Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Bişkekdən zirvə toplantısından Bakıya qayıdarkən təyyarədə jurnalistlərlə müsahibəsi - 29 avqust 1995-ci il


Bişkek Zirvə toplantısı, altı dövlət başçısının görüşü üçüncü belə görüşdür. Bu dəfəki toplantı göstərdi ki, bu görüşlər artıq ənənəyə çevrilir, yeni yaranmış türkdilli dövlətlərin həyatında öz yerini tutur və davam edəcəkdir.

Bu görüşlər çox əhəmiyyətlidir. Doğrudur, bu Zirvə toplantılarının nə qədər davam edəcəyi müəyyən qədər məlum deyil. Mən bu toplantıdan sonra belə qənaətə, fikrə gəldim ki, belə görüşlər davam edəcək və biz Bişkek bəyannaməsində nəzərdə tutduq ki, növbəti görüş Daşkənd şəhərində keçirilsin.

Bişkek bəyannaməsini siz yəqin oxumusunuz, məlumatınız var. Bu bəyannamə bizim ölkələrimiz arasında iqtisadiyyat, elm, mədəniyyət, texnika və digər sahələrdəki əlaqələrin inkişaf etdirilməsinə yönəldilmişdir və bu da bizim üçün əhəmiyyətlidir. "Manas"ın min illik yubileyinin bu vaxt keçirilməsi və bütün türkdilli dövlətlərin başçılarının yubileyin əsas mərasimlərində iştirak etməsi onu göstərir ki, birlik daha da möhkəmlənir və bundan sonra da möhkəmlənəcəkdir. Mən bu görüşlərdən çox razıyam.

Bu Zirvə toplantısının işi təkcə türkdilli ölkələrin dövlət başçılarının görüşündən və imzalanmış Bişkek bəyannaməsində əks olunan məsələlərdən ibarət deyil. Biz dövlət başçıları bir çox məsələlər, dünyada gedən proseslər, ölkələrimiz arasında əlaqələrin inkişaf etdirilməsi barədə qeyri-rəsmi çox söhbətlər, müzakirələr aparırıq ki, bu da çox əhəmiyyətlidir. Zirvə toplantısındakı çıxışımda mən qeyd etdim ki, Xəzəryanı ölkələrin əməkdaşlıq etməsi çox gərəklidir və bu əməkdaşlıq üçün çox böyük əsaslar var. Bir fikri başqa dövlət başçıları da qeyd etdilər. Doğrudur, Özbəkistan Xəzəryanı dövlət deyil, amma onun da, Qırğızıstanın da bu məsələdə çox marağı var. Biz Xəzərin təbii sərvətlərindən, onun kommunikasiya, nəqliyyat imkanlarından istifadə olunması məsələləri barədə qeyri-rəsmi fikir mübadilələri apardıq və bu məsələlərin həll edilməsi barədə fikirlərimizi söylədik. Hesab edirəm ki, bu da çox faydalıdır.

Bəyannamə barədə bizim təkliflərimiz, məsələn, münaqişə ilə bağlı təklifimiz sənəddə öz əksini tapdı. Əlbəttə, biz istərdik ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü konkret olaraq göstəriləydi. Lakin mən çıxışımda bu barədə danışdım. Separatçılığa, terrorizmə qarşı mübarizə aparmağın, hərbi münasibətlərin qarşısının alınmasının zəruriliyi kimi məsələlər bəyannamədə öz əksini tapdı.

Azərbaycanın Mərkəzi Asiyada iqtisadi inteqrasiyaya qoşulmasının mümkünlüyü barədə suala gəlincə onu demək olar ki, mən bizim buna prinsipcə hazır olduğumuzu dedim. Belə hesab edirəm ki, - bunu dövlət başçıları ilə söhbətimdə də bildirdim - Mərkəzi Asiya ölkələri ilə iqtisadi əlaqələrimiz çox zəifdir. Məsələn, Sovet İttifaqının tərkibində olduğumuz vaxtdakına nisbətən bu əlaqələr çox zəifdir. Mən dəfələrlə təşəbbüs qaldırmışam ki, əlaqələri inkişaf etdirmək və genişləndirmək lazımdır. Hələlik bu fikrə münasibət yaxşıdır. Bu barədə Qırğızıstanla, başqa ölkələrlə də danışmışıq. Bir sözlə, bu, faydalı olacaqdır.

Qırğızıstanda olan görüşlərimiz mənim üçün çox əhəmiyyətlidir. Əvvəla, "Manas"ın 1000 illik yubileyi mərasimləri çox yaxşı təşkil olunmuşdu, mənə çox böyük təsir bağışladı. Eyni zamanda mən Qırğızıstanın prezidenti Əsgər Akayevlə ölkələrimiz arasındakı əlaqələrin, xüsusən iqtisadi əlaqələrin inkişaf etdirilməsi barədə çox ətraflı danışıqlar apardım.

Qırğızıstanda 18 min azərbaycanlı yaşayır. Mən orada yaşayan azərbaycanlıların vəziyyəti ilə maraqlandım. Doğrudur, çox imkan olmadı, amma Qırğızıstandakı bir sıra Azərbaycan cəmiyyətlərinin başçıları ilə görüşdüm. Bişkekdə axşam qəzetinin redaktoru azərbaycanlıdır. O, gəlib mənimlə görüşdü, biz söhbət etdik. Əsgər Akayevin dediyinə görə, Qırğızıstanda çoxluq təşkil etməyən millətlərə müəyyən imkanlar yaradıblar. Hətta bu cəmiyyətlərin fəaliyyət göstərməsi üçün sarayların birində onlara yerlər də ayırıblar. O cümlədən Azərbaycan cəmiyyətinə də yer ayrılıb.

Qırğızıstanda yaşayan azərbaycanlıların çoxu orada elm, səhiyyə, iqtisadiyyat sahələrində işləyirlər. Mənə dediklərinə görə, orada onların vəziyyəti pis deyil, yaxşıdır. Onlar Qırğızıstanın ictimai-siyasi həyatında da iştirak edirlər.

Ancaq məni ən çox maraqlandıran Qırğızıstan ilə Azərbaycan arasındakı əlaqələrdir. Çünki bu əlaqələr indiyədək zəifdir. Biz Əsgər Akayevlə bu barədə söhbət apardıq və belə qərara gəldik ki, bu əlaqələri gücləndirmək üçün hər iki tərəfdən lazımi əlavə tədbirlər görüləcəkdir. Burada böyük imkanlar var və bu imkanlardan istifadə etmək lazımdır.

Bir daha qeyd edirəm ki, "Manas"ın 1000 illiyi yüksək səviyyədə keçdi. Mən bunu təkcə "Manas"ın yubileyi kimi yox, ümumiyyətlə bir kökdən olan xalqlarımızın keçmişinə, bu gününə və gələcəyinə baxış kimi qiymətləndirirəm və bu da bizim üçün çox əhəmiyyətlidir.

"Azərbaycan" qəzeti, 31 avqust 1995-ci il.

Tarixi arayış