Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin İstanbulun Atatürk adına Hava Limanının şərəf salonunda Türkiyə Cümhuriyyətinə səfərinin yekunları barədə jurnalistlər qarşısında bəyanatı - 31 oktyabr 1998-ci il


Hörmətli Baş nazir!

Hörmətli mətbuat nümayəndələri!

Mənim Türkiyəyə bu səfərim, ziyarətim başa çatır. Mən artıq hava limanındayam, Azərbaycana, Bakıya dönürəm. Bəyan edirəm ki, mənim bu səfərim çox əhəmiyyətli və çox gözəl olubdur. Birinci, ona görə ki, Türkiyə xalqı ilə, Türkiyənin vətəndaşları ilə, Türkiyənin dövləti, hökuməti ilə bərabər və Türkiyəyə gəlmiş başqa ölkələrin nümayəndə heyətləri ilə bərabər Türkiyə Cümhuriyyətinin 75-ci ildönümünü bayram etdik. Mən bütün bayram mərasimlərinin hamısında iştirak etdim. Hamısından böyük məmnunluq duyuram və fəxr edirəm ki, Azərbaycanın prezidenti, dövlət başçısı kimi, mən bu bayramda Türkiyədə Azərbaycan xalqını təmsil etmək imkanına malik oldum və Azərbaycan xalqının, Azərbaycan vətəndaşlarının Türkiyə xalqına, vətəndaşlarına xoş arzularını bildirdim.

Burada çox görüşlərimiz, danışıqlarımız olmuşdur. Mən Türkiyəyə gələn gün axşam Türkiyənin prezidenti, əziz dostum Süleyman Dəmirəllə görüşdüm və bayram təbrikləri ilə yanaşı, bir neçə məsələləri müzakirə etdik. Sonra da bir çox başqa ölkələrin cümhur başqanları, prezidentləri, hökumət və parlament başçıları ilə görüşdüm. Bunlar hamısı müstəqil Azərbaycan üçün çox əhəmiyyətlidir. Çünki biz Azərbaycanın əlaqələrini genişləndirmək əzmindəyik və bunları çox yararlı hesab edirəm.

Düşünürəm ki, burada olduğum günlərdə hamımızın birlikdə gördüyümüz işlərdən ən önəmlisi cümhuriyyətin qurulmasının 75-ci ildönümü günündə Ankarada Bakı-Ceyhan boru xətti haqqında Türkiyə, Azərbaycan, Gürcüstan, Qazaxıstan, Özbəkistan cümhur başqanlarının, prezidentlərinin və Amerika Birləşmiş Ştatlarını təmsil edən energetika nazirinin imzaladıqları bəyannamə oldu. Bu bizim, Azərbaycanın Xəzər dənizində olan sektorunda hasil olacaq neftin dünya bazarlarına çıxarılması üçün əvvəldən əsasını qoyduğumuz, ancaq bunun reallaşdırılması üçün dörd il müddətində çalışdığımız Bakı-Ceyhan boru xəttinin artıq siyasi nöqteyi-nəzərdən dövlətlərin, dövlət başçılarının iradəsini ifadə edərək bəyannamənin qəbul edilməsidir. Bu, böyük bir tarixi hadisədir. Güman edirəm ki, biz bununla bu layihəni tam reallaşdırdıq.

Doğrudur, indi mətbuatda çox danışıqlar gedir. Bu məlumdur, mən bəyannaməni imzalayan zaman da demişdim ki, neft hasilatı ilə məşğul olan şirkətlərin yaratdığı konsorsium indi Bakı-Ceyhan xəttinin çəkilişinə başlanmasına o qədər də razı deyildir. Çünki bunu iqtisadi nöqteyi-nəzərdən səmərəsiz hesab edir, yəni lazımi səviyyədə səmərəli hesab etmir. Ancaq bunlara baxmayaraq mən hesab edirəm ki, biz tarixi bir iş görmüşük. Bunun iqtisadi cəhətini də konsorsium ilə araşdırırıq və bundan sonra da araşdıracağıq.

Türkiyənin və Azərbaycanın neft sahəsində olan təşkilatları - Azərbaycan Dövlət Neft Şirkəti və Türkiyənin Enerji Şirkəti indi danışıqlar aparırlar. Bu danışıqlar nəticəsində bəzi məsələlər də müzakirə ediləcəkdir, həll olunacaqdır. Beləliklə, biz böyük bir tarixi işin əsasını qoymuşuq. Bütün bunların sonu olaraq mən dünən də və bu gün də İstanbuldayam. Burada, İstanbulda olmağımdan da çox məmnunam. Dünən biz gözəl bir tədbirdə olduq. Vaxtilə böyük Atatürkün yaratdığı və ona məxsus olan gəmidə səyahət etdik. Çox gözəl bir bayram konserti verildi. O, Türkiyə Cümhuriyyətinin bugünkü həyatını, reallığını, bugünkü varlığını dünyaya bir daha nümayiş etdirdi. Mən də bu mərasimdə iştirak edirdim və bundan çox məmnunam.

Dünən də, bu gün də apardığımız danışıqların son mərhələsi olaraq Türkiyənin Baş naziri, hörmətli dostum cənab Məsud Yılmazla çox əhəmiyyətli danışıqlar aparmışıq. Həm Türkiyə-Azərbaycan əlaqələrinin bu günü və gələcəyi haqqında, həm Bakı-Ceyhan boru xəttinin praktiki olaraq həyata keçirilməsinin yolları haqqında, həm də Azərbaycanın ən ağır problemi olan Ermənistanın təcavüzünün qarşısını almaq, Dağlıq Qarabağ məsələsini həll etmək, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş torpaqlarının azad edilməsi və bir milyondan artıq Azərbaycan vətəndaşının öz yerinə-yurduna qayıtması, Azərbaycanın ərazi bütövlüyünün, torpaq bütövlüyünün bərpa olunması - bütün bu məsələləri biz birinci gün həm cümhur başqanı Süleyman Dəmirəllə, həm də bu gün və dünən Baş nazir Məsud Yılmazla ətraflı müzakirə etdik. Mən bunları Azərbaycan üçün çox əhəmiyyətli, çox səmərəli hesab edirəm. Ona görə də hesab edirəm ki, mənim bu ziyarətim həm bayram şənlikləri ilə bağlı olubdur, həm də çox gərgin iş olubdur. Yəni iş də görmüşük, bayram da etmişik və şənliklərdə də iştirak etmişik. Bunlar hamısı şəxsən məni sevindirir. Mən bu gün çox böyük sevinc, məmnuniyyət hissi ilə Türkiyəni tərk edirəm və Bakıya, Azərbaycana gedirəm.

Türkiyə Cümhuriyyətinə bundan sonrakı illərdə daha da böyük uğurlar arzulayıram. Türkiyənin vətəndaşlarına, türk xalqına gələcəkdə də Mustafa Kamal Atatürkün yoluna sadiq olmağı arzulayıram. İnanıram ki, Türkiyə bu qədər böyük inkişafın gələcəyini də təmin edəcəkdir və biz gələcəkdə Türkiyənin yeni-yeni böyük qələbələrinin, nailiyyətlərinin şahidi olacağıq.

Biz Türkiyə-Azərbaycan əlaqələrinə xüsusi əhəmiyyət veririk. Ona görə də Türkiyədə olan hər bir yeni nailiyyəti biz böyük iftixar hissi ilə qəbul edirik və Azərbaycan-Türkiyə əlaqələrinin inkişaf etməsi üçün əlimizdən gələni edirik. Mən sizin hamınıza can sağlığı arzu edirəm. Türkiyəyə sülh, əmin-amanlıq və səadət arzulayıram.

Tarixi arayış

MÜSAHİBƏLƏR