Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Amerika Birləşmiş Ştatları Prezidentinin Milli Təhlükəsizlik Məsələləri üzrə keçmiş müşaviri, görkəmli siyasi xadim Zbiqnev Bjezinski ilə görüşdəki söhbətindən - Vaşinqton, 15 fevral 2000-ci il


Bjezinski: Möhtərəm cənab prezident! Mən və xanımım Sizi səmimi-qəlbdən salamlayır, Sizinlə görüşdən böyük şərəf duyuruq. Bizim iqamətgahımıza xoş gəlmişsiniz. Əvvəllər bir fermerin evi olmuş bu binanın əsas hissəsi 1800-cü ildə tikilmişdir. Vaxtilə prezident Avraam Linkoln bu evi Amerika uğrunda mübarizə aparmış bir zənciyə bağışlamışdır. Sonralar bu binada yenidənqurma və bərpa işləri aparılmışdır. Onu da deyim ki, Vaşinqtonun bu hissəsi, yəni evin yerləşdiyi ərazi bir vaxtlar təcrid olunmuş bir yer imiş. Amma Kennedinin prezidentliyi dövründə bu yer məşhurlaşmışdır. Çünki prezident Kennedinin ailəsi indi də bu ərazidə, qonşuluqda yaşayır.

Heydər Əliyev: Səmimi sözlərinizə və mehriban qəbulunuza görə Sizə və xanımınıza dərin təşəkkürümü bildirirəm. Bu tarixi bina həqiqətən də tarixi binadır.

Bjezinski: Mən əminəm ki, Ermənistan –Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli üçün ATƏT-in Minsk qrupu çərçivəsində, eləcə də birbaşa aparılan danışıqlar nəhayət ki, müsbət nəticə verəcəkdir. Bakı-Ceyhan əsas ixrac boru neft kəmərinin və Transxəzər qaz kəmərinin çəkilişi istər region ölkələrinin, istərsə də ABŞ-ın iqtisadiyyatında əhəmiyyətli yer tutacaqdır.

Heydər Əliyev: Münaqişənin sülh yolu ilə həlli Azərbaycan dövləti üçün də çox önəmlidir. Regionda əmin-amanlığın bərpası nəinki region xalqları, ümumiyyətlə, bəşəriyyət üçün qaçılmazdır. Bu baxımdan Azərbaycan-Amerika strateji tərəfdaşlığının daha da möhkəmləndirilməsi günün ən vacib məsələlərindəndir. Bu, hər iki dövlət üçün faydalıdır.