Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının baş naziri zati-aliləri cənab Toni Bleyerə - Bakı, 4 oktyabr 1999-cu il


Hörmətli cənab baş nazir!

"Əsrin müqaviləsi"nin beşinci ildönümü münasibətilə səmimi təbriklərinizə görə sizə dərin minnətdarlığımı bildirirəm.

Xəzərin Azərbaycan sektorundakı zəngin neft və qaz yataqlarının birgə işlənilməsində Böyük Britaniya şirkətlərinin iştirakına böyük əhəmiyyət verirəm. Enerji ehtiyatlarımızın hasil olunması və dünya bazarlarına çatdırılması işində Britaniya hökumətinin səylərini yüksək qiymətləndirirəm.

Ümidvaram ki, Xəzər dənizinin karbohidrogen ehtiyatlarının istismarı və nəqlinə dair birgə layihələrimizin həyata keçirilməsi sahəsində əməkdaşlığımız bundan sonra da müvəffəqiyyətlə davam edəcəkdir.

Əminəm ki, Azərbaycan-Britaniya əlaqələri xalqlarımızın və ölkələrimizin mənafeləri naminə daim genişlənəcək və inkişaf edəcəkdir.

Sizə və dost Britaniya xalqına ən xoş arzularımı çatdırıram.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.


"Azərbaycan" qəzeti, 7 oktyabr 1999-cu il.