Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Sankt-Peterburqa işgüzar səfərə yola düşməzdən əvvəl Binə hava limanında kütləvi informasiya vasitələrinin nümayəndələrinə verdiyi müsahibə - 8 iyun 2002-ci il


Heydər Əliyev: Salaməleyküm, sabahınız xeyir olsun. Mənim Sankt-Peterburqa səfərim sizə məlumdur, elan olunubdur. Mən yanvarda Moskvada səfərdə olduğum zaman Rusiya Prezidenti Vladimir Putin təklif etdi ki, biz iyun ayının 9-da - gününü də o vaxt təyin etdi - görüşək, Nizami Gəncəvinin heykəlini birlikdə açaq. Mən bu təklifı qəbul etdim. İndi də Prezident Putinin dəvəti ilə Sankt-Peterburqa yola düşürəm.

Məqsəd, birincisi, Nizami Gəncəvinin heykəlini təntənəli surətdə açmaqdır, ikincisi də, iki prezidentin - Prezident Putinin və Prezident Əliyevin görüşüdür, bizi maraqlandıran məsələlər haqqında fıkir mübadiləsi, müzakirələr aparmaqdır.

Mən bu səfəri çox əhəmiyyətli hesab edirəm. Birincisi, ona görə ki, Azərbaycanın dahi şairi, fılosofu, mütəfəkkiri Nizami Gəncəvinin Sankt-Peterburqda heykəlinin ucaldılması bizim xalqımız, millətimiz, ölkəmiz üçün çox böyük qiymətə layiq hadisədir.

Sankt-Peterburq adi şəhər deyil, onun yaşı az, 300 il olsa da, bütün mənalarda, o cümlədən memarlığına, monumental heykəltəraşlıq əsərlərinə görə, dünyada çox məşhur muzeylərinə, bu muzeylərdə dünyanın ən böyük sənət adamlarının əsərlərinin olmasına görə, bir də siyasi tarixinə görə çox zəngin ənənələri olan şəhərdir. Ona görə belə bir şəhərdə bizim şairimiz Nizami Gəncəvinin heykəlinin ucaldılması, təbiidir ki, qürur hissi doğurur.

İkincisi də ki, Rusiya Prezidenti Putinlə görüşüb danışmaq həmişə faydalı olur. Hesab edirəm ki, bizim bu görüşümüz də faydalı olacaqdır. Hər görüşdə danışmaq, söhbət etmək, müzakirələr, fikir mübadiləsi aparmaq üçün çoxlu mövzular var. Ona görə ikimiz də bundan istifadə edəcəyik.

Sual: Cənab Prezident, Xəzərin statusu, koordinatların müəyyən edilməsi ilə bağlı sənəd nə üçün imzalanmayacaq, problemlərmi var?

Cavab: Heç bir problem yoxdur. Rusiya ilə bizim aramızda razılaşdırılmamış heç bir məsələ, problem yoxdur. Sadəcə 2-3 xırda məsələ vardı, amma vaxt itirildi. Onlarda xüsusi rejim var, məsələn, imzalanacaq sənəd müəyyən vaxta qədər hazırlanıb paraflanmayıbsa, həmin sənəd artıq konveyerdən çıxır. Ona görə də bu çıxdı. Güman edirəm ki, gələcəkdə münasib vaxtlarda bunu imzalayacağıq.

Sual: Cənab Prezident, Rusiya prezidenti ilə Dağlıq Qarabağ münaqişəsi ətrafında müzakirələr aparılacaqmı? Rusiya mətbuatı bu barədə artıq məlumat yaymışdır.

Cavab: Təbiidir, aparılacaqdır. Bu bizim əsas mövzularımızdan biridir.

Sual: Hansı istiqamətlərdə aparılacaqdır?

Cavab: Bütün istiqamətlərdə.

Sual: Cənab Prezident, əgər mümkündürsə, Nardaran hadisələrinə münasibətinizi bildirərdiniz.

Cavab: Nardaran hadisələri ilə bizim hüquq-mühafizə orqanları məşğul olur. Bilirsiniz ki, indi Nardaranda da hər şey sakitdir. Onlar məşğul olub qurtaracaqlar, mənə məruzə edəcəklər. Ondan sonra mən münasibətimi bildirəcəyəm.

Sual: Cənab Prezident, Rusiyada yaşayan azərbaycanlıların xüsusi statusu ilə bağlı Prezident Putinlə fikir mübadiləsi aparılacaqmı?

Cavab: Status haqqında bilmirəm, amma yəqin ki, mən Sankt-Peterburqda yaşayan azərbaycanlıların bir hissəsi ilə görüşəcəyəm.

Sual: Cənab Prezident, nardaranlıların ağsaqqalları çox xahiş etmişdilər ki, Sizinlə görüşsünlər. Siz onları qəbul edəcəksinizmi?

Cavab: Bilirsiniz, mən heç vaxt mənə edilən müraciətlərə laqeyd qalmıram.

Sual: Bu səfərinizdə Dağlıq Qarabağ probleminin həlli məsələsində Rusiyadan lazımi dəstək ala biləcəyikmi?

Cavab: Danışıqlar aparacağıq.

Sual: Cənab Prezident, Rusiyada Dövlət Duması Xəzəryanı ölkələrin parlamentlərinə müraciət edərək, Sahilyanı Dövlətlərin Parlament Assambleyasının yaradılması təşəbbüsünü irəli sürmüşdür...

Cavab: Ona bizim parlament baxacaqdır.

Sual: Cənab Prezident, Ermənistan Prezidenti Robert Köçəryan bazar ertəsi «Ailə» kanalına müsahibəsində demişdir ki, yaxın vaxtlarda Sizinlə görüşəcək, xarici işlər nazirləri bu görüşün vaxtını dəqiqləşdirirlər. Onun dediyinə görə, hətta razılıq əldə olunubdur ki, danışıqların təfsilatı gizli saxlanılacaqdır. Bu ay ərzində danışıqları gözləmək olarmı? Hesab etmək olar ki, ictimaiyyətin bilmədiyi digər təkliflər müzakirə ediləcəkdir?

Cavab: Güman etmirəm ki, biz bu ay ərzində görüşək. Amma görüşəcəyik.

Sual: Cənab Prezident, Azərbaycanın işğal olunmuş ərazilərində antiterror əməliyyatları aparmaq lazımdırmı? Buna Sizin münasibətiniz necədir?

Cavab: Bilirsiniz, bu, əsassız fikirdir ki, beyninizə salmısınız. İşğal olunmuş torpaqlarda indi antiterror əməliyyatı aparmaq, müharibəni başlamaq deməkdir, axı bilmədiyiniz şeyləri niyə deyirsiniz?

Sual: Bəs Avropa Birliyinin dörd rayonla bağlı təklifi necə, müzakirə obyekti ola bilərmi?

Cavab: Onların belə təklifı yoxdur, belə bir söhbət var.

Sual: Cənab Prezident, danışıqlar zamanı Ayaz Mütəllibovun Azərbaycana ekstradisiyası məsələsinə toxunulacaqmı? Çünki Rusiyanın da qoşulduğu saziş var, Azərbaycan lazımi sənədləri göndərə bilsə, o, Azərbaycana qaytarılmalıdır. Rusiya həmin sazişə əməl etmək istəmir, yoxsa hansısa problem var?

Cavab: Sizə lazımdırmı ki, Ayaz Mütəllibov buraya ekstradisiya edilsin? Lazımdırsa, mən onda deyim ki, bizim ictimaiyyət və xüsusilə jurnalistlər çox istəyirlər ki, Mütəllibovun elə orada qollarını bağlasınlar, gətirsinlər buraya, bizim jurnalistlər onunla söhbət etsinlər. Sağ olun.

Tarixi arayış

MÜSAHİBƏLƏR