Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Rusiya Federasiyasına rəsmi səfəri (2-4 iyul 1997-ci il)


1991-1993-cü illərdə iki ölkə arasında münasibətlər normaldan çox uzaq idi. Yalnız 1993-cü ilin iyununda hakimiyyətə yenidən qayıdan Heydər Əliyevin apardığı siyasət və diplomatik məharəti sayəsində Rusiya Azərbaycanın müstəqilliyi və Qafqaz bölgəsinin nüfuzlu, perspektiv imkanları geniş olan dövlət statusu ilə barışıb və praqmatik münasibətlər yaratmaq əzmini nümayiş etdirib.

Bu istiqamətdə ən əhəmiyyətli hadisə isə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Rusiya Federasiyasının Prezidenti Boris Yeltsinin dəvətilə bu ölkəyə rəsmi səfəri olub.

İyulun 3-də səfərin əsas hadisəsi, Kremldə Rusiya və Azərbaycan prezidentlərinin görüşü olub. Qarşılıqlı hörmət və mehribanlıq şəraitində keçən görüşdə iki ölkə arasında siyasi, iqtisadi münasibətlər, Xəzərin statusu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, eləcə də Rusiyadan Ermənistana qanunsuz silah verilməsi məsələləri müzakirə olunub.

Görüşdən sonra Rusiya-Azərbaycan ikitərəfli sənədlərinin imzalanması mərasimi olub. Rusiya Federasiyası ilə Azərbaycan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında müqavilə, eləcə də bir sıra iqtisadi sazişlər imzalanıb.

İmzalanma mərasimindən sonra mətbuat konfransında prezidentlər bəyanatla çıxış ediblər. Prezident Heydər Əliyev imzalanan sənədlərin bütün sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün yaxşı müqavilə-hüquqi zəmin yaratdığını bildirib.

İyulun 3-də Azərbaycan Prezidenti Baş nazir Viktor Çernomırdin, xarici işlər naziri Yevgeni Primakovla, Rusiya Federasiya Şurasının sədri Yeqor Stroyevlə, Dövlət Dumasının sədri Gennadi Seleznyovla görüşüb. Görüşlərdə ikitərəfli əməkdaşlığa dair bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Həmin gün Prezident Heydər Əliyev Rusiyanın maliyyə və işgüzar dairələrinin nümayəndələri ilə görüşdə çıxış edib. Heydər Əliyev Azərbaycanın bank işi, neft sənayesi, neft maşınqayırması sənayesi sahələrində Rusiya şirkətləri ilə əməkdaşlığa hazır olduğunu və bunun üçün müvafiq qanunvericiliyin mövcudluğunu xatırladıb.

Prezident Heydər Əliyev həmçinin, Rusiya Baş nazirinin müavini Boris Nemtsovla, daha sonra isə Rusiya Elmlər Akademiyasının üzvləri ilə görüşüb. Heydər Əliyev müstəqillik dövründə elmi təşkilatların üzərinə düşən vəzifələrdən danışıb və elmlər akademiyası strukturlarının qorunub saxlanılmasının vacibliyini vurğulayıb.

İyulun 3-də Kremlin Qranovit Platasında Rusiya Federasiyası Prezidenti adından Azərbaycan Prezidentinin şərəfinə rəsmi qəbul təşkil olunub. Qəbulda çıxış edən Prezident Heydər Əliyev bildirib: “Tarixi dostluğumuzun, tarixi keçmişimizin və əvvəlki nəsillərdən bizə qalan və rus xalqı ilə Azərbaycan xalqı, Rusiya ilə Azərbaycan xalqları arasında dostluq kimi səciyyələndirilən hər şeyin bizim üçün xüsusi əhəmiyyəti var. Biz hesab edirik ki, indi bu sənədlərin imzalanmasından sonra biz münasibətlərimizin yeni mərhələsinə daxil oluruq və əmin edirəm ki, Rusiya ilə Azərbaycan arasında dostluq münasibətlərinin Rusiya və Azərbaycanın mənafeləri naminə inkişaf etməsi və möhkəmlənməsi üçün Azərbaycan əlindən gələni əsirgəməyəcəkdir.”

İyulun 4-də Azərbaycan Prezidenti Heydər Əliyev Rusiyanın baş prokuru ilə görüşüb, “Exo Moskva” radiostansiyasına birbaşa efirdə müsahibə verib və “RİA-Novosti” agentliyinin təşkil etdiyi mətbuat konfransında bəyanatla çıxış edib. Heydər Əliyev Rusiyada gedən demokratik prosesləri dəstəklədiyin bildirib və qeyd edib: “Biz təzələnmiş Rusiya ilə, demokratik Rusiya ilə, bütün ölkələrlə, o cümlədən, Azərbaycana dostcasına, bərabər hüquqla yanaşan Rusiya ilə çox sıx münasibətlərə, dostluq münasibətlərinə malik olmaq istəyirik”.

Bu tarixi səfərdən sonra Azərbaycan-Rusiya münasibətlərində bir sıra müsbət meyllər müşahidə olunmağa başlayıb. Bu prosesdə əsas rol isə iki ölkə arasında 3 iyul 1997-ci ildə imzalanan dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında müqavilə oyanayır.