Ağqoyunlu dövləti


Ağqoyunlular VI əsrin sonu, VII əsrin əvvəllərində Baş Qafqaz dağları ilə Araz çayı arasındakı ərazidə yaşayırdılar. Bu tayfaların bir qismi sonralar Kiçik Asiyanın şərqində (Şərqi Anadoluda), Diyarbəkirdə və İraqda da məskunlaşdılar. 1453-cü ildə cəsur sərkərdə və müdrik dövlət xadimi Uzun Həsənin hakimiyyətə gəlməsi ilə paytaxtı Diyarbəkir olan Ağqoyunlu tayfa birliyi daha da qüvvətləndi. Uzun Həsən 1467-ci ildə Qaraqoyunlu dövlətinin varlığına son qoydu. 1468-ci ildə Qaraqoyunlu dövlətinin bütün ərazisini ələ keçirdi və paytaxtı Diyarbəkirdən Təbrizə köçürdü.Qısa müddət ərzində əldə etdiyi parlaq qələbələr nəticəsində Uzun Həsən Kürdən cənubdakı Azərbaycan torpaqları və Diyarbəkirdən əlavə Qərbi Azərbaycanı, Kürdüstanı, Tiflis də daxil olmaqla Gürcüstanın bir hissəsini, İranın böyük hissəsini və İraqı da Ağqoyunlu dövlətinə (1468-1501) birləşdirdi. Uzun Həsən Xorasandan Aralıq dənizi sahilində yerləşən Qaraman bəyliyinə qədər əraziləri əhatə edən böyük bir imperiya yaratdı.Uzun Həsənin hakimiyyəti illərində Ağqoyunlu dövləti Yaxın və Orta Şərqin ən qüdrətli dövlətlərindən birinə çevrildi. Uzun Həsənin ölümündən sonra Ağqoyunlu dövləti daxili çəkişmələr nəticəsində tədricən tənəzzülə uğradı. 1499-cu ildə Ağqoyunlu dövləti artıq iki hissəyə bölündü, 1501-ci ildə isə öz yerini Uzun Həsənin nəvəsi İsmayılın qurduğu Səfəvi-Qızılbaş dövlətinə verdi.