Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin görkəmli türk alimi İhsan Doğramacının 80 illik yubileyinə həsr olunmuş təntənəli gecədə çıxışı - Azərbaycan Dövlət Opera və Balet Teatrı, 25 aprel 1995-ci il


Əziz dostumuz, qardaşımız İhsan Doğramacı!

80 illik yubileyiniz münasibətilə sizi Azərbaycan xalqı, dövləti, bütün vətəndaşlarımız adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm, sizə cansağlığı, uzun ömür, gələcək fəaliyyətinizdə böyük uğurlar diləyirəm.

Sizin 80 illik yubileyiniz Türkiyədə təntənə ilə başlayıb, Ankarada böyük mərasimlər keçirilib. Ancaq dəfələrlə dediyiniz kimi - və bizim də fikrimiz eynidir - sizin vətəniniz eyni zamanda Azərbaycandır. Ona görə də bu yubiley təntənələri bir aydır ki, davam edir və yeni mərhələ Azərbaycandır, Bakıdır.

Yubileyiniz Ankarada təntənə ilə qeyd olunanda mən sizə müraciət etdim. Sizi Azərbaycana, Bakıya təşrif gətirməyə dəvət etdim ki, 80 illik yubileyinizi ölkəmizdə də qeyd edək. Bu gün sizə təşəkkür edirəm ki, mənim dəvətimi qəbul etmisiniz, Azərbaycana, öz vətəninizə, öz torpağınıza gəlmisiniz. Azərbaycan xalqı, sizing həmvətənləriniz, soydaşlarınız sizi görür, sizinlə görüşür, sizə öz ürək sözlərini deyir və Azərbaycanın qədim, çox əzəmətli, eyni zamanda çox hörmətli mədəniyyət ocağı olan Opera və Balet Teatrında sizin yubileyinizi qeyd edir.

Siz böyük həyat yolu keçmisiniz, həyatınız yaradıcılıq, quruculuq yoludur. Sizin həyatınız nadir bir şəxsiyyətin həyat yoludur. Fitri istedadınızla, eyni zamanda böyük fədakarlığınızla, zəkanızla, ağlınızla siz bu həyat yolunu şərəflə, müvəffəqiyyətlə keçmisiniz, böyük izlər qoymusunuz, böyük əsərlər yaratmısınız. Siz xalqınıza, vətəninizə, torpağınıza böyük xidmətlər göstərmisiniz. Məhz buna görədir ki, həm öz vətəninizdə, həm də vətəninizin hüdudlarından kənarda - bütün dünyada, dünyanın ən böyük ölkələrində hörmət, ehtiram qazanmısınız. İndi siz 80 illik həyat yolunu yekunlaşdırarkən nə qədər böyük işlər gördüyünüz həm özünüz tərəfindən, həm də sizi tanıyanlar tərəfindən böyük məmnuniyyətlə qəbul olunur.

Sizin həyat və yaradıcılığınız haqqında burada danışdılar. Bunu genişləndirmək də, ona əlavələr də etmək olar. Ancaq güman edirəm ki, indi buna ehtiyac yoxdur. Çünki, yenə də deyirəm, sizin gördüyünüz işlər, xidmətləriniz əsrlər boyu unudulmayacaqdır. Sizin həyatda qoyduğunuz izlər daim yaşayacaqdır. Elmdə, mədəniyyətdə, səhiyyədə, ictimai-siyasi fəaliyyətdə siz ən yüksək zirvələrə qalxmısınız. Bütün bunlar sizin üçün böyük şəxsi nailiyyətdir. Bütün bunlar türk xalqı, Türkiyə üçün, Azərbaycan xalqı, respublikamız, dövlətimiz üçün və bütün türkdilli xalqlar üçün böyük iftixar mənbəyidir. Biz sizin bu həyat yolunuzla, yaradıcılığınızla, gördüyünüz işlərlə fəxr edirik. Fəxr edirik ki, bizim belə böyük həmvətənimiz var. Fəxr edirik ki, belə bir insan türk millətinə mənsubdur. Fəxr edirik ki, belə bir insan Azərbaycana mənsubdur. Fəxr edirik ki, belə bir insan bizim doğma Azərbaycan torpağına mənsubdur.

Bütün həyat yolunuza görə, böyük fəaliyyətinizə görə mən sizə Azərbaycan xalqı, müstəqil Azərbaycan dövləti adından təşəkkür edirəm. Ümidvar olduğumu bildirmək istəyirəm ki, siz bundan sonra da dünya xalqları üçün, dünyada sülh və əmin-amanlıq, tərəqqi üçün, eyni zamanda Türkiyə Cümhuriyyəti üçün, Azərbaycan Respublikası üçün, türkdilli bütün xalqlar üçün böyük işlər görəcəksiniz. Mən buna tam əminəm.

Bu gün sizin yubileyinizi qeyd edərkən mən bir xüsusiyyətə toxunmaq istəyirəm. Sizi hər yerdə - Türkiyədə də, Avropada da, Amerikada da sevirlər. Sizi fədakar əməyinizə görə, ağlınıza, zəkanıza görə sevirlər. Sizi dünya mədəniyyətinə, elminə böyük töhfələr verdiyinizə görə, onu zənginləşdirdiyinizə görə sevirlər. Sizi həm də böyük insan olduğunuza görə, geniş qəlbinizə görə sevirlər.

Azərbaycanda isə sizi hədsiz dərəcədə sevirlər. Yəqin ki, bu günlər özünüz bunun şahidi oldunuz. Azərbaycan xalqı sizi bax, belə sevgi ilə, belə məhəbbətlə, hörmətlə qarşılayır, sizi qucaqlayıb öpür, sizi gözünün üstündə qəbul edir. Bu hörmətlə, sevgi ilə, bu məhəbbətlə mən sizi bir daha təbrik edirəm. Sizə uzun illər ömür arzulayıram və əminəm ki, siz bundan sonra da böyük işlər görəcəksiniz.

Mənim əziz dostum, qardaşım, yüz yaşa çatasan, yüz ildən də o tərəfə keçəsən. Əminəm ki, bu olacaqdır. Bir də təbrik edirəm, cansağlığı, xoşbəxtlik arzulayıram...

Azərbaycanda incəsənət xadimləri, mədəniyyət işçiləri çox fəaldırlar. Siz onların bir hissəsini Bilkəndə öz yanınıza aparmısınız, onlar orada çalışırlar, sizinlə bərabər işləyirlər. Bu, yaxşı bir haldır. Bizim bir rəssamımız sizin rəsminizi çəkib. Güman edirəm ki, bu, dəyərli bir rəsmdir. Yubiley münasibətilə mən onu sizə təqdim edirəm.