmiyyətimizi, adamlarımızı da hiddətləndirir, Rusiya barəsində mənfi münasibət yaradır. Biz bunu istəmirik, qətiyyən istəmirik.

Xatirimdədir, Pervomayskda Çeçenistanla Dağıstan arasında böhran baş vermişdi. О vaxtlar Federal Təhlükəsizlik Xidmətinə Barsukov rəhbərlik edirdi. O, hansısa bir suriyalıdan onun oraya Azərbaycandan keçib getdiyi barədə viza olan pasport tapıb göstərmişdi. Azərbaycana gələnlərin Rusiyadan keçdiyi barədə viza olan pasportlardan indi nə qədər istəsəniz çıxarıb sizə göstərə bilərəm. Biz məgər onların hamısına nəzarət edirik? Biz məgər onların hamısını tuturuq? Biz bunu necə edə bilərik?

Ölkələrimiz azad ölkələrdir, sərhədlər açıqdır, kimsə oraya gedə bilər, kimsə buraya gələ bilər. Məgər bu fakt əsasında belə qənaətə gəlmək olarmı ki, Azərbaycandan Çeçenistana yaraqlılar və ya quldurlar keçib gedirlər? Mən bunu о dövr haqqında deyirəm. Nə isə, olan olub, keçən keçib. Orada hadisələr yatdı və sairə. Hər şey ötüb keçdi.

Dağıstan. Dağıstan Rusiya Federasiyasının subyekti kimi, Rusiya Federasiyasının ayrılmaz hissəsi kimi ən yaxın qonşumuzdur, eyni zamanda bizim böyük dostumuzdur. Belə ki, əvvəl, bütün sərhədimiz Dağıstanla bizim aramızda olan ərazidən keçir, ikincisi, Azərbaycanı Dağıstanla çoxəsrlik əlaqələr, mədəniyyətlərimizin ümumiliyi, dinimizin ümumiliyi, digər dəyərlərimizin ümumiliyi birləşdirir. Sonra, siz gözəl bilirsiniz ki, Azərbaycanda əslən dağıstanlı olan çoxlu insan yaşayır. Dağıstanda da əslən Azərbaycandan olan bir о qədər insan yaşayır. Dağıstanda 120 mindən artıq azərbaycanlı yaşayır.

Biz həmişə istəmişik ki, Dağıstanda vəziyyət sakit olsun. Həmişə, Çeçenistanda hadisələr baş verən dövrdə də daim narahat olmuşuq ki, bu hadisələr Dağıstana keçə bilər. Bununla əlaqədar biz Dağıstan rəhbərliyi ilə, Dövlət Şurasının sədri Məhəmmədəli Məhəmmədovla, Nazirlər Şurasının sədri Şıxsəid Xizroyev və başqaları ilə sıx əlaqə saxlayırıq. Biz həmişə bir-birimizə məlumat vermişik və sair.

Yeri gəlmişkən, Dağıstanda vəziyyətin mürəkkəbləşməsini biz buradan müşahidə edirdik. Hələ 1997- ci ildə, - indi mən bu faktları mətbuat nümayəndələrinin yanında açıqlamalıyam ki, mövqeyimizi təhrif etməsinlər, - mən Moskvada rəsmi səfərdə olarkən və prezident Boris Nikolayeviç Yeltsinlə görüşərkən nümayəndə heyətimizin yanında ona dedim ki, Dağıstanda vəziyyət ağırdır, mürəkkəbləşir, siz buna diqqət yetirin. Lakin dedilər ki, biz bunu bilirik, məşğul oluruq və sair. Sonralar, 1997-ci ilin oktyabrında Kişinyovda MDB dövlət başçılarının iclasında öz çıxışımda, - mən onu ən çox Ermənistan-Azərbaycan münaqişəsinə həsr etdim, - dedim ki, Dağıstanda vəziyyət mürəkkəbləşir, xahiş edirəm, buna diqqət yetirəsiniz. 1997-ci ilin oktyabrında Kişinyovda dövlət başçılarının iclasının yazısı var, stenoqramı var. Azərbaycan prezidenti kimi mənim mövqeyim belədir, bu, Azərbaycan dövlətinin mövqeyidir.

Biz bunu görürdük. Lakin orada kimə xoş gəlməsə də, bu gün deməliyəm ki, Rusiya rəhbərliyi Dağıstanın təhlükəsizliyini təmin etmək üçün lazımi tədbirlər görmədi. Tədbirlər görmədi. Bunu deməyə haqqım var, çünki oradakı vəziyyətə bələdəm. Əgər Rusiyanın müvafiq xidmətləri bu məsələyə daha çox diqqət yetirsəydi, ciddi işlə daha çox məşğul olsaydılar, Dağıstanda bu cür vəziyyət yaranmazdı.

Mən Dağıstan nümayəndələri ilə daim görüşürəm. Onlar mənə deyirlər - biri gəlir, onunla, bununla görüşür, amma deyir ki, hər şey normaldır və sair. Rusiyanın ən yüksək vəzifəli şəxslərindən biri bu hadisələr inkişaf etmədən hələ xeyli əvvəl Dağıstana gələrək bəyan etmişdi ki, bilirsinizmi, vəhhabilər çox tərəqqipərvər insanlardır və onlarla əməkdaşlıq etmək lazımdır. Bu bəyanatlar Dağıstanda məlumdur, onlar bizə də gəlib çatmışdır. Başa düşürsünüzmü? İndi Dağıstanın düşdüyü vəziyyətin başlıca səbəbi Rusiya Federasiyasının müxtəlif xidmətlərinin Dağıstanda bu cür qeyri-ardıcıl mövqeyidir.

Sonra. Axı orada Çobanmaxi və Karamaxi kəndlərini, daha hansısa dörd kəndi həmin terrorçular, həmin quldurlar hərbi əməliyyatlar başlanmazdan xeyli əvvəl ələ keçirmişdilər. Bu, bir neçə ay əvvəl çox yaxşı məlum idi. Mən bundan yenə də dağıstanlılarla əlaqələrim vasitəsilə xəbər tutmuşdum. Deyirəm - necə olmuşdur ki, bu kəndlər Dağıstan rəhbərliyinin, daha doğrusu, Rusiya rəhbərliyinin tabeliyindən çıxmışdır. Lakin onlar vaxtında tədbir görməkdənsə, sadəcə olaraq seyr etmiş, orada sadəcə olaraq kimsə bir tipi dəstəkləmiş, kimsə başqa bir tipi dəstəkləmişdir. Yeri gəlmişkən, orada Xaçilayev adlı birisi var. İş о yerə gəlib çatmışdı ki, bir vaxtlar onu bütün Rusiya müsəlmanlarının rəhbəri, prezidenti elan etmişdilər. O, Azərbaycana da çox mənfi münasibət bəsləyirdi. Boris Nikolayeviç Yeltsin prezident seçildikdən sonra onun andiçmə mərasimi oldu. Mərasimdə mən də iştirak edirdim, bu zaman Xaçilayev, - о vaxtadək mən onu tanımırdım, - mənə yaxınlaşaraq dedi: - Mən Xaçilayevəm, sizinlə tanış olmaq istəyirəm və sair. İndiki hadisələrin baislərindən biri olan və Çobanmaxi, Karamaxi kəndlərinin və digər kəndləri ələ keçirən bu adam yüksək hakimiyyət dairələrində idi, Dövlət Dumasının deputatı seçilmişdi.

Axı bütün bunlar Rusiya rəhbərliyinə çox gözəl məlum idi. Onlar nə üçün tədbirlər görmədilər, nə üçün vəziyyətin bu yerə gəlib çatmasına yol verdilər? Biz bundan əziyyət çəkirik. Qonşu kimi, tərəfdaş kimi bütün bunlar barəsində açıq deməyə əsasımız var.

Mövqeyimizə gəldikdə isə, bilirsiniz, mənə sadəcə gülməli gəlir, gülməli gəlir. Hesab edirəm ki, bəlkə də sizin səfir, - mən Rusiyanın Azərbaycandakı səfirini nəzərdə tuturam, - bizim sənədləri oxumur, bizim televiziyaya qulaq asmır və lazımi məlumatı vermir. Bəlkə də, - çox güman ki, belədir, - Moskvada elə qüvvələr var ki, onlar Azərbaycanı təqsirləndirmək üçün dezinformasiya materiallarından istifadə edirlər. Müdafiə Nazirliyinin nümayəndəsi İvaşov belə bəyanat vermişdir ki, quldurlar Azərbaycandan keçib gəlirlər, - doğrudur, o, Gürcüstanın da adını çəkmişdir, - guya onları Azərbaycanda hazırlayırlar. O, belə bəyanatı hansı əsasla verir? O, Müdafiə Nazirliyinin rəsmi nümayəndəsidir. Yaxud, Dumanın Müdafiə Məsələləri Komitəsinin sədri Roman Popkoviç belə bəyanat verir və bu, mətbuatda gedir. O, bu bəyanatı hansı əsasla verir? Bunları yalan, dezinformasiya, böhtan xarakterli, Rusiya ilə Azərbaycan arasında münasibətləri mürəkkəbləşdirməyə yönəldilmiş bəyanatlar hesab edirəm.

Мən təəccübləndim ki, Dumanın sədri cənab Seleznyov da, - doğrudur, açıq iclasda deyil, hardasa başqa yerdə, - bəyanat vermişdir ki, guya quldurlar Azərbaycandan keçib gəlirlər, oraya silah keçirilir və sairə. Bu bəyanat da yayılmış və Rusiya mətbuatında istifadə olunmuşdur. Azərbaycanın silahı haradandır? Hamıya məlum idi ki, Çeçenistanda həmin quldurlar silahı əsasən Rusiyanın müxtəlif xüsusi xidmət idarələrindən alırlar. О da hamıya məlumdur ki, onlar bunu indi də oradan alırlar. Keçmişdə xüsusi xidmət orqanlarında işləmiş, böyük hərbi xidmət keçmiş, böyük siyasi fəaliyyət təcrübəsinə malik olan bir insan kimi mənə sadəcə aydın deyil, Rusiya ərazısində bir çox aylar ərzində, bəlkə də daha çox müddətdə, əcnəbi Xəttab başda olmaqla, о cür quldur dəstəsi necə formalaşa bilmişdir və bu dəstə orada belə müsibətlərə və bədbəxtliklərə gətirilə çıxaran müharibəyə başlamışdır? Məgər Rusiyanın xüsusi xidmət orqanları öz xətalarını, səhvlərini görmürlərmi? Bunu etiraf etmək, tədbirlər görmək əvəzinə onlar başqalarını ittiham etməyə çalışırlar.

Budur mənim mövqeyim. Мən bütün mətbuatın iştirakı ilə bunu sizə açıq şəkildə bəyаn edirəm. О ki qaldı mənim münasibətimə, əvvəllər, Çeçenistandakı hadisələr zamanı da bildirmişəm və bu gün də bildirirəm. Mənim mövqeyim aydın və dəqiqdir - bu, Azərbaycan dövlətinin mövqeyidir. Biz həmişə separatizmin əleyhinə olmuşuq və əleyhinəyik. Azərbaycan 12 ildir erməni separatizmindən əzab çəkir, bu separatizm nəticəsində müharibə başlanmış və ərazimizin 20 faizi artıq işğal olunmuşdur, bir milyon vətəndaşımız müsibətli vəziyyətdədir, onlar çadırlarda yaşayırlar.

Lakin belə bir fakt barədə də deməliyəm. Biz MDB-nin iclaslarında sənədə separatizmin pislənməsi haqqında müddəalar daxil olunmasında təklif edərkən Ermənistanın etirazı ilə rastlaşırıq və təəssüf ki, digər dövlət başçıları buna qarşı çıxa bilmirlər. Həmin müddəa sənəddən çıxarılır. Axı onlar о zaman düşünmədilər ki, bu separatizm Rusiyaya da çox böyük zərər vuracaqdır. Azərbaycan üçün separatizm bax, budur - bu, bizə müsibət gətirmişdir. Məgər biz separatçıları - Rusiyanı parçalamaq istəyən adamları dəstəkləyə bilərikmi? Bu separatçılıq hərəkətləri ölkəmizi parçalayırdı, ərazisizin 20 faizi işğal altındadır. Məgər biz bunu dəstəkləyə bilərikmi?

Terrorçuları, quldurları biz həmişə pisləmişik və pisləyirik. Dünən deyildiyi kimi, biz bu quldurluqdan çox zərər çəkmişik. 1993-cü ildə burada vətəndaş müharibəsi olmuşdur. Söz düşmüşkən, qayda-qanun yaratmaq və bu vətəndaş müharibəsinin qarşısını almaq üçün mən buraya gələndə, Rusiyanın heç bir mövqeyini eşitmədim. Мən gileylənib demədim ki, onlar öz mövqelərini bildirmirlər, mən öz işimi görürdüm. Biz bu vəziyyəti aradan qaldıra bildik.

Elə həmin 1993-cü ildə bir qrup Azərbaycanın cənubunda "Talış-Muğan Respublikası" yaratmağa cəhd göstərmişdi və Azərbaycanın həmin hissəsi əslində bir neçə ay Azərbaycan dövlətinin nəzarəti altında olmamışdır. Biz çətin vəziyyətdə idik.

İndi həbsxanada cəzasını çəкən bu lider о vaxtlar Boris Yeltsinə, slavyan dövlətlərinə müraciət edərək bildirmişdi ki, onlar Rusiya ilə, slavyanlarla birləşmək istəyirlər. Lakin biz bu məsələdə Rusiyanın mövqeyini eşitmədik. Heç olmasa bizə bildirəydilər ki, bu cür xəbər almışıq, onu pisləyirik. Biz bunu eşitmədik.

Bunu ona görə deyirəm ki, biz həmişə düzgün mövqelərdəyik. Amma təəssüflər olsun ki, biz Rusiya tərəfinin də bu cür mövqe tutduğunu görmürük. 1994-cü ildə bizdə metroda iki dəfə böyük partlayış oldu. Yeri gəlmişkən, bu partlayışları Ermənistanın xüsusi idarələri, Dağıstan millətindən olan adamlar törətmişdilər. Bu iki partlayış nəticəsində onlarca adamımız həlak oldu. Bizim metropolitenə ziyan vuruldu. Bilirsinizmi, heç kim halımıza acıdığını və bu cür əməlləri pislədiyini bildirmədi. Hərçənd, sonra biz təhqiqat apararaq bu partlayışları kimlərin törətdiyini müəyyənləşdirə bildik. Biz onları tapdıq, məsuliyyətə cəlb etdik. Yeri gəlmişkən, onlardan biri döyüşlər zamanı Ermənistan qoşunlarına əsir düşmüşdü, ermənilər onu öz tərəflərinə cəlb edərək Dağıstan vasitəsilə buraya, anasının yanına göndərmişdilər. Bu partlayışı da о təşkil etmişdi. Sonra o, Azərbaycandan olsa da, Rusiya vətəndaşlığı alaraq uzun müddət Dağıstanda gizlənmişdi.

Nəhayət, o, Dağıstanda bir terror hərəkətinin təhqiqi zamanı ələ keçmiş, yaxalanaraq Moskvaya aparılmış, Federal Təhlükəsizlik Xidməti onun işi ilə məşğul olmuşdur. Bu mövzunun sonunda deyə bilərəm - FTX sağ olsun ki, bu adamı sonra bizə verdi, biz onu mühakimə etdik. O, cəzasını çəkir.

Partlayış faktları və bizim münasibətimiz belədir. Biz quldurluqdan, terrordan ziyan çəkmişik. Moskvada partladılmış evə nə qədər partlayıcı maddə qoyulduğunu bilmirəm, lakin Sabunçu rayonundakı 600 metr uzunluğunda körpünün altına, - siz oradan keçəndə onu görəcəksiniz, təxminən 200 kiloqram partlayıcı maddə qoyulmuşdu. Bu körpünü Azərbaycan və Ukrayna prezidentləri onun üstündən keçərkən partlatmalı idilər. Lakin biz bunun qarşısını ala bildik. Dünən deyildiyi kimi, təyyarəmizi vurmaq istəmişdilər.

Yəni biz terrorizmdən zərər çəkmişik və çəkirik. Biz terrorizmi dəstəkləyə bilmərik, onu pisləməyə bilmərik. Mən demişəm və deyirəm - biz kimə mənsub olmasından asılı olmayaraq, Rusiyanı parçalamağa çalışan bütün qüvvələri pisləyirik. Biz Rusiyanın ərazi bütövlüyünü həmişə dəstəkləmişik və dəstəkləyirik. Hesab edirik ki, Dağıstan Rusiya Federasiyasının ayrılmaz hissəsidir və orada vəziyyətin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər aradan qaldırılmalıdır və biz bu hərəkətləri pisləyirik, onların əleyhinə çıxırıq. Biz Dağıstanda normal vəziyyətin bərpa edilməsini istəyirik. Biz dini bəhanə edərək quldurluq, terrorçuluq əməlləri ilə məşğul olan bu quldurları, terrorçuları, bu təməlçiləri, bu, nə bilim, vəhhabiləri və başqalarını pisləyirik. Bizim mənsub olduğumuz müsəlman dini terrorizmi heç vaxt təbliq etməyilədir. Amma təəssüflər olsun ki, indi bu cür hallar var. Biz bunu pisləyirik. Biz federal qüvvələrin Rusiyada, Şimali Qafqazda, konkret olaraq Dağıstanda gördüyü bütün tədbirləri dəstəkləyirik. Dəstəkləyirik. Arzu edirik ki, bu tədbirlər mümkün qədər tez konkret nəticələrə gətirilə çıxarsın, Dağıstan bu quldurlardan, bu terrorçulardan təmizlənsin, orada dinc, normal həyat qaydaya salınsın. Əlbəttə, biz Moskvada və Rostov vilayətində evləri partlatmış bütün terrorçuları pisləyirik. Biz bu cür partlayışları görmüşük, başa düşürsünüz, biz onlardan zərər çəkmişik. Odur ki, biz bütün bunlara biganə qala bilmərik.

Yeri gəlmişkən, partlayış baş verən kimi mən Boris Nikolayeviç Yeltsinə başsağlığı teleqramı göndərdim, o, mətbuatda dərc edilmişdir. Bax, bizim mövqeyimiz, bizim münasibətimiz belədir. Onu necə bildirməyəsən? Мən onu dəfələrlə açıqlamışam. Avropa Şurası Parlament Assosiasiyasının sədri bir neçə gün əvvəl burada olmuşdur, о, mənə sual verdi və mən ona cavab verdim. Sözün düzü, buna görə də məni təəccübləndirən odur ki, Rusiya ilə Azərbaycan arasında münasibətlərin pisləşməsində marağı olan, bundan əvvəl Çeçenistandakı, indi isə Dağıstandakı vəziyyətdən istifadə edən hansısa qüvvələr bizə ziyan vurmaq istəyirlər.

Lakin biz buna yol verməyəcəyik. Yəni necə yol verməyəcəyik? Moskvada edilənlərə qarşı biz hamımız acizik. Əgər mətbuatda nə isə dərc edilirsə və ya televiziya ilə nə isə verilirsə, hansısa dövlət xadimi nəsə deyirsə, biz bunların qarşısını ala bilmərik. Lakin bizim vicdanımız təmizdir, biz həmişə dostluq, əməkdaşlıq ruhunda hərəkət edirik və xahiş edirəm, bu məsələ barəsində mövqeyimizi, mənim münasibətimi hökumətə, hökumətin sədri hörmətli Vladimir Vladimiroviç Putinə, Rusiyanın prezidenti hörmətli Boris Nikolayeviç Yeltsinə çatdırasınız.. Qoy heç kəs şübhə etməsin ki, Azərbaycanda hansısa başqa bir mövqe ola bilər.

Xahiş edirəm, müxtəlif xidmətlərdə, bəlkə də dövlət xidmətlərində və ya informasiya orqanlarında Azərbaycan barəsində yol verilən təhriflərə son qoyulması üçün sizin hamınız birlikdə tədbirlər görəsiniz. Bu təhriflər bizi çox narahat edir.

Мən bir qədər hissiyyatlı danışdım, çünki bu ədalətsizlik mənə, bizə çox toxunur. Sən yaxşılıq etmək, əməkdaşlıq etmək istəyirsən, xoş münasibətlər göstərirsən, amma bunun cavabında... Əlbəttə, buna etinasız münasibət göstərmək qeyri-mümkündür. Bax belə, Viktor İvanoviç.

Viкtог Каlуujnı:  Heydər Əliyeviç, bu cür məlumata görə çox sağ olun. Hökumətin gənc bir üzvü kimi mənə indiyədək agah olmayan yeni çox şey agah oldu. Şübhəsiz ki, bütün bunları mən elə bu gün Moskvaya qayıdan kimi həm Aleksandr Voloşinə, - siz onunla söhbət etmisiniz, - həm də Vladimir Vladimiroviçə çatdıracağam. Təbii ki, bu informasiya Xarici İşlər Nazirliyi vasitəsilə prezidentə də hökmən çatacaqdır. Sizin xahişinizi nəzərə alaraq, mən Vladimir Vladimiroviçdən təvəqqə edəcəyəm ki, açıqladığımız mövqeyi çatdırsın. Bu mövqe bu gün kifayət qədər açıq şəkildə səsləndi. Buna görə çox sağ olun.

Bununla yanaşı, demək istərdim ki, müdriklik ona görə müdriklikdir ki, bir kəsə müsibət üz verdikdə o, mövcud olan bütün inciklikləri üstələməlidir. Bu müdriklik sizə xasdır. Bunu zaman da göstərir, sizin fəaliyyətiniz də, siz buraya qayıtdıqda bu evdə qayda-qanun yaratmaq lazım idi. Bütün dünyaya məlumdur ki, bunu siz etmisiniz və bunu danmaq olmaz. Bu xidmətdir, bu mövqedir, bu təcrübədir. Məcmu halda bütün bunlar lideri müəyyənləşdirir və siz bu yeri layiqincə tutursunuz.

Мən bunu səmimi-qəlbdən, ürəkdən deyirəm. Buna görə deyirdim ki, cari vəziyyət barəsində konkret və sərt mövqe bu gün hamı üçün maraqlı və gərəklidir. Belə ki, Heydər Əliyeviç burada necə çıxış edəcəksə, Şevardnadze necə çıxış edəcəksə - bunların hamısı burada və cənub regionunda yaranmaqda olan bütün vəziyyət üzrə təcrid edici amildir. Odur ki, bu informasiyaya görə sizə bir daha təşəkkür etmək və sizin bu mövqeyinizin bizim üçün nə dərəcədə mühüm olduğunu demək istərdim. Sizin mövqeyiniz aşkardır.

Bu gün Rusiyada problemlər başdan aşır. Siz bütün bunları qeyd etməkdə yəqin ki, haqlısınız. Lakin mühakimə yürütmək mənim üçün çox çətindir, çünki mən bu problemlərlə bağlı olmamışam, mənim sahəm sırf texnoloji sahədir, mən bu sahəyə bizə dəxli olmuş problemlər vasitəsilə gəlmişəm, mən çeçen problemini nəzərdə tuturam. Lakin bir daha təsdiqləyirəm ki, biz mövcud öhdəlikləri yerinə yetirmək üçün və sizin itkilərə məruz qalmamağınız üçün bütün tədbirləri görürük və artıq müəyyən tədbirlər görmüşük. Belə ki, indi bu boru ilə əlaqədar mövcud olan qeyri-tarazlıq bu gün üzərimizə düşmüşdür. Biz Azərbaycana qarşı qətiyyən heç bir iddia irəli sürmədən bunu həll edirik. Düşünürəm ki, biz bu problemlərin hamısını həll edəcəyik.

Axırıncı olaraq bunu demək istəyirəm. Neft sahəsində əməkdaşlığı davam etmək istərdim. Bu məktubda "LUKoyl" şirkəti ilə birgə fəaliyyətin inkişafı çərçivəsində Dövlət Neft Şirkəti ilə qarşılıqlı münasibətlərin daha bir forması təklif olunur. İstərdik ki, siz onu qiymətləndirəsiniz. Biz Dövlət Neft Şirkəti ilə bu qərara gəlmişik ki, onun üzərində hələ işləmək, müzakirə etmək, onun hər iki tərəf üçün nə dərəcədə maraqlı olduğunu qiymətləndirmək lazımdır.

Qəbula görə, bizə vaxt ayırdığımıza görə bir daha çox sağ olun. Taleyimə çox minnətdaram ki, mənə sizinlə - dövrümüzün patriarxı ilə, dünya görmüş və çox yaxşılıqlar etmiş bir insanla görüşmək qismət oldu. Мən dəmiryol nəqliyyatında vəziyyət barəsində sizin selektor müşavirələrinizi xatırlayıram.

Heydər Əliyev: Xatırlayırsınız?

Viktor Kalyujnı: Вəli, xatırlayıram, çünki siz bu vəziyyətlə əlaqədar çox əziyyət çəkmisiniz. Heydər Əliyev selektor müşavirələri keçirərkən kimsə tir-tir əsirdi, kimin ki, bütün işləri yaxşı idi, sevinirdi və sair. Bu, sizinlə bağlı idi, siz bu iş üçün cavabdeh idiniz. Zənnimcə, həmişə müsbət nəticə olurdu, çünki münasibət vardı, mövqe vardı, vicdanlı münasibət vardı. Ona görə də mən bizim tanışlığımıza olduqca şadam və sizə cansağlığı, cansağlığı, cansağlığı və уеnə də cansağlığı arzulamaq istərdim. Мən Azərbaycanda adamlarla üsiyyətdə olarkən başa düşdüm ki, sizə bu ümumxalq məhəbbətinin indi Azərbaycanda həyata keçirdiyiniz işlərə görə tam əsası var.

Sizə bir daha uğurlar arzulayıram, hər şeyə görə sağ olun.

Aleksandr Bloxin: Burada hələ bəzi məsələlər var, amma yaxşı olar ki, onlara məbtuatın iştirakı olmadan baxılsın.

Heydər Əliyev: Yaxşı, sən ki bilirsən, elə isə nə üçün yerindən deyirsən?

Viktor Kalyujnı: Zənnimcə, mətbuat bizim verdiyimiz qiymətlər və bir-birimizə münasibətimiz barədə hər şeyi bilməlidir. Sağ olun.

Heydər Əliyev: Viktor İvanoviç, xoş sözlərinizə görə çox sağ olun. Demək istəyirəm ki, sizinlə görüşmək mənim üçün çox xoş idi. Xüsusən ona görə ki, siz bizim həmyerlimizsiniz. Bilirsiniz, dünən mən öz çıxışımda söylədim və indi də fəxrlə deyirəm ki, Azərbaycan neftçiləri təkcə Azərbaycan nefti üçün deyil, həm də о vaxtkı bütün Sovetlər İttifaqı üçün çox işlər görmüşlər. Siz həmin neftçilərdən birisiniz. Mən şadam ki, siz, Azərbaycandan olan kadr indi Rusiyanın Yanacaq və Energetika Nazirliyinə başçılıq edirsiniz, şadam ki, mən Siyasi Büronun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olarkən keçirdiyim selektor müşavirələrini yada saldınız. Bəli, о illər ağır dövr idi və mənim üzərimə mürəkkəb iş düşmüşdü. Şadam ki, siz о dövrlə müəyyən dərəcədə tanışsınız. Çox sağ olun.

Xahiş edirəm, Aleksandr Voloşinə salam söyləyin, bazar günü onunla telefonla danışmışam. Söhbətimiz məndə çox yaxşı təəssürat buraxmışdır. Ona minnətdarlığımı və salamımı çatdırın.

Şübhəsiz ki, Vladimir Vladimiroviç Putinə salam söyləyin. Мən bu gün sizə dedim, bir də təkrar edirəm - deyin ki, onun üçün münasib olan vaxtda Azərbaycana səfərə dəvət edirəm. Biz onunla görüşməyə şad olacağıq.

Əlbəttə, Boris Nikolayeviç Yeltsinə salamımı və möhkəm cansağlığı arzuladığımı, Rusiyanın həyatında olan çətinlikləri aradan qaldırmaq üçün ölkənin prezidenti kimi, daha güclü surətdə fəaliyyət göstərməsi barədə xoş arzularımı özünüz və ya başqaları vasitəsilə yetirin. Bu çətinliklərin aradan qaldırılacağına isə mənim heç bir şübhəm yoxdur. Rusiya böyük ölkədir, Rusiya qüdrətli dövlətdir, Rusiya çox böyük potensiala malikdir və bütün bu çətinlikləri aradan qaldıracaqdır. Sağ olun.