Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Ukrayna Prezidenti zati-aliləri cənab Leonid Kuçmaya təbriki - Bakı şəhəri, 11 avqust 2001-ci il


Hörmətli Leonid Daniloviç!

Sizi və dost Ukrayna xalqını milli bayram - Ukraynanın müstəqilliyinin elan olunmasının 10 illiyi münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Qardaş Ukraynanın suveren, demokratik, hüquqi dövlət quruculuğu və onun möhkəmləndirilməsi, Dünya Birliyinə ardıcıl inteqrasiyası sahəsində qazandığı uğurlara ürəkdən şadam. Azərbaycan və Ukrayna xalqlarını sıx dostluq və qarşılıqlı anlaşma telləri bağlayır. Əminəm ki, Azərbaycan və Ukraynanın strateji tərəfdaşlığı, ölkələrimizin fövqəlmilli layihələrdə, beynəlxalq və regional təşkilatlarda əməkdaşlığı bölgədə sülh və sabitlik, xalqlarımızın tərəqqisi naminə möhkəmlənəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dövlət fəaliyyətinizdə uğurlar, qardaş Ukrayna xalqına sülh və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti