Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Qərbi Avropa ölkələrinə işgüzar səfərə yola düşməzdən əvvəl Binə Hava Limanında müxbirlərin suallarına cavabı - 21 aprel 1996-cı il


Avropa Birliyi ilə Azərbaycan arasında əməkdaşlıq artıq başlanıbdır. Biz xeyli zamandır ki, bu əməkdaşlığı yaratmaq üçün addımlar atmışıq, danışıqlar aparmışıq və nəhayət, indi Avropa Birliyi qərara alıbdır ki, aprelin 22-də Lüksemburqda Avropa Birliyinin üzvü olan ölkələrin xarici işlər nazirlərinin toplantısında Azərbaycan, eləcə də Gürcüstan və Ermənistan Avropa Birliyinə qəbul olunmaq üçün saziş imzalayacaqlar. Bu, şübhəsiz ki, ilkin sazişdir, amma çox mühüm bir sazişdir və bunun tarixi əhəmiyyəti var. Çünki bu saziş Azərbaycanın Avropa Birliyinə qoşulmasında böyük bir addımdır.

Bunun həm iqtisadi, həm də siyasi əhəmiyyəti var. Bu, Azərbaycanda demokratiyanın inkişafı, Azərbaycanın demokratiya yolu ilə, bazar iqtisadiyyatı yolu ilə getməsi prinsiplərinin Azərbaycanda daha da inkişaf etməsi üçün yeni bir mərhələdir. Ona görə mən buna çox böyük əhəmiyyət verirəm və bir də qeyd edirəm ki, mən yola düşməzdən öncə biz burada - Azərbaycanda bu məsələni müzakirə etdik. Hesab edirəm ki, bu, Azərbaycanın həyatında tarixi hadisədir. Eyni zamanda mən Brüsseldə olarkən NATO-nun Baş Qərargahına gedəcəyəm. Bildiyiniz kimi, 1994-cü il mayın 4-də Azərbaycan NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramına qoşulubdur və o  zaman mən bu barədə sənədi imzalamışam. İndi o sənədin imzalanması ilə əlaqədar bu qoşulmanın prezentasiya sənədi təqdim ediləcəkdir. Burada da görüşlərimiz olacaqdır.

Ondan sonra isə mən Norveçə yola düşəcəyəm. Norveç ilə Azərbaycan arasındakı əlaqələr son zamanlar çox sürətlə inkişaf edir. Bilirsiniz ki, Norveçin böyük neft şirkəti "Statoyl" Xəzər dənizinin Azərbaycan sektorunda neft yataqlarının istifadə olunmasında iştirak edir və konsorsiumun üzvüdür. Biz onlarla çox sıx əməkdaşlıq edirik və Norveç hökumətinin dəvəti ilə mən bu ölkəyə rəsmi səfərə gedirəm. Orada Norveçlə Azərbaycan arasında əlaqələrin inkişaf etdirilməsi üçün danışıqlar aparılacaq və bir çox sənədlər imzalanacaqdır.

Hesab edirəm ki, bunların hamısı Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirən və onu dünyada bir daha nümayiş etdirən addımlardır, hadisələrdir və eyni zamanda Azərbaycanın Dünya Birliyində tutduğu özünəməxsus yeri bir daha əyani surətdə nümayiş etdirir.

Suаl: Ayaz Mütəllibovun Azərbaycana verilməsi məsələsinə necə baxırsınız?

Сavab: Adamlar öz vətənindən qaçmamalıdırlar. Hətta hüquqa, qanuna zidd hansısa əməllər törətmiş olsalar da, öz xalqı, öz hakimiyyət orqanları qarşısında bunu etiraf etmək yaxşıdır, nəinki hansısa başqa bir ölkədə sığınacaq tapmaq. İndiki halda Mütəllibov da, Rəhim Qazıyev də cinayət etmişlər. Əslində elə buna görə də uzun müddətdir ki, Azərbaycanın hüdudlarından kənarda gizlənirdilər.

Bilirsiniz ki, Rəhim Qazıyev Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən həbs edilmiş və respublikamıza verilmişdir, Azərbaycanın hüquq-mühafizə orqanlarının sərəncamındadır. Mütəllibov da həbs olunub və Rusiyanın hüquq-mühafizə orqanlarının sərəncamındadır. Zənnimcə, bunun özü Rusiya ilə Azərbaycan arasında, o cümlədən hüquq-mühafizə orqanlarımız arasında mehriban əməkdaşlığın olmasına inandırıcı sübutdur. Bu fakt göstərir ki, Rusiya ilə Azərbaycan arasında münasibətlər dostluq xarakteri daşıyır və biz bu münasibətləri çox yüksək qiymətləndirir, bunları bütün sahələrdə - iqtisadiyyatda da, elm-texnika sahəsində də inkişaf etdirmək, dərinləşdirmək üçün hər şeyi edirik. Yeri gəlmişkən, deyim ki, aprelin 23-də Moskvada Azərbaycan mədəniyyəti günləri başlanacaqdır. Biz Rusiya ilə dostluğu Azərbaycanın xarici siyasət sahəsində əməkdaşlığının çox mühüm amili sayırıq.

Rəhim Qazıyevə gəldikdə isə, bilirsiniz ki, o, Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasından qaçmış və qanunsuz yolla Azərbaycanın hüdudlarını tərk edərək Moskvada gizlənirdi. Şübhəsiz ki, buna görə cavab verməlidir. О ki qaldı bağışlanma haqqında müraciətə, bizim məhkəməmiz ədalətlidir, əgər insan öz günahını başa düşürsə, əməllərindən peşman olursa, ona həmişə rəhm edilir. Ona da belə münasibət ola bilər.

Mənə məlum olduğuna görə, Mütəllibov ən yüksək cəza – ölüm cəzası nəzərdə tutulan maddə ilə ittiham edilmir. Buna görə də hesab edirəm ki, onun barəsində belə cəza tətbiq oluna bilməz. Ümumən onun məsuliyyət daşımasına gəldikdə isə, hesab edirəm ki, o, Vətəninə qayıtmalı və ədalət məhkəməsi qarşısında dayanmalıdır. Məhkəmə ona ədalətlə və mərhəmətlə yanaşacaqdır.

Suаl: Axtarışda olan adamların verilməsi müqabilində Azərbaycanın müəyyən güzəştlərə gedə biləcəyi barədə şayiələrlə əlaqədar fikrinizi bilmək olarmı?

Сavab: Bilirsiniz, bunlar çox bəsit uydurmalardır. Dövlətlərarası münasibətlər, xüsusən də Azərbaycan üçün çox yaxın, dost dövlət olan Rusiya kimi böyük bir ölkə ilə münasibətlərimiz hansısa təsadüfi amillər əsas götürülməklə qurula bilməz. Bu şayiələr olduqca bəsit uydurmadır. Mən də fikir vermişəm, Moskva mətbuatında belə mülahizələr, ehtimallar artıq dərc olunur. Mən buna hətta təəccüb edirəm. Bilirsiniz, biz Rusiya ilə çox mehriban əməkdaşlıq edirik, bu əməkdaşliq konyunktura xarakteri daşımır və hansısa cinayətkarın Azərbaycana verilib-verilməməsindən asılı ola bilməz. Əgər biz dövlətlərarası münasibətlərimizi həmin prinsiplər əsasında qursaydıq, bu, bizim də, Rusiyanın da səviyyəsini aşağı salmış olardı. Hesab edirəm ki, Rusiya Federasiyası dövləti də, Azərbaycan dövləti də bu təsadüfi hallardan çox-çox yüksəkdə dayanır.

Biz Rusiya ilə fəal əməkdaşlıq edirik. Biz MDB-yə daxilik, onun tərkibində də əməkdaşlığımız uğurla gedir. Xəzərdəki neft yataqlarının birgə işlənməsində də Rusiya Federasiyası ilə çox fəal əməkdaşlıq edirik, Rusiyanın "LUKoyl" şirkəti beynəlxalq konsorsiumda böyük yer tutur. Bu ilin yanvarında Moskvada mən və Rusiyanın baş naziri cənab Çernomırdin Azərbaycandan ilkin neftin Rusiyanın Novorossiysk limanına və oradan Qara dəniz vasitəsilə ixracına dair böyük saziş imzalamışıq. Əməkdaşlığa dair çoxlu başqa layihələrimiz də var, bunlar irimiqyaslı, dövlətlərarası xarakter daşıyır. Rəhim Qazıyevin, yaxud Mütəllibovun şəxsiyyəti bununla müqayisədə əhəmiyyətsiz şeydir.

Tarixi arayış