"Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Macarıstan Respublikasının Prezidenti zati-aliləri cənab Ferents Madla məktubu" (21 oktyabr 2003-cü il) sənədinə tarixi arayış


Macarıstan Azərbaycanın müstəqilliyini 26 dekabr 1991-ci ildə tanıyıb, iki ölkə arasında diplomatik münasibətlər 1992-ci il noyabrın 27-də yaradılıb. 1994-cü ilin dekabrında ATƏT-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycan Prezidenti Heydər Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Budapeştə səfər edib.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 2003-cü il oktyabrın 21-də Macarıstanın Prezidenti Ferents Madla Macarıstan Respublikasının milli bayramı münasibətilə təbrik məktubu göndərib. Məktubunda prezident Heydər Əliyev Azərbaycanla Macarıstan arasındakı dostluq münasibətlərinin iki xalqın rifahı naminə daim inkişaf edəcəyinə və genişlənəyinə əminliyini ifadə edib.

2006-cı il yanvarın 22-24-də Macarıstan Xarici İşlər Nazirliyinin siyasi məsələlər üzrə Dövlət Katibi A. Barşoninin rəhbərlik etdiyi nümayəndə heyəti siyasi və iqtisadi məsləhətləşmələr keçirmək məqsədilə Azərbaycana səfər edib. Səfər zamanı macar diplomatlarını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, həmçinin, Azərbaycan Milli Məclisinin sədri, xarici işlər naziri, sənaye və energetika naziri də qəbul edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2008-ci il fevralın 18-19-u Macarıstanda dövlət səfərində olub. Fevralın 18-də Azərbaycan prezidenti İlham Əliyevin və Macarıstan prezidenti Laslo Şoyomun geniş tərkibdə görüşü olub. İkitərəfli münasibətlərin Avropa Birliyi çərçivəsində də əməkdaşlığın genişlənməsinə xidmət etdiyini deyən Macarıstan prezidenti iqtisadi əlaqələrin inkişafı üçün yaxşı imkanların olduğunu, xüsusilə energetika sahəsində Azərbaycanla əməkdaşlığa böyük diqqət yetirdiklərini, eyni zamanda, təhsil və elm sahəsində də əlaqələrin inkişaf etdirilməsində maraqlı olduqlarını vurğulayıb.

Öz növbəsində Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan ilə Macarıstan arasında əlaqələrin müxtəlif sahələr üzrə genişləndiyini, bu gün isə yeni səviyyəyə qədəm qoyduğunu deyib. Prezident həmçinin, Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə də toxunaraq Azərbaycan torpaqlarının 20 faizinin işğal edildiyini, ölkədə 1 milyondan çox qaçqın və məcburi köçkünün olduğunu xatırladıb. Macarıstan prezidenti Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və münaqişənin məhz bu çərçivədə sülh yolu ilə həllinə tərəfdar olduğunu bildirib.

Görüşdən sonra Azərbaycanla Macarıstan arasında dövlət əhəmiyyətli bir sıra sənədlərin imzalanma mərasimi olub.

Macarıstana səfəri çərçivəsində İlham Əliyev həmçinin, Baş nazir Ferents Dyurçan, Macarıstan Parlamentinin sədri xanım Katalin Sili və digər rəsmi şəxslərlə görüşüb. Fevralın 18-də Budapeştdə Azərbaycan Prezidenti İlham Əliyevə Macarıstanın nüfuzlu dövlət ali məktəblərindən biri olan Korvinus Universitetinin fəxri doktoru adı verilib, həmçinin prezident Azərbaycan - Macarıstan biznes forumunda iştirak edib.

İlham Əliyevin Macarıstana səfərindən sonra iki ölkə arasında münasibətlər daha da inkişaf edib. 2008-ci il mayın 18-də prezident Ilham Əliyev Macarıstanın xarici işlər naziri Kinqa Göntsin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Azərbaycanın Avropa Birliyinin yaxın qonşusuna çevrildiyini bildirən naziryeni qonşuluq siyasətinin Avropa Birliyi üçün böyük əhəmiyyət kəsb etdiyini bildirib. Azərbaycanla Avropa Birliyi arasında enerji məsələləri üzrə anlaşma memorandumunun imzalandığını xatırladan prezident İlham Əliyev bütün bunların əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı imkanlar yaratdığını bildirib.

Həmin il iyulun 7-də isə Macarıstanın Baş naziri Ferents Dyurçan Azərbaycana səfər edib. Onunla görüşdə Azərbaycan - Macarıstan əməkdaşlığının uğurla inkişaf etdiyini vurğulayan İlham Əliyev cənab Ferents Dyurçanın Azərbaycana səfərinin səmərəli keçəcəyinə, ölkələr arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə yaxşı perspektivlərinin olduğunu və bu əlaqələrin bundan sonra daha da genişlənəcəyinə əminliyini ifadə edib.

Tarixi arayış 30 oktyabr 2008-ci ildə tərtib edilib.