Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin MDB-nin icraçı katibi, MDB İcraiyyə Komitəsinin sədri Yuri Yarovu qəbul edərkən söhbətindən - Prezident sarayı, 20 noyabr 2000-ci il


Heydər Əliyev: Siz MDB-nin fəaliyyətinə yeni xüsusiyyətlər gətirmisiniz. MDB-nin iclasları ərəfəsində icraçı katibin MDB ölkələrinə səfərlər etməsi, fikir mübadiləsi aparması nadir hallarda olurdu. Mənə elə gəlir ki, siz bunu bir sistemə çevirmisiniz. Bu, yaxşı haldır.

Yuri Yarov: Heydər Əliyeviç, axı, icraçı katibi Siz özünüz təyin etmisiniz və buna görə də mən İcraiyyə Komitəsini təmsil edirəm və Sizin iradənizi yerinə yetirməyə borcluyam.

Heydər Əliyev: MDB-nin artıq çoxillik tarixi var və buna görə də yeni bir irəliləyişdən danışa bilərəm. Şadam ki, siz Azərbaycana gəlmisiniz və bizim fikir mübadiləsi aparmaq imkanımız var.

Yuri Yarov: Çox məşğul olmağınıza baxmayaraq, ünsiyyətdə olmaq, hazırlığın gedişi barədə məlumat vermək imkanına görə Sizə bir daha təşəkkür edirəm. Dünənki günü, bazar gününü Bakıda keçirməyimə imkan verildiyi üçün Sizə minnətdaram. Axşam Bakısını seyr edə bildik - bu, təkraredilməz bir mənzərə idi. Ona görə ki, bu, həqiqətən, möcüzədir. Biz İçəri şəhəri gəzib-dolaşdıq, piyadalar üçün olan küçədə gəzişdik. Burada çoxlu adam, gözəl yeni tikintilər gördük. Təzə binalara baxdıq. Ümumiyyətlə, mənim axırıncı səfərimdən ötən yarım ildə şəhərin inkişaf etdiyini, daha da gözəlləşdiyini görmək xoş idi. Sağ olun ki, mən bütün bunları, şəhərin necə çiçəkləndiyini görə bildim. Bu imkana görə, dünən burada ola bilməyimə görə sağ olun.

Heydər Əliyev: Bunları eşitmək mənə xoşdur. Siz bu baxımdan da çox yaxşı nümunə göstərirsiniz, çünki bəzən elə olur ki, səhər buraya gəlir, axşam da çıxıb gedirlər. Görüşlərdən savayı heç nə görmürlər. Sizin dünən şəhərdə nəyəsə baxa bilməyiniz və belə xoş təəssüratınızın olması da sizi fərqləndirir. Mən buna şadam.

Yuri Yarov: Sağ olun. Amma bununla belə, hörmətli prezidentimə məlumat vermək istəyirəm ki, biz elə dünən, bazar günü işgüzar görüş keçirdik. Mən bütün materiallar barəsində Abbas Abbasova məlumat verdim. Bir sözlə, biz işgüzar görüş də keçirdik. Bu gün mənim xarici işlər nazirinə, hökumətin sədrinə də məlumat vermək imkanım oldu. Odur ki, icazənizlə, məlumat verməyə başlayım.

Heydər Əliyev: Bəli, bunu mənə dedilər. Baş nazir görüş barəsində məlumat verdi. İndi bu məsələ haqqında biz də fikir mübadiləsi apararıq.

"Azərbaycan" qəzeti, 21 noyabr 2000-ci il.