Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Ermənistan milli radiosunun müxbiri ilə müsahibəsi - Tehran, 11 dekabr 1997-ci il


Sual: Heydər Əliyeviç, necə bilirsiniz, islam dövlətlərinin, o cümlədən İranın Ermənistan ilə Azərbaycan arasında vasitəçi kimi iştirakı nə dərəcədə mümkündür?

Cavab: Bilirsiniz, artıq bizim vasitəçilərimiz var. Özü də dünyanın üç böyük dövləti - Rusiya, Amerika Birləşmiş Ştatları və Fransa bu məsələ ilə səylə məşğul olurlar. İndi bunu bir kənara qoyub hansısa başqa vasitəçilər axtarmaq, sadəcə olaraq məqsədəuyğun deyildir. Mən heç bir dövlətin vasitəçiliyini istisna etmirəm. Ancaq indi, - konkret andan söhbət gedir, - buna heç bir zərurət yoxdur.

Sual: Yəni, Siz hesab edirsiniz ki, Minsk prosesi perspektivlidir və dərin əhəmiyyəti var?

Cavab: Şübhəsiz. Minsk prosesinə inanıram, inanıram ki, bu ilin iyununda Denverdə birgə bəyanat vermiş Rusiya, Amerika Birləşmiş Ştatları və Fransanın dövlət başçıları Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli üçün səylərini əsirgəməyəcəklər.

Sual: Heydər Əliyeviç, yəqin ki, sizdən ötrü belə imkan az-az olur ki, Ermənistan radiosunun dinləyiciləri Sizi eşitsinlər. Ermənistanda Sizi xatırlayırlar və yəqin ki, Sizin də onlara nə isə deməyə sözünüz var. Siz onlara nə demək istərdiniz?

Heydər Əliyev: Sizdə ümumiyyətlə, bizim radioya, televiziyaya qulaq asırlarmı?

Müxbir: Yox. Bilirsiniz, biz Sizin televiziyanın verilişlərini tutmuruq, imkan yoxdur. Ancaq Sizin radionun proqramını tutmağa kimin imkanı varsa, şübhəsiz ki, qulaq asır. Mənim müsahibəm Ermənistanın milli radiosu ilə veriləcəkdir.

Heydər Əliyev: Belə olan halda bu, mənim üçün yaxşı imkandır.

Müxbir: Heydər Əliyeviç, ona görə də mən Sizinlə çox danışmağa çalışıram.

Heydər Əliyev: Erməni xalqına müraciət edərək, ölkələrimiz arasında sülh yaratmaq üçün həm Ermənistanda, həm də Azərbaycanda sağlam qüvvələri birləşdirməyə çağırıram. Siz dediniz ki, Ermənistanda məni xatırlayırlar. Xatırlamalıdırlar. Çünki mən erməni və Azərbaycan xalqları arasında dostluğu möhkəmləndirmək üçün bir çox illər səy qoymuşam. Orada kim nə deyir-desin, kimin nə vaxt nə etdiyini bir müddətdən sonra tarix dəqiq müəyyən edəcəkdir. Mən Dağlıq Qarabağın sosial-iqtisadi inkişafı, xalqlarımız arasında dostluğun möhkəmləndirilməsi üçün çox iş görmüşəm. Ermənistanda mənim çox dostlarım vardı. Dağlıq Qarabağda da çox böyük hörmət və nüfuzum var idi. Hamısı da ona görə ki, hesab edirdim və bu gün də hesab edirəm ki, Allahın, taleyin hökmü belədir ki, biz yanaşı, qonşuluqda yaşamalıyıq. Nə ermənilər, nə də azərbaycanlılar heç yerə köçüb getməyəcəklər. Qonşular isə ixtilafları, xırda mübahisələri, böyük qalmaqalları və hətta düşmənçiliyi də daim aradan qaldırmalıdırlar ki, ən azı mehriban qonşuluqları olsun. Ən yaxşısı isə indiyədək olan dostluğumuz olsun.

Sual: Heydər Əliyeviç, hesab edirsiniz ki, həm Ermənistanda, həm də Azərbaycanda belə sağlam qüvvələr var və biz qan tökülməsinə son qoya bilərik?

Cavab: Var. Ermənistanda da sağlam qüvvə var. Azərbaycanda sağlam qüvvələrin başında mən dayanıram və hesab edirəm ki, Ermənistanda prezident Ter-Petrosyan düzgün mövqe tutur. Onun həm Moskva, həm Ermənistan mətbuatında verdiyi son bəyanatı məsələnin həllinə çox ağıllı münasibətdir. Bundan sonra mən onunla həm Strasburqda, həm də Kişinyovda görüşdüm, biz onunla bu mövzu barəsində danışdıq. Hesab edirəm ki, Ermənistandakı sağlam qüvvələr prezident Levon Ter-Petrosyanın düzgün mövqelərini dəstəkləməlidirlər. Orada sağlam qüvvələr var. Mən artıq dedim, indi Levon Ter-Petrosyan düzgün mövqe tutur. Hesab edirəm ki, mən həmişə düzgün mövqedə olmuşam. Axı biz Ermənistandan heç nə istəmirik. Heç nə. Dağlıq Qarabağa Azərbaycanın tərkibində özünüidarənin ən yüksək dərəcəsini verməyə razı olmuşuq. Daha nə lazımdır

Müxbir: Axı Konstitusiyaya görə Azərbaycan unitar dövlətdir.

Heydər Əliyev: Ancaq unitar dövlətdə də belə struktur mümkündür. Dünyada bu cür çox misallar var. Yəni bu mümkündür. Siz bildirin ki, bizə düşmənçilik lazım deyil. Buna son qoymaq gərəkdir. Qarşılıqlı addımlar atmaq, sülhə doğru getmək lazımdır.

Müxbir: Sağ olun.

Tarixi arayış