Xəzər dənizi


Yer kürəsində ən böyük axmaz göl. Avropa və Asiyanın kəsişməsində yerləşir. Dibində okean tipli yer qatı yerləşdiyinə görə dəniz adlanır. Dünyanın başqa iri su hövzələrindən əsas fərqi Dünya Okeanı ilə heç bir birbaşa əlaqəsinin olmamasıdır. Xəzərin sahəsi 380 min km², sahil xəttinin ümumi uzunluğu 6380 km-dir. Xəzəri 5 dövlət əhatə edir: Azərbaycan (955,08 km),  İran (900 km), Rusiya (695 km), Türkmənistan(1200 km), Qazaxıstan(2320 km). Xəzərdə təqribən 50-dək ada, 130-dək bura tökülən çay vardır. Xəzər dənizi böyük həcmdə hidrokarbonat ehtiyatlarına malikdir. Müxtəlif hesablamalara görə Xəzərdə olan neft ehtiyatları 200 milyard barrelə çatır. Bundan başqa dənizdə böyük həcmdə təbii qaz ehtiyatları var. Azərbaycan Respublikası Xəzərdə yerləşən təbii enerji mənbələrinin birgə istismarı ilə bağlı 1994-cü ilin sentyabr ayında qərb dövlətlərinin konsernləri ilə  müqavilə bağlamışdır. Hal-hazırda Azərbaycanda hasil olunan neftin 67 %-i, qazın isə 95 %-i Xəzərdən çıxarılır. Xəzər nadir və qiymətli balıq növləri ilə də zəngindir.