Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin bəyanatı - 4 fevral 1998-ci il


Son günlər Ermənistanda yaranmış vəziyyəti biz narahatlıq hissi ilə izləyirdik. Nəhayət, baş vermiş hadisələrlə - Ermənistan prezidenti Levon Ter-Petrosyanın istefa verməsi ilə əlaqədar bəyan edirəm ki, Azərbaycan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinin tərəfdarı olubdur və bu gün də Azərbaycanın bu məsələnin sülh yolu ilə həll edilməsi tərəfdarı olduğunu bir daha bildirirəm.

1994-cü ilin may ayında Ermənistan-Azərbaycan münaqişəsində atəşin dayandırılması haqqında əldə olunmuş sazişi mən böyük nailiyyət hesab edirəm. Ötən illər Ermənistan ilə Azərbaycanın birgə səyləri nəticəsində atəşkəs rejimi qorunub saxlanılıbdır.

Bu gün bəyan edirəm ki, bu gün də, gələcəkdə də Azərbaycan atəşkəs rejiminin qorunub saxlanılmasını təmin edəcəkdir.

Ümidvaram ki, Ermənistanda daxili məsələlər tezliklə həll olunacaqdır və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması prosesi ATƏT-in Lissabon zirvə görüşündə qəbul edilmiş prinsiplər əsasında davam edəcəkdir. Biz hesab edirik ki, münaqişənin sülh yolu ilə həll olunması üçün ATƏT-in Minsk qrupu, Minsk qrupunun həmsədrləri indiyə qədər çox iş görüblər. İnanıram ki, bundan sonra da Minsk qrupunun həmsədrlərinin - Rusiyanın, Amerika Birləşmiş Ştatlarının, Fransanın iştirakı və onların vasitəçiliyi ilə Ermənistanla Azərbaycan arasındakı sülh danışıqları davam edəcəkdir və biz böyük sülhün əldə edilməsinə nail olacağıq.

"Azərbaycan" qəzeti, 5 fevral 1998-ci il.