Rusiyanın "Vesti" İnformasiya-Televiziya proqramına Azərbaycan Prezidenti Heydər Əliyevin müsahibəsi - Lissabon, 3 dekabr 1996-cı il


Sual: Heydər Əliyeviç, istərdik ki, ATƏT-in Dağlıq Qarabağa dair qərarını şərh edəsiniz.

Cavab: ATƏT-in Dağlıq Qarabağa dair qərarı mükəmməl deyildir. Bununla yanaşı, ATƏT-in fəaliyyət göstərən sədrinin bütün sammit iştirakçıları - ATƏT üzvləri adından əsas prinsipləri, yəni Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılması üçün əsas tutulacaq prinsipləri elan etməsi Lissabon sammitinin müsbət nəticəsidir. Yeri gəlmişkən, mən böyük məmnunluqla bildirirəm ki, Rusiya Federasiyası nümayəndə heyətinin başçısı, Rusiyanın baş naziri hörmətli Viktor Stepanoviç Çernomırdin sammitdə çıxışında bu bəyanatı dəstəkləmişdir. O, bildirmişdir ki, onun fikrincə, məhz bu prinsiplər əsasında danışıqlar prosesi davam etdirilməli və münaqişənin aradan qaldırılması haqqında saziş əldə olunmalıdır.

Sual: Siz burada Ermənistan prezidenti ilə görüşdünüzmü?

Cavab: Mən dünən onunla, habelə Rusiyanın baş naziri ilə görüşdüm.

Sual: Ter-Petrosyanla görüş barədə bir şey deyə bilərsinizmi?

Cavab: Biz müxtəlif mövqelərdə idik, Viktor Stepanoviç Çernomırdinlə isə mövqelərimiz tamamilə uyğun gəldi.

Sual: Hesab edirsinizmi ki, ATƏT Dağlıq Qarabağ münaqişəsinin həllində fəal rol oynaya bilər?

Cavab: Hesab edirəm ki, oynaya bilər. Bu münaqişə ilə məhz ATƏT məşğul olur. Lap əvvəldən belə olmuşdur. Minsk qrupu ATƏT-in tərkibindədir və o, məhz ATƏT-in qərarı ilə 1992-ci ildə yaradılmışdır.

Müxbir: Sağ olun.