Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin NATO-nun nümayəndə heyəti ilə danışıqlar başa çatdıqdan sonra yerli və xarici kütləvi informasiya vasitələrinin nümayəndələri üçün Xavyer Solana ilə birgə mətbuat konfransı - Prezident sarayı, 30 sentyabr 1998-ci il


Heydər Əliyev: Hörmətli mətbuat nümayəndələri!

Siz bizim danışıqlarımızda iştirak etmisiniz və bəlkə də buna görə heç əlavə görüş keçirməyə ehtiyac yox idi. Ancaq bu, əvvəldən planda olduğuna görə biz hesab etdik ki, sizinlə görüşməyə gəlmək lazımdır.

Siz eşitdiyinizdən əlavə onu deyə bilərəm ki, NATO-nun Baş katibi cənab Havyer Solana ilə bizim danışığımız çox qarşılıqlı anlaşma, mehribanlıq şəraitində keçibdir və Azərbaycan ilə NATO arasında "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində əməkdaşlığımızı müsbət qiymətləndirmişik. Bundan sonra da bu əməkdaşlığı davam etdirmək əzmində olduğumuzu bildirmişik.

Bizim bugünkü görüşümüz çox əhəmiyyətli olubdur. Bu görüşdən əvvəl bizim qonağımız cənab Havyer Solana Azərbaycanın Baş naziri, müdafiə naziri ilə görüşübdür və çox səmərəli danışıqlar aparılıbdır. Hesab edirəm ki, biz beləliklə, əlaqələrimizi, əməkdaşlığımızı sürətləndiririk. Azərbaycan hökuməti bu əməkdaşlığı qiymətləndirir və çox əhəmiyyətli hesab edir. Bugünkü görüşlərimiz, danışıqlarımız bu əməkdaşlığın sürətləndirilməsi üçün yaxşı əsas yaradıbdır. İndi isə mən sözü cənab Baş katibə verirəm.

Xavyer Solana: Çox sağ olun, cənab prezident.

Çox güman ki, Sizin dediklərinizə mənim əlavə etməyə sözüm yoxdur. Sadəcə olaraq demək istəyirəm ki, Sizdə yenidən qonaq olmağıma görə və nəinki prezidentlə, həm də Baş nazirlə, habelə müdafiə naziri ilə görüşmək, il yarım bundan əvvəl Sizdə axırıncı dəfə olduğum vaxtdan bəri istər "Sülh naminə tərəfdaşlıq" proqramının xətti ilə, istərsə də Avratlantika Tərəfdaşlığı Şurasının xətti ilə birlikdə nə qədər iş gördüyümüzü qiymətləndirmək imkanı olduğuna görə çox şadam. Bu dövrdə həqiqətən çox iş görülmüşdür. Lakin iki məqamı ayrıca vurğulamaq istərdim. Azərbaycan qoşunlarının təlimlərdə iştirakına görə, Sizə, Sizin hökumətinizə və xalqınıza xüsusilə təşəkkür etmək istərdim. Məsələn, Makedoniya ərazisində çox mühüm təlimlər keçirildi və bu təlimlərdə Azərbaycan da iştirak etdi. Tərəfdaş ölkələrin və alyans ölkələrinin geniş iştirakı ilə Orta Asiyada da belə oldu. Azərbaycan orada da iştirak etdi.

Həqiqətən, çox rəmzidir ki, biz regionda sabitliyin, təhlükəsizliyin və sülhün təminatçısı kimi birlikdə işləyirik. Sizə demək istəyirəm ki, biz bu istiqamətdə sonrakı illərdə də işləməyi davam etdirəcəyik. Qonaqpərvərliyə görə cənab prezidentə də, Sizin hökumətinizə də təşəkkür etmək istəyirəm. Çox sağ olun.

* * *

Sual: Cənab Baş katib, bu gün deyildi ki, Serbiya öz qoşunlarının bir hissəsini geri çəkmişdir, lakin bu, kifayət deyildir və çox ləng edilmişdir. Çoxları serblərin həqiqətənnə isə bir iş görmək əzmini şübhə altına alırlar. Siz deyə bilərsinizmi ki, NATO-nun öz mövqelərində həqiqətən möhkəm durmaq iradəsi və imkanları var?

Havyer Solana:  Həqiqətən, demək lazımdır ki, biz prezident Miloşeviç haqqında onun sözlərinə əsasən yox, işlərinə əsasən mühakimə yürüdəcəyik. Biz ondan lap çox, həddindən çox sözlər eşitmişik. Amma o, çox vaxt öz sözünün yiyəsi deyildir.

Onu da demək lazımdır ki, son bir neçə gündə Kosovo haqqında iki çox mühüm qərar qəbul edilmişdir. Birincisi - BMT Təhlükəsizlik Şurasının qətnaməsidir. Bu qətnamədə prezident Miloşeviçdən nə gözlədiyimiz dəqiq müəyyənləşdirilmişdir.

Deməliyəm ki, bu qərar əslində yekdilliklə qəbul edilmişdir. Təkcə Çin səs vermədi, qalanlarının hamısı qərarın qəbul olunmasının lehinə səs verdi. İkincisi - NATO Şurasında qəbul edilmiş qərardır. Burada öz hərbi komandanlarımıza müraciət edilir ki, onlar texnikaya zərurət yaranması təqdirdə onu kimlərin verəcəyini alyansın ayrı-ayrı ölkələrindən öyrənməyə başlasınlar. Lakin Təhlükəsizlik Şurasının mandatı olmadan, əlbəttə, heç bir tədbir görülməyəcəkdir.

Sual: Cənab Solana, siz Bakıda danışıqlar zamanı bəyan etdiniz ki, NATO Azərbaycanla əməkdaşlığın dərinləşməsində maraqlıdır. Bilmək istərdik, siz konkret olaraq nəyi nəzərdə tuturdunuz: "SüIh naminə tərəfdaşlıq" proqramı və Avratlantika Tərəfdaşlığı Şurası çərçivəsində əməkdaşlığın genişləndirilməsini, yoxsa tərəflər qarşılıqlı fəaliyyətin yeni formalarını nəzərdə tuturlar?

Havyer Solana:  Siz "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində və Avratlantika Tərəfdaşlığı Şurası çərçivəsində əməkdaşlığı genişləndirmək barədə doğru dediniz. Bu iki struktur həqiqətən çox imkanlar verir. Onlarda çox ölkələr iştirak edirlər və NATO ilə münasibətlərin inkişaf etdirilməsi üçün geniş yer var. Biz artıq bu proqramlar üzrə işləyirik və öz əməkdaşlığımızı dərinləşdirmək istəyirik.

Sual: Üzr istəyirəm, Baltiya xartiyası kimi gələcəkdə Zaqafqaziya partiyası da imzalamaq mümkündürmü?

Havyer Solana:  NATO-da heç bir Baltiya xartiyası yoxdur.

Müxbir: Ukrayna və Rusiya ilə var, Baltiya xartiyası var.

Havyer Solana: Yox, bu, NATO-nun xətti ilə deyildir.

Sual: Cənab Solana, biz, Azərbaycan jurnalistləri sizin dəvətinizlə Belçikada olarkən Dağlıq Qarabağla bağlı Azərbaycanın ən böyük problemi barəsində dediniz ki, bu problemlə ATƏT məşğul olur və bütün məsuliyyət bu təşkilatın üzərinə düşür. İndi Azərbaycanda sizdən soruşuruq: Əgər Ermənistan böyük Sülh sazişini imzalamasa və bu zaman Azərbaycan tərəfi NATO-ya müraciət etsə, onda sizin ittifaqın reaksiyası necə ola bilər.

Havyer Solana: Dediklərimi təkrar edirəm. Bu problemin həlli üçün çərçivə mövqeyi yaradılmışdır. Bütün bunlar 1996-cı ildə ATƏT-in xətti ilə qəbul edilmişdir. Biz vəziyyətdən çıxışı məhz bunun əsasında axtarmalıyıq.

Tarixi arayış

Azərbaycan - NATO