Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Ankarada Türkiyə, Azərbaycan və xarici ölkə jurnalistləri üçün mətbuat konfransında bəyanatı - 1 noyabr 1994-cü il


Hörmətli mətbuat nümayəndələri, mən sizi salamlayıram və Azərbaycana böyük maraq göstərdiyinizə görə məmnun olduğumu bildirirəm. Azərbaycan Respublikasında gedən proseslər, oradakı vəziyyət Türkiyə mətbuatında geniş işıqlandırılır. Türkiyə Respublikasının kütləvi informasiya vasitələrinin Azərbaycan Respublikasına göstərdiyi marağa görə mən Türkiyənin bütün mətbuat orqanlarına, radio və televiziyasına təşəkkürümü bildirirəm. Bəzən obyektiv, doğru-düzgün yazmasalar da, hər halda, Azərbaycanı yada saldıqlarına, Azərbaycan haqqında yazdıqlarına görə sağ olsunlar. Odur ki, sizə ətraflı məlumat verməyə ehtiyac var, - sizin mənə sual verməyinizə imkan yaradacağam.

Sual: Xəzər dənizi və bununla əlaqədar Rusiyanın mövqeyi barədə müxtəlif söz-söhbət yayılmışdır. Siz bu barədə və Azərbaycanda daxili vəziyyət barədə nə deyə bilərsiniz?

Heydər Əliyev: Çox təşəkkür edirəm, çox yaxşı sualdır. Çalışın, yaxşı sual verin. Xəzər dənizi haqqında. Bildiyiniz kimi, Xəzərdə neft yataqları var və bu dənizin Azərbaycana aid sektorundakı neft yataqları respublikamızın neft sənayesi tərəfindən 45 ildir istismar edilir. Xəzərin Azərbaycana aid sektorundakı neft yataqlarından müştərək istifadə edilməsi üçün bir çox xarici şirkətlərlə, xüsusən Qərb ölkələrinin şirkətləri ilə, o cümlədən Türkiyənin neft şirkəti ilə son üç il ərzində danışıqlar aparılmışdır. Neft yataqlarının 30 il müddətinə müştərək istismarı haqqında konsorsiuma daxil olan xarici ölkə şirkətləri ilə Azərbaycan arasında sentyabrın 20-də müqavilə imzalanmışdır. Bu yataqlar Azərbaycana mənsub olduğuna görə biz bu üç il ərzində danışıqlar apararkən və son mərhələdə, yəni müqavilə imzalanmağa hazırlanarkən Azərbaycana başqa dövlətlər tərəfindən heç bir müraciət edilməmişdir.

Lakin sentyabrın 20-də neft müqaviləsi imzalandıqdan sonra Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibliyi bu müqaviləni tanımadığı barədə bəyanat vermişdir. Biz bu bəyanatı əsassız hesab etmişik və ona heç fikir verməmişik. Sonra mən bu barədə Rusiyanın baş naziri Viktor Çernomırdinlə həm telefonla danışmışam, həm də oktyabrın 21-də Moskvada olarkən onunla görüşüb danışıqlar aparmışam. Mən bu barədə Rusiyanın xarici işlər naziri Andrey Kozırevlə də telefonla danışmışam. Bir daha bildirmişəm ki, o neft yataqları Azərbaycana mənsubdur, Azərbaycan da onlardan istifadə etməkdə tamamilə sərbəstdir. Oktyabrın 21-də mən Rusiyanın baş naziri Viktor Çernomırdinlə görüşərkən o, mənə bildirdi ki, bu məsələdə Rusiya tərəfindən heç bir problem yoxdur.

Eyni zamanda Xəzəryanı dövlətlər, yəni Rusiya, Qazaxıstan, Türkmənistan və İran təklif irəli sürmüşlər ki, Xəzər dənizində ekologiya, balıqçılıq və gəmiçilik məsələləri haqqında bir razılığa gəlmək, müqavilə bağlamaq lazımdır. Biz buna etiraz etmirik. Amma burada heç bir ölkənin üstünlüyünü də qəbul etmirik.

Xəzər dənizinin statusu haqqında mətbuatda çox yazılar verilir. Biz Xəzərin statusunun müzakirə olunmasına etiraz etmirik. Ancaq bunun imzaladığımız neft müqaviləsi ilə heç bir əlaqəsi ola bilməz. Xəzər dənizinin statusunun müzakirəsi çox vaxt aparacaqdır. Biz bu müzakirələrdə iştirak edib öz mövqeyimizi bildirməyə hazırıq.

İkinci sualınıza cavab verirəm. Azərbaycanda iqtisadi vəziyyət çox ağırdır. Son aylar Azərbaycan Nazirlər Kabinetinin buraxdığı səhvlər nəticəsində respublika əhalisinin çörəklə təminatında çox böyük çətinliklər meydana çıxıb. Şimali Qafqazda, Çeçenistanda üç aydan artıqdır ki, vəziyyət gərgin olduğuna görə Azərbaycandan şimala gedən dəmir yolu tamamilə qapanıb. Ona görə də Azərbaycan əhalisini çörəklə təmin etmək, buğda, un almaq üçün yeganə yerimiz Türkiyədir. Burada biz Türkiyənin köməyinə çox möhtacıq. Mən bu barədə Türkiyə rəhbərlərinə müraciət etmişəm. Həmin məsələni bu gün və sabah görüşlərimizdə qaldıracağam. Çünki bu, bizim üçün çox mühüm məsələdir. Ümidvaram ki, Türkiyə hökuməti və dövləti Azərbaycanı belə ağır vəziyyətdə qoymaz və bizə kömək edəcəklər.

Sual: Azərbaycanın xaricdə təbliğ edilməsini, Azərbaycan dövlətçiliyinin indiyədək dünya miqyasında apardığı təbliğatı necə qiymətləndirirsiniz və erməni təcavüzkarlığına son qoyulmasında hansı yolları daha əlverişli bilirsiniz?

Heydər Əliyev: Sualınızı bir az dəqiqləşdirin. Çünki təbliğat məsələsi ilə Ermənistanın təcavüzü məsələsi ayrı-ayrı məsələlərdir. Bu sualın hansı hissəsi sizə lazımdırsa, mən ona cavab verim.

Sual: Azərbaycanın xaricdə təbliği məsələsinə necə baxırsınız?

Heydər Əliyev: Necə baxacağam ki? Mən istəyirəm ki, Azərbaycan xaricdə təbliğ olunsun. Özü də bütün ölkələrdə - həm Avropada, həm də Asiyada, o cümlədən Türkiyədə də. Bir sözlə, bütün dünyada. Axı Ermənistanın təbliğat imkanları Azərbaycanın imkanlarından çox üstündür. Bildiyiniz kimi, Ermənistanın Avropa, Amerika ölkələrində çox güclü lobbiləri var. Onlar Ermənistanı təbliğ edir. Ermənistanla Azərbaycan arasında gedən müharibə haqqında yanlış məlumatlar verirlər. Mən çox istərdim ki, bu barədə Azərbaycanın təbliği daha da güclənsin.

Sual: Cənab prezident, Türkiyədən nə kimi xahişlər edəcəyinizi söyləməzsinizmi?

Heydər Əliyev: Birinci növbədə bəlkə də xahiş etdim ki, Türkiyə Azərbaycana təcili olaraq buğda, un göndərsin. Bildiyiniz kimi, 1992-ci ildə Türkiyə Azərbaycana 250 milyon dollar məbləğində kredit ayırıb. Bu kreditin az bir qismindən istifadə edilib. Əksər hissəsi indiyədək istifadə edilməmiş qalır. Azərbaycan iqtisadiyyatının ağır vəziyyətə düşdüyünü nəzərə alaraq Türkiyə rəhbərlərindən bu kreditdən istifadə olunmasını xahiş edəcəyəm.

Sual: Cənab prezident, dediniz ki, Azərbaycan ərazisinin 20 faizi Ermənistanın işğalı altındadır. Ermənistan bu silahlı qüvvələri haradan alır? Hansı ölkələrin Ermənistana silahlı qüvvələr və silah göndərdikləri barədə məlumatınız varmı?

Cavab: Bilməlisiniz ki, əgər Ermənistana başqa ölkələrdən həm silah, həm də digər ləvazimat sarıdan kömək olmasaydı, Ermənistan öz gücü ilə Azərbaycan ərazisinin böyük bir hissəsini, 20 faizini işğal edə bilməzdi. Ermənistana kömək edən ölkələr çoxdur. Siz bunu bilirsiniz. Haradan silah gəldiyini, haradan əsgəri yardım gəldiyini, haradan başqa vəsait gəldiyini dəqiq deyə bilmərəm. Amma siz onu bilirsiniz.

Sual: Ermənistana kredit verilir, silah göndərilir. Bununla əlaqədar Birləşmiş Millətlər Təşkilatının mövqeyi barədə nə deyə bilərsiniz?

Heydər Əliyev: Birləşmiş Millətlər Təşkilatının baş katibi cənab Butros Butros-Qali ilə Bakıda görüşlərimiz, danışıqlarımız çox səmərəli oldu. Mən Butros Qali ilə çox açıq danışdım, ona bildirdim ki, BMT Təhlükəsizlik Şurasının erməni işğalçı qüvvələrinin Azərbaycan torpaqlarından çıxarılmasını tələb edən dörd qətnaməsi indiyədək yerinə yetirilməyib. Eyni zamanda cənab Butros Qali ilə danışıqlarımızda mən ona bildirdim ki, Birləşmiş Millətlər Təşkilatı, ATƏM, ümumiyyətlə, beynəlxalq təşkilatlar Azərbaycanla Ermənistan arasında gedən müharibəyə son qoymaq üçün və etibarlı, uzunmüddətli sülh yaratmaq üçün bundan sonra daha güclü fəaliyyət göstərməlidirlər. Butros Qali mənim bu təkliflərimi qəbul etdi, fikirlərimlə razılaşdı və bildirdi ki, bu sahədə lazımi tədbirlər görəcəkdir.

Sual: Bu günlərdə Afinadan belə bir xəbər alınmışdır ki, Azərbaycan nefti borularla Qara dənizə, oradan isə Bolqarıstan və Yunanıstan vasitəsilə Aralıq dənizinə nəql ediləcəkdir. Beləliklə, Azərbaycan nefti Qərbə, Türkiyə və İstanbuldan yan keçərək nəql olunacaqdır. Siz buna necə baxırsınız?

Heydər Əliyev: Biz xarici ölkələrin neft şirkətləri konsorsiumu ilə müqavilə imzalandıqdan sonra qarşımızda duran əsas məsələ boru xəttinin marşrutunun müəyyən edilməsidir. Lakin bu məsələni konsorsium Azərbaycanla birlikdə həll etməlidir. Biz isə hələlik bir qərara gəlməmişik. Məsələ heç müzakirə də olunmayıb. Ona görə də qəzetlərdə bu barədə yazılanlara fikir verməyin.

Sual: Biz Azərbaycanda olarkən bir çox adamlarla görüşdük və hər bir adamın sizi sevdiyini, sizə hətta dua etdiyini gördüm. Siz oktyabrın 4-də saat 24-də xalqa müraciət edərkən minlərlə insan sizin yanınıza gəldi. Xalq tərəfindən bu qədər sevilməyinizə baxmayaraq, bəzi neqativ şəxslər tərəfindən sevilməməyinizi nə ilə izah edərdiniz?

Heydər Əliyev: Neqativ adamlar, neqativ fikirli qüvvələr bunu anlamırlar. Əgər onlar bunu anlaya bilsəydilər, bu cür neqativ hərəkətlər etməzdilər. Oktyabrın əvvəlindən başlanmış proseslər və oktyabrın 4-də baş vermiş hadisə bir daha göstərdi ki, belə neqativ qüvvələr Azərbaycanda, doğrudur, müəyyən cinayət törədə bilərlər, amma Azərbaycan dövlətinə heç bir ziyan vura bilməzlər.

Sual: Sentyabrın 20-də Bakıda neft müqaviləsi imzalandı. Bundan sonra nə kimi işlər görüləcək?

Heydər Əliyev: Biz o müqaviləni imzaladıq və indi Azərbaycan parlamentində onun müzakirəsi gedir. Müqavilə parlamentdə təsdiqləndikdən sonra onun icrasına başlanacaqdır. Məndə olan məlumata görə, konsorsiumun üzvləri yaxın günlərdə Azərbaycana gələcək və konkret işlərə başlayacaqlar.

Sual: Bəs müzakirələr nə vaxt başlanacaq?

Heydər Əliyev: Bu yaxın günlərdə olacaq.

Mən sizin hamınıza öz ehtiramımı bildirirəm və hamınızı Azərbaycana dəvət edirəm. Gəlin və Azərbaycan haqqında həqiqətləri yazın. Sağ olun.

"Azərbaycan" qəzeti, 3 noyabr 1994-cü il.

Tarixi arayış