"Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin "Şahdəniz" yatağından əldə olunacaq təbii qazın Bakı-Tbilisi-Ərzurum marşrutu ilə nəqlinə dair Azərbaycan Respublikası ilə Gürcüstan arasında sazişin imzalanması mərasimində nitqi" (Bakı, 29 sentyabr 2001-ci il) sənədinə tarixi arayış


29 sentyabr 2001-ci ildə Bakıda rəsmi səfərdə olan Gürcüstan Prezidenti Eduard Şevardnadze Azərbaycan Prezidenti Heydər Əliyevlə birgə iki qonşu ölkə arasında münasibətlərin müxtəlif sahələri haqqında fikir mübadiləsi aparıb. Rəsmi səfərin gedişində iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsinə xidmət edən bir neçə sənəd imzalanıb. Bu sənədlərdən daha çox diqqət mərkəzində "Şahdəniz" yatağından əldə olunacaq təbii qazın Bakı -Tbilisi - Ərzurum marşrutu ilə nəqlinə dair iki ölkə arasında imzalanan saziş olub. "Şahdəniz" yatağından əldə olunacaq təbii qazın Bakı - Tbilisi - Ərzurum marşrutu ilə nəqlinə dair Azərbaycan Respublikası ilə Gürcüstan Respublikası arasında Saziş" adlanan bu sənədin imzalanması ilə müəllifi Heydər Əliyev olan Azərbaycan neft strategiyasının növbəti uğuru tarix səhifəsinə yazılıb.

Sənədin imzalanması mərasimində Azərbaycan və Gürcüstan prezidentləri ilə yanaşı, "Sahdəniz" yatağının birgə işlənilməsi konsorsiumunda pay alan iri şirkətlərin rəhbərləri iştirak ediblər. Adı qeyd edilən sənədin imzalanması mərasimindən sonra hər iki dövlət başçısı çıxış edib. Mərasimdə çıxış edən Azərbaycan Prezidenti Heydər Əliyev qaz kəmərinin əhəmiyyətinə toxunaraq deyib: "Bu əhəmiyyət ondan ibarətdir ki, əvvəla, Cənubi Qafqaz, Avropa və Qərb arasında sıx inteqrasiya gedir, ikincisi, bu neft və qaz kəmərləri regionumuzda təhlükəsizliyə, sabitliyə və sülhə mühüm təminatdır". 

Qeyd edək ki, Xəzərin Azərbaycana aid sektorunda yerləşən "Şahdəniz" yatağı əsasən qazla zəngin ən iri yataqdır. Azərbaycan müstəqillik əldə etdikdən sonra yatağın xarici neft şirkətləri ilə birgə işlənməsini nəzərdə tutan hasilatın pay bölgüsü haqqında saziş hazırlanıb. Bu saziş 1996-cı il iyunun 4-də Bakıda imzalanıb. Sazişin tərəfdaşları ARDNŞ (Azərbaycan), "bp" (Böyük Britaniya), "Statoyl" (Norveç), "TPAO" (Türkiyə), "Elf Akiten" (Fransa), "Lukoyl" (Rusiya) və "OİEK" (İran) şirkətidir. Layihə imzalanan zaman yataqdakı karbohidrogen ehtiyatların həcmi geoloqlar tərəfindən 400 milyard kubmetr qaz, 200 milyon ton qaz-kondensat və 100 milyon ton neft ehtiyatı kimi göstərilirdi. Lakin son (2007-ci ilin sonuna olan məlumata görə) kəşfiyyat-axtarış işləri nəticəsində yataqda təkcə qaz ehtiyatının 1,3 trilyon kubmetr olduğunu müəyyənləşdirib. (http://www.president.az/)

Hazırda layihədə texniki operator "bp" və kommersiya operatoru "Statoyl" 25,5%, Total 10%, LUKAcip 10%, NIKO 10%, ARDNŞ 10%, TPAO 9% pay sahibidir. (http://www.socar.gov.az/)

Müqavilə işlənmə, istismar və nəqletmə məsələləri daxil olmaqla 30 il müddətini əhatə edir. Bu müddət ərzində layihənin icrasına 4 milyard ABŞ dolları məbləğində investisiya qoyuluşu tələb olunur. Layihənin imzalanmasından ötən 12 il ərzində yataqdakı işlər və boru kəmərinin bütün infrastrukturu ilə istifadəyə verilməsinə 2,3 milyard ABŞ dolları investisiya qoyulub. "Şahdəniz" yatağından ilkin (sınaq) hasilat 12 iyul 1999-cu ildə olub. 2003-cü ilin 27 fevralında hasilat prosesinə start verilib. 2006-cı ilin dekabrında isə hasilatın birinci fazası üzrə layihənin icrasına başlanıb. 2013-cü ildə yataqda tammiqyaslı hasilat prosesinə başlanacaq. Bu zaman ildə 16-20 milyard kubmetr qazın hasil edilməsinə imkan verən yataqdan 2007-ci ildə 7 milyard kubmetrdən artıq qaz hasil edilib. Həmin il bütövlükdə Azərbaycan Respublikası üzrə qaz hasilatı 17 milyard kubmetrə yaxın olub. Dövlətə qaz təhvili isə 9,1 milyard kubmetr təşkil edib. (http://www.socar.gov.az/) 

Hazırda konsorsiumun "Şahdəniz" yatağından hasil etdiyi mavi yanacaq 2007-ci ilin yanvarında istifadəyə verilən Bakı - Tbilisi -Ərzurum (BTƏ) qaz kəməri vasitəsilə dünya bazarlarına göndərilir. 16 oktyabr 2004-cü ildə Bakı - Tbilisi - Ceyhan neft kəmərinin Azərbaycan və ‎Gürcüstan ‎hissələrinin birləşdirildiyi gündən BTƏ qaz kəmərinin ‎tikintisinə start verilib. ‎Təqribən iki il ərzində tikintisi başa çatdırılan kəmərin layihə dəyəri 1,3 milyard ABŞ dolları olub. (http://www.socar.gov.az/) 

"Şahdəniz" yatağında tammiqyaslı hasilata 2013-cü ildə başlanılmasına baxmayaraq, 2007-ci ildən başlayaraq Azərbaycan qaz idxal edən ölkədən, qaz ixrac edən ölkəyə çevrilib və həmin ildən başlayaraq mavi yanacağı Gürcüstan və Türkiyəyə ixrac etməyə başlanıb. Bununla da alternativ enerji mənbələri axtarışında olan Avropa Birliyi (AB) ölkələri BTƏ qaz kəmərinə və Azərbaycan qazına xüsusi qiymət verməyə başladılar. Hazırda AB-yə üzv olan bir neçə ölkə Azərbaycan hökuməti ilə bu istiqamətdə danışıqları davam etdirməkdədir. 2008-ci ilin ən aktual mövzularından biri olan NABUKKO qaz kəməri layihəsi ideyasının meydana çıxmasında (Orta Asiya qazının Qafqazdan keçməklə boru kəməri ilə Avropaya ötürülməsi) BTƏ kəməri əsas ötürücü həlqə, Azərbaycan isə əsas tranzit ölkə kimi prioritet hesab edilir. 

Qeyd edək ki, 2008-ci ildə 5 milyard kubmetrdən artıq mavi yanacağın BTƏ qaz kəməri ilə ixrac edilməsi nəzərdə tutulur. Cari ildə ölkədəki qaz hasilatının 26 milyard kubmetr olacağı proqnozlaşdırılıb. (http://www.socar.gov.az/)

Tarixi arayış 6 noyabr 2008-ci ildə tərtib edilib.‎