Şair Sabir Rüstəmxanlıya - 22 may 1996-cı il


Hörmətli Sabir Rüstəmxanlı!

Sizi - müasir Azərbaycan ədəbiyyatı və publisistikasının tanınmış nümayəndəsini anadan olmağınızın 50 illiyi münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Siz Azərbaycanın ədəbi mühitində öz yaradıcılığı ilə xalqın milli şüurunun təkamülündə, xüsusilə gənc nəslin azadlıq hərəkatına qoşulmasında mühüm rol oynamış əsərlərin müəllifi kimi hörmət qazanmısınız. Azərbaycanın dövlət müstəqilliyinin əldə edilməsi, ərazi bütövlüyünün qorunması yolunda gedən gərgin ictimai-siyasi proseslərdə fəal iştirak edən ziyalılarımızdan biri də siz olmusunuz. Müstəqil Azərbaycanın yeni tipli mətbuatının yaranmasında xidmətləriniz də təqdirəlayiqdir.

Əminəm ki, Azərbaycan ədəbiyyatının zəngin ənənələrini davam etdirərək oxucularınızı yeni-yeni sənət nümunələri ilə sevindirəcək, doğma Azərbaycanın müstəqilliyinin və dövlətçiliyinin möhkəmləndirilməsində əlinizdən gələni bundan sonra da əsirgəməyəcəksiniz.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik və yeni böyük yaradıcılıq uğurları arzulayıram.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

Tarixi arayış

MƏDƏNİYYƏT