Azərbaycan Prezidenti Heydər Əliyev və görkəmli alim, professor İhsan Doğramacının Əfrasiyab Bədəlbəylinin "Qız Qalası" baletinə baxdıqdan sonra teatrın yaradıcı kollektivi ilə görüşdə söhbətindən - Azərbaycan Akademik Milli Opera və Balet Teatrı, 26 aprel 2000-ci il


Heydər Əliyev: Əziz dostum İhsan bəy, mən böyük məmnunluqla teatrın yaradıcı kollektivini Sizə təqdim edirəm. Görürsünüz, necə gözəl qızlardır?

İhsan Doğramacı: Dünyanın ən gözəl qızları və ən birinci sənətçiləri bunlardır.

Heydər Əliyev: Ona görə də mən deyirəm ki, Azərbaycanın qızları və qadınları bütün dünyadakı qızlardan gözəldir. Amma oğlanları da gözəldir.

Cavanşir Cəfərov baş dirijordur. Musa Mirzəyev Azərbaycanın böyük bəstəkarıdır. O, 60 il bundan əvvəl yazılmış əsəri yenidən işləyibdir. Fərhad Bədəlbəylini isə yaxşı tanıyırsan, Bilkənd Universitetində çox olubdur.

Heydər Əliyev: Bu gün "Qız Qalası" baletini yenidən bizə və bütün Azərbaycana çox gözəl göstərdiniz. Mənə bildirmişdilər ki, "Qız Qalası" baleti yenidən işlənibdir. Türkiyədən gələn dostlarımıza bildirmişəm ki, bu baleti 1940-cı ildə bizim mərhum böyük bəstəkarımız Əfrasiyab Bədəlbəyli yazıbdır. Bu, Azərbaycanın ilk milli baletidir. Əgər Azərbaycan xalqı 60 il bundan öncə belə bir bəstəkar yetişdiribsə və belə bir milli baleti tamaşa qoyubsa, görün xalqımızın mədəniyyət səviyyəsi nə qədər yüksəkdir! Azərbaycan baletinin ilk balerinası Qəmər Almaszadədir. O, indi sağdır, bizimlə bərabərdir, ola bilər, bu gün buraya gələ bilməyibdir. O vaxt bu tamaşanın bütün quruluşunu Qəmər Almaszadə hazırlayıbdır. İndi həmin quruluşdur, həmin musiqidir.

Yenə də deyirəm, quruluş həmin quruluşdur. Ancaq Musa Mirzəyev onun musiqisini bir az müasirləşdiribdir. Bədii tərtibat çox gözəldir. Bu tamaşanın üzərində çalışanlar Qəmər Almaszadənin quruluşunu bu gün çox gözəl nümayiş etdirdilər.

Milli baletimizin 60 illik tarixi vardır. Milli operamızın tarixi 100 ilə yaxındır. Bizim böyük bəstəkarımız Üzeyir Hacıbəyov ilk dəfə 1908-ci ildə "Leyli və Məcnun" operası ilə Azərbaycan operasının təməlini qoyubdur. O vaxtlar Türkiyədə bunlar yox idi, başqa şeylər var idi. Bizim xalqımız bu dünyəvi, layiq, ümumbəşəri dəyərləri hələ XIX əsrdə mənimsəyibdir, qəbul edibdir və XX əsrin əvvəlindən Azərbaycanda hə bir sahə, o cümlədən mədəniyyət sahəsi çox inkişaf edibdir.

Mən çox şadam ki, bu balet yaşayır. Bizim milli baletimiz, milli musiqimiz, milli rəqslərimiz olduğuna görə mən hələ gənc yaşlarımdan bu baleti sevirəm. Mən bu baletə bir neçə dəfə baxmışam. Bu balet uzun bir fasilədən sonra yenidən canlanıbdır, səhnəyə qoyulubdur. Bu ifaçılar da, təbiidir ki, onu çox gözəl ifa etdilər. Bilmirəm, siz necə, mən çox təsirləndim.

İhsan Doğramacı: Mən də çox təsirləndim. Mən dünyanın çox ölkələrində balet tamaşalarına baxmışam, amma bunun qədər gözəlini, yaxşısını görməmişəm.

Heydər Əliyev: Mən çox təsirləndim. Demək, bizim mədəniyyətimiz yaşayır, inkişaf edir, hətta keçmiş illərə, onilliklərə görə daha da yüksək səviyyədədir.

Mən çox məmnunam, sizin hamınızı təbrik edirəm. Hamınıza təşəkkür edirəm. Bizim incəsənətimiz, operamız, baletimiz, yəni dünyəvi teatrımız daim yaşamalıdır. Azərbaycan dünyəvi teatrının 125 illik tarixi vardır. İndi biz onun yubileyini qeyd edirik. Teatrımız, incəsənətimiz yaşamalıdır və göstərməlidir ki, Azərbaycan xalqı kökündən mədəniyyətə mənsub olan xalqdır. Azərbaycan xalqı dünya mədəniyyətindən, ümumbəşəri dəyərlərdən həmişə istifadə edib və istifadə edəcəkdir. Bunun da ifaçıları sizsiniz. Mən hamınızı təbrik edirəm. Tamaşanın rəssamı da çox gözəl tərtibat veribdir. Keçmişdə də bu tamaşanın müxtəlif tərtibatı olubdur. Bugünkü tərtibat da çox gözəldir. Sizin hamınıza təşəkkür edirəm.

Bilirsiniz ki, mən sizin maaşlarınızı altı dəfə artırdım. Mən Azərbaycanda heç bir təbəqənin maaşını altı dəfə artırmamışam. Onların bir hissəsinin əmək haqqını 25 faiz, başqalarının maaşını 30 faiz, 2 dəfə, amma sizin əmək haqqınızı altı dəfə artırmışam. Bilmirəm, bu, sizə çatır, ya çatmır?

İhsan Doğramacı: Yenə də azdır.

Heydər Əliyev: Əgər belə çalışsanız, baletimizi inkişaf etdirsəniz bir müddətdən sonra bu məsələyə yenidən baxaram, maaşınızı bir neçə dəfə yenə də artıraram. Çünki bu, çox ağır sənətdir.

İhsan Doğramacı: Amma bu müddət uzun çəkməsin.

Heydər Əliyev: Bəli, uzun çəkməyəcək. Yenə də deyirəm, bu, çox ağır, çətin sənətdir.

İhsan Doğramacı: Cənab prezident, mənimlə buraya Türkiyədən çoxlu tələbələr də gəlibdir. Mən onlara dedim ki, hər biriniz Azərbaycandan gözəl bir qız alıb aparın ki, Türkiyədə nəslimiz gözəlləşsin.

Heydər Əliyev: Hələ baxmaq lazımdır ki, qızlar onlara gedəcəklər, ya yox.

İhsan Doğramacı: Azərbaycanın bütün qızları gözəldir.

Musa Mirzəyev (bəstəkar): Mən demək istəyirəm ki, "Qız Qalası" Şərqdə, müsəlman aləmində ilk baletdir.

Yulana Əlikişizadə (baletmeyster): Hörmətli prezident, tamaşamıza baxmağa gəldiyinizə görə bütün truppamız adından Sizə təşəkkürümüzü bildirmək istəyirəm. Balet sənətimizə belə böyük diqqət və qayğı göstərdiyinizə görə də Sizə dərin minnətdarlığımızı bildiririk. Sizin fərmanınızla bizim maaşımız dəfələrlə qaldırıldı. Əlbəttə, bu, bizim üçün böyük sevinc, eyni zamanda, böyük məsuliyyətdir. Buna görə də söz veririk ki, Azərbaycan baletinin, incəsənətimizin daha da inkişaf etməsi üçün qüvvə və bacarığımızı əsirgəməyəcəyik. Cənab prezident, sizə bir daha "çox sağ olun" deyirik.

Heydər Əliyev: Sağ olun. Mən bir məsələni də demək istəyirəm. Adətən, bir dəfə, iki dəfə gəlirlər, mənə müraciət edirlər ki, müəllimlərin, həkimlərin, onun, bunun maaşını artırın. Amma gərək mən büdcəyə baxam ki, imkan var, yoxsa yox. Maaşları az olmasına baxmayaraq, Dövlət Akademik Opera və Balet Teatrının kollektivi bir dəfə də xahiş etməmişdi ki, onların maaşını artırım. Bunlar aşağı maaşla yaşayıb və bu cür fədakarlıqla çalışıblar. Mən özüm bildim və bunların maaşının artırılması şəxsən mənim öz təşəbbüsümdür.

İhsan Doğramacı: Hörmətli prezident, sabah səhər mən cismən təyyarədə olacağam, amma ürəyim Sizinlə qalacaqdır. Sağ olun.

Heydər Əliyev: Sizə yaxşı yol, böyük uğurlar arzulayıram. Azərbaycana yenə də gəlin, şəxsən mənim qonağım olun. Siz mənim çox etibarlı dostumsunuz. Sağ olun.