Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Londondan Bakıya qayıdarkən Binə hava limanında jurnalistlərin suallarına cavabı - 28 fevral 2002-ci il


Heydər Əliyev: Axşamınız xeyir olsun!

Sizi xoş gördük. Sizinlə bir müddət görüşməmişəm, indi görüşürəm. Bilirsiniz ki, bu müddətdə mən, əsasən, müalicə olunmuşam, tibbi müayinədən keçmişəm. Ona görə elə bir iş görməmişə.m ki, sizə deyim. Amma səfərimin ilk zamanı Nyu-Yorkda, Davos forumunda iştirakım haqqında, görüşlərim haqqında, orada aparılan işlər haqqında televiziya, mətbuat məlumat veribdir. Ona görə də bunu təkrar etməyə ehtiyac yoxdur. Artıq onun da vaxtı keçibdir.

Mən bu müddətdə xəstəxanada olmuşam. Ancaq respublika ilə daim əlaqə saxlamışam, respublikanın işləri ilə məşğul olmuşam, məlumatlar, məruzələr almışam. Lazımi göstərişlər vermişəm ki, respublikada işlər öz normal axarında getsin və çox məmnunam ki, belə də olubdur. İndi mən burada Təhlükəsizlik Şurasının üzvlərini, bəzi yüksək vəzifəli şəxsləri qəbul etdim, onlarla bir daha söhbət etdik. Respublikada əmin-amanlıqdır, sabitlikdir, insanlar rahat yaşayır. Bu da mənim üçün ən əsas nəticədir. Ona görə də mənim indi sizə elə bir sözüm yoxdur. Mən tibbi müayinədən və müalicədən çox məmnunam. Çox məmnunam ki, bu müddətdə mənim oradan bilavasitə idarə etməyim nəticəsində respublikamızda işlər öz qaydasındadır.

Sual: Cənab Prezident, ATƏT-in Minsk qrupunun həmsədrləri Sizinlə görüşdən sonra yeni təkliflər irəli sürdüklərini bildiriblər. Dünən onlar Koçaryanla görüşdən sonra həmin təkliflərin Ki-Uest görüşu əsasında təqdim olunduğunu söyləmişlər. Buna münasibətiniz necədir?

Cavab: Bilirsiniz, mən Nyu-Yorkda görüşündə onlarla uzun müddət söhbət etdim. Mənimlə görüşün nəticəsində bundan sonra məsələnin Ki-Uest prinsipləri əsasında aparılması barədə bir fikir yoxdur. Onlar müəyyən təkliflər hazırlayıblar. Mənə o təklifləri ilkin olaraq bildirdilər. Mən bəziləri haqqında fikrimi bildirdim. Onlar sonra dedilər ki, bir halda ki, mənimlə görüşublər, Koçaryanla da görüşəcəklər. Mən bilirəm ki, Koçaryan Slovakiyada, Avstriyada səfərdə olduğuna görə onlar gedib orada onunla da görüşublər. Amma bu görüşun nəticəsi mənə məlum deyildir. Hesab etmirəm ki, mənimlə görüşdə onlar bir təklif irəliyə sürüblər, Koçaryanla görüşdə başqa bir təklif irəliyə sürsünlər.

Sual: Cənab Prezident, ATƏT-in Minsk qrupunun Amerikadan olan həmsədri Perina Los-Ancelesdə erməni icmasının nümayəndələri ilə görüşərkən bəyan edib ki, münaqişə artıq 80 faiz həll olunub və Azərbaycan prezidenti də var quvvəsi ilə buna çalışır. Siz necə hesab edirsiniz, amerikalı həmsədrin bu fikri düzdürmü?

Cavab: Allah eləsin, o dediyi olsun.

Sual: Cənab Prezident, Azərbaycanın Amerika hökumətindən sülhməramlı qüvvələr göndərmək barədə xahiş etdiyi bildirilir. Həmin sülhməramlı qüvvələrin mart ayında Bakıya gələcəyi haqda məlumatlar vardır. Bu gün səfir Ross Uilson da məlumat verib ki, mart ayında Amerika sülhməramlı qüvvələri Bakıya gələcəklər. Bu barədə nə deyə bil.rsiniz?

Cavab: Mənim məlumatım yoxdur. Bilirsiniz ki, mən orada olanda iki dəfə dövlət katibinin müavini Ricard Armitac ilə danışmışam. O mənə telefon etmişdi. Vitse-prezident Dik Çeyni ilə də danışmışam. Bizim danışıqlarımızda belə bir söhbət olmayıbdır. Bəlkə yeni bir şey var!

Sual: Cənab Prezident, Azərbaycan və Amerika beynəlxalq terrora məruz qalmış dövlətlərdir. Sentyabrın 11-də Amerikada baş vermiş terror hadisəsi Amerika xalqını bir daha agah etdi ki, heç bir ölkə terrordan sığorta oluna bilməz. Azərbaycan ilk ölkələrdən biri idi ki, həmin faciə zamanı Amerikanı dəstəklədi. Bu Sizin uzaqgörən siyasətinizin nəticəsi idi. Siz Amerikada, Nyu-Yorkda olarkən terrorun baş verdiyi yeri ziyarət edib əklil qoydunuz, həlak olanların xatirəsini yad etdiniz. Sizcə, bu iki dost ölkə mə lum terror hadisəsindən sonra bir-birinə nə qədər yaxınlaşdı?

Cavab: Hesab edirəm ki, çox yaxınlaşıbdır. Vitse-prezident Dik Çeyni ilə, Riçard Armitac ilə bizim telefon danışıqlarımızda indi yeni yaranmış vəziyyətlə əlaqədar Azərbaycanın çox mühüm coğrafi-strateji mövqeyi baxımından bizim əməkdaşlığımızın daha da geniş və sıx olması haqqında fikir mübadiləsi apardıq. Bu barədə mətbuatda qısa verilibdir.

Sual: Cənab Prezident, bu günlərdə Gürcüstanın Pankisi dərəsinə ABŞ-ın sülhməramlı qüvvələri göndərilirsə, Az.rbaycana - Dağlıq Qarabağa terrorizmlə mübarizə üçün belə qüvvələrin göndərilməsi mümkündürmü?

Cavab: Bilirsiniz, mən bu gün təyyarədə "İzvestiya" qəzetində bu barədə bir məqalə oxudum. O məqaləni də tam başa düşə bilmədim. İndi burada mən bizim rəhbər işçilərlə görüşəndə onlardan soruşdum, bəzi məlumatlar var. Amma onlar dəqiq deyildir. Ancaq bu belə şey deyil ki, haradasa satırlar, sənə verirlərsə, mən də gedim alım. Hər bir tədbirin özünün səbəbi var, kökü var. Belə düşünmək lazım deyildir.

Sual: Cənab Prezident, İran tərəfi iddia edir ki, Xəzərin 20 faizi İranındır. Xəzərin huquqi statusu müəyyən olunmayınca, İran tərəfi xarici neft şirkətlərinin kəşfiyyat işlərinə başlamasına icazı verməyəcəkdir. Buna münasibətiniz necədir?

Cavab: İddia edir də, onun iddia etməyə ixtiyarı var.

Sual: Cənab Prezident, ABŞ prezidenti Corc Buş İranı terroru dəstəkləyən ölkələr sırasına daxil edibdir. Əgər ABŞ İrana qarşı antiterror əməiyyatı apararsa, Azərbaycan onu dəstəkləyəcəkmi?

Cavab: Bunu hələ görmək lazımdır ki, ABŞ aparacaq, yoxsa yox.

Sual: Cənab Prezident, bununla bağlı prezident Xatəmi bütün dünya müsəlmanlarına, gənclərə səfərbər olmaq üçün müraciət edibdir. Bu, Azərbaycana da aid deyilmi?

Cavab: Güman edirəm ki, Azərbaycana aid deyildir. Amma onun öz ölkəsini səfərbər etməyə ixtiyarı var.

Sual: Cənab Prezident, bu il Amerika ilə Azərbaycan arasında diplomatik əlaqələrin 10 ili tamam olur. Bu əlaqələri bundan sonra necə görürsünüz?

Cavab: Bilirsiniz ki, bu onillik münasibətilə Amerika prezidenti Corc Buş bizi təbrik edibdir, təbrik məktubu göndərmişdir. Bu onu göstərir ki, Amerika Birləşmiş Ştatları Azərbaycanla diplomatik əlaqələrin yaranmasına və onun 10 il müddətində davam etməsinə çox böyük əhəmiyyət verir. Təbiidir ki, bundan sonra da bu əlaqələr davam edəcəkdir. Sağ olun.

Tarixi arayış

MÜSAHİBƏLƏR