Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Gürcüstan Prezidenti Eduard Şevardnadzeyə M. Ə. Rəsulzadə adina BDU-nun fəxri doktoru diplomunun təqdim edilməsi mərasimində nitqi - 19 fevral 1997-ci il


Hörmətli Prezident, əziz dostum Eduard Şevardnadze!

Mən Sizi Bakı Dövlət Universitetinin fəxri doktoru adı almağınız münasibətilə ürəkdən təbrik edirəm. Sizə cansağlığı və böyük dövlət işinizdə uğurlar arzulayıram. Hörmətli dostum, Sizə Bakı Dövlət Universitetinin fəxri doktoru adı verilməsinin səbəbləri və əsasları haqqında burada artıq geniş məlumat verildi. Mən də təsdiq edirəm ki, burada göstərilənlər həqiqətən Sizə Bakı Dövlət Universitetinin fəxri doktoru adı verilməsi üçün tam əsasdır və ona görə də bu adı Siz tamamilə əsaslı olaraq almısınız. Mən sadəcə onu əlavə etmək istəyirəm ki, Sizin parlaq həyat yolunuz və böyük ictimai-siyasi, dövlətçilik fəaliyyətiniz həm Gürcüstanda – keçmişdə və indi, – həm də böyük bir dövlətin rəhbəri kimi bir vəzifədə gördüyünüz işlərin hamısı elmi əsaslar üzərində durmuşdur. Bunların hamısı dünya elminə böyük töhfələrdir və Sizin məhz elmi fəaliyyətinizin bu hissəsi, hesab edirəm ki, Sizə fəxri doktor adı vermək barədə qərar qəbul edərkən əsas tutulubdur.

Böyük siyasətlə, dövlət işi ilə məşğul olan şəxslər bəlkə də xüsusi elmi məqalələr, kitablar yazmırlar. Ancaq onların gündəlik ictimai-siyasi fəaliyyəti, böyük dövlət işinə rəhbərlik etməsi, dövlət əhəmiyyətli məsələləri həll etməsi hər dəfə elmi axtarışdır, tapıntıdır, elmi ixtiradır. Buna görə də Eduard Şevardnadze kimi dünya miqyaslı böyük .siyasətçinin bütün fəaliyyəti eyni zamanda elmi fəaliyyətdir. İki gündür ki, dostum Eduard Şevardnadze ilə Gürcüstan-Azərbaycan əlaqələrinin bundan sonra da genişlənməsini, inkişaf etdirilməsini, Qafqazda olan vəziyyəti ətraflı müzakirə etmişik. Eyni zamanda, beynəlxalq aləmdə gedən prosesləri müzakirə etmişik. Mənsub olduğumuz Müstəqil Dövlətlər Birliyində gedən prosesləri, ölkələrimizin Avropa ilə, Qərb ölkələri ilə gündən-günə inkişaf edən əlaqələrini və bununla bağlı problemləri, bir çox başqa məsələləri müzakirə etmişik. Ancaq apardığımız söhbətlərin, fikir mübadiləsinin mərkəzində daim Qafqazda sülhün, əmin- amanlığın yaranması, Gürcüstanın və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, Gürcüstan və Azərbaycan ərazilərində baş vermiş hərbi münaqişələrə son qoyulması durmuşdur.

Hörmətli alimlər, hörmətli müəllimlər!

İnanın ki, hər bir belə məsələnin müzakirəsi, bu problemlərin həlli barədə müəyyən qərarların qəbul edilməsi, onların həll olunma yollarının araşdırılması və ayrı-ayrı tədbirlərin görülməsinin özü də elmi işdir, axtarışdır, ixtiradır. Təəssüf ki, görülən işlərin əksəriyyəti nə kitablara, nə bir başqa yerə yazılır. Ancaq bunlar xalqların, millətlərin, ölkələrin, xüsusən, konkret olaraq bizim regionun, ölkələrimizin, millətlərimizin xalqlarımızın həyatında əvəzsiz rol oynayır. Bu danışıqlar və əldə olunan razılıqlar haqqında əziz dostum Eduard Şevardnadze sizə ətraflı məlumat verdi. Mən bəyan edirəm ki, Eduard Şevardnadzenin indicə sizə verdiyi məlumatların hamısı ilə mən razıyam. Onlar bizim birgə fikirlərimizdir, birgə qəbul etdiyimiz təkliflərdir və biz bundan sonra bunları birlikdə də həyata keçirəcəyik. Eyni zamanda, cənab Şevardnadzenin dediyi kimi, bu məsələlərin həllində bundan sonra da alimlərimizin, ziyalılarımızın, ictimai-siyasi həyatda fəal iştirak edən şəxslərin fikirlərinə, tövsiyələrinə, təkliflərinə bizim ehtiyacımız var və hər dəfə sizin fikirlərinizdən və təkliflərinizdən əməli işimizdə istifadə olunacaqdır.

Bu gün dostum Eduard Şevardnadzeyə burada Bakı Dövlət Universitetinin fəxri doktoru adının verilməsi eyni zamanda siyasi xarakter daşıyır. Bu, xalqlarımızın, ölkələrimizin, dövlətlərimizin arasında dostluq, əməkdaşlıq, qardaşlıq əlaqələrinin inkişafına kömək edən böyük amildir. Gürcüstan ilə Azərbaycan arasında əlaqələrin isə böyük tarixi var.

Azərbaycan prezidenti bir il bundan öncə Gürcüstanın görkəmli alimləri – Tbilisi Dövlət Universiteti professor-müəllim heyətinin qarşısında çıxış etmişdir və bu gün də Gürcüstanın prezidenti ilk dəfə olaraq Azərbaycanın görkəmli alimlərinin – Bakı Dövlət Universitetinin professor-müəllim heyətinin qarşısında çıxış edir. Bunlar çox əlamətdar hallardır. Mən bir il bundan öncə Tbilisi Dövlət Universitetində keçirdiyim görüşləri, dostcasına, mehriban söhbəti məmnuniyyət hissi ilə xatırlayıram. Mənə Tbilisi Dövlət Universitetinin fəxri doktoru adının verilməsindən çox böyük qürur hissi duyuram. Hesab edirəm ki, bir il bundan öncə Tbilisi Dövlət Universitetində və bu gün Bakı Dövlət Universitetində baş verən hadisələr xalqlarımızın, ölkələrimizin bundan sonra da dostcasına yaşamasına, əlaqələrimizin inkişaf etməsinə kömək edəcəkdir və buna xidmət edəcəkdir.

Hörmətli dostum Eduard Şevardnadze kimi, mən də bu gün bu hadisələri elmimizin, təhsilimizin, ziyalıların dövlətə, dövlətçiliyə və dövlət başçılarına göstərdikləri hörmətin, ehtiramın təzahürü kimi qəbul edirəm. Eyni zamanda, Gürcüstan Prezidenti Eduard Şevardnadzenin sizin qarşınızda etdiyi dərin məzmunlu, elmi fikirlərlə, elmi əsaslarla dolu olan nitqi Gürcüstanın dövlət başçısının Azərbaycanın elm, təhsil xadimlərinə, ziyalılarına göstərdiyi böyük diqqətin və hörmətin təzahürüdür. Cənab Şevardnadzenin dediyi kimi, bundan sonra Gürcüstanın və Azərbaycanın ziyalıları, elm, mədəniyyət xadimləri, xüsusən universitetlərimiz, təhsil ocaqlarımız bir-biri ilə daha sıx əlaqə saxlayacaq, əməkdaşlıq edəcək, birgə elmi işlər aparacaq, təhsilin yenidən qurulması sahəsində təcrübə mübadiləsi edəcək və beləliklə də Gürcüstan-Azərbaycan əməkdaşlığının gələcəkdə inkişaf etməsinə öz töhfələrini verəcəklər.

Hörmətli xanımlar və cənablar! Hörmətli dostlar!

Mən bu gün sizinlə bir yerdə olduğuma görə, Bakı Dövlət Universitetinin professor-müəllim heyəti ilə, tələbələrinin nümayəndələri ilə görüşdüyümə görə çox məmnun olduğumu bildirirəm. Bu görüşə görə çox sevinirəm, çox şadam və bu görüşün yaranmasına səbəbkar olan dostum Eduard Şevardnadzeyə minnətdarlığımı bildirirəm.

Əziz dostum Şevardnadze!

Yüksək fəxri ad almağınız, bugünkü çox dərin məzmunlu və mənalı nitqiniz münasibətilə Sizi bir daha ürəkdən təbrik edirəm, Sizə cansağlığı, səadət arzulayıram. Dost, qardaş gürcü xalqına qarşısında duran böyük və möhtəşəm vəzifələrin yerinə yetirilməsində uğurlar diləyirəm.