Azərbaycan Prezidenti Heydər Əliyevin Moskvadan Bakıya qayıdarkən Binə hava limanında jurnalistlərin suallarına cavabı - 25 yanvar 2000-ci il


Sual: Cənab prezident, Siz Moskva görüşünü dönüş yaradan sammit adlandırdınız. Sizcə, bu görüşün əhəmiyyəti nədədir?

Cavab:  Görüşün əhəmiyyəti ondadır ki, bilirsiniz, Müstəqil Dövlətlər Birliyi neçə illərdir fəaliyyət göstərir, ancaq mənim verdiyim qiymət ondan ibarətdir ki, - orada mətbuat konfransı oldu, mən orada da demişəm, yəqin bizim televiziyada verəcəklər. eşidəcəksiniz, - dövlət başçılarının bu görüşü və aparılan müzakirələr, qəbul olunan qərarlar Müstəqil Dövlətlər Birliyinin indiyə qədərki bütün fəalliyyətindən fərqlənir.

Dövlət başçılarının görüşü bağlı görüşdür. Bu görüş çox səmərəli, demokratik şəraitdə, fikir azadlığı şəraitində keçdi. Həm öz fikrini dedi, cox məsələləri müzakirə elədik. Bəzi məsələlər, - hansılar ki, ümumi iclasa çıxarılmalı, qərar qəbul olunmalı idi, - onların bəziləri ayrıl-ayrı prezidentlərin iradına görə qəbul edilmədi, təxirə salındı. Mən dövlət başçılarının görüşündən çox məmnunam.

Bilirsiniz ki, biz hamımız eyni fikirdə idik ki, Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının sədri vəzifəsinə Putini seçək. Biz Putini də seçdik. Mən hesab edirəm ki, bu düzgündür. Çünki bizim hələ o formaya keçməyə ki, rotasiya olsun, hər ildə biri olsun, - bu, mümkün deyildir. Biz əvvəl belə qəbul eləmişdik ki, Yeltsinin prezidentlik müddəti qurtarana qədər o olsun, ondan sonra isə ildə bir respublika sədrlik eləsin. Ancaq indiki şəraitdə bu mümkün deyil. Ona görə də biz

Putini seçdik. Mən hesab edirəm ki, bu, çox yaxşıdır. Mən çox razıyam. Hər halda, həm işin formasında, həm məzmununda, həm müzakirələrin aparılmasında, münasibətlərdə böyük keyfiyyət dəyişiklikləri var. Buna görə də mən bu görüşdən, sammitdən çox məmnunluqla qayıtmışam.

Sual: Koçaryanla görüşünüz, danışıqlarınız barədə nə deyərdiniz?

Cavab:  Koçaryanla görüşümüz təkbətək oldu. Ondan sonra bu görüşə Putin də qatıldı. Belə fikirləşdik, belə qərara gəldik ki, biz bu dialoqu davam etdirməliyik. Güman edirəm ki, mən Davosda da onunla görüşəcəyəm. Hələ ki, görüşləri davam etdirməliyik, görək hansı nəticəyə gələ bilirik. Putin də bu məsələyə qatılanda dedi ki, Rusiya da lazımi nəticənin əldə olunmasına çalışacaq, Ermənistan və Azərbaycan hansı razılığa gəlsələr, Rusiya onu həmişə dəstəkləyəcəkdir.

Sual: Cənab prezident, Siz Vladimir Putinlə ikitərəfli görüşün yekunlarını necə qiymətləndirirsiniz?

Cavab:  Çox yaxşı qiymətləndirirəm. Bizim çox məzmunlu, çox yaxşı söhbətimiz oldu. Putin dedi ki, Azərbaycanda tədbirlər görulmüşdür. Çünki mən böyük iradlarımı bildirmişdim ki, Rusiyanın kütləvi informasiya vasitələrində Azərbaycana və Gürcüstana qarşı əsassız, tamamilə yalan məzmunlu kampaniya başlanmışdır. Onlar əsassız olaraq hesab edirlər ki, guya buradan silah göndərilir, yaraqlılar burada hazırlıq keçirlər. Mən dedim ki, buyurun, bütün istiqamətlər üzrə kompleks komissiya təşkil edin və Azərbaycana göndərin, qoy o komissiya baxsın, görək bu düşərgələr haradadır, yaraqlılar haradadır? Putin bunun cavabında dedi ki, yox, bu yazılanlar yalnız informasiyadır, biz hesab edirik ki, Azərbaycanda belə şeylər yoxdur. Bir sözlə, şəxsən mən bu məsələni çox kəskin qoymuşdum, buna münasibət də belə oldu ki, onlar qəzetlərdə yazılanla razı deyillər.

Sual: Rusiyanın Ermənistana silah verməsi məsələsinin araşdırılması üzrə yaradılmış üçtərəfli komissiyanın işi barədə danışıqlar oldumu?

Cavab:  Yox, bu barədə danışıq olmadı. Çünki onun yeri deyildi. İki ildir ki, bu danışıq gedir, bunlar hamısı keçmiş prezidentin, keçmiş rəhbərliyin vaxtında olmuşdur. İndi bu məsələni qaldırmaq mənasızdır. Gərək yeni prezident seçilsin, yeni bir hökumət yaransın. Ondan sonra, təbiidir ki, biz bu məsələni qaldıracağıq, bunu heç vaxt unutmayacağıq.

Sual: Cənab prezident, mümkünsə, üç Cənubi Qafqaz dövləti prezidentlərinin Putinlə görüşü barədə məlumat verərdiniz.

Cavab: Yaxşı görüş oldu. Dörd prezidentin - həm Cənubi Qafqaz ölkələrinin prezidentlərinin, həm də Rusiyanın prezidenti səlahiyyətlərini həyata keçirən Putinin iştirakı ilə yaxşı görüş oldu. Hesab edirəm ki, biz yaxşı söhbət etdik və ola bilər, belə söhbətlər gələcəkdə də davam edəcəkdir.

Sual: Cənab prezident, viza rejiminin tətbiqi haqqında qərar barədə söhbət oldumu?

Cavab: Bilirsiniz, o barədə heç sual da verən, cavab verən də yoxdur. Ancaq mən ümumi ahval-ruhiyyədən belə hiss edirəm ki, bu, eləcə danışıqdır, tətbiq olunmayacaqdır.

Sual: Cənab prezident, Ermənistanda Koçaryanın istefasını tələb edən bir sıra partiyalar var. Artıq belə məlumatlar daxil olur ki, Koçaryanın istefası gözlənilir. Əgər Koçaryan istefa verərsə, Ermənistan-Azərbaycan danışıqları yenidənmi başlanacaq? Bu onu göstərmirmi ki, danışıqları yenidən başlamaqla proses uzadılır?

Cavab: Qızım, o qədər uzun sual verirsən ki - belə olsa nə olar, elə olsa nə olar... Mən sənə çox qısa, kəsə cavab verəcəyəm. Koçaryanın istefa məsələsini kim qaldırır, niyə qaldırır - mən bunu bilmirəm. Bunu orada-burada yazırlar. Nə olsun, çox yerdə gedib deyirlər "istefa, istefa". Mən inanmıram ki, Koçaryan istefa verəcəkdir. Ona görə, demək, sənin verdiyin sualların qalanı öz qüvvəsini itirdi.

Sual: Cənab prezident, Putin hakimiyyətə gələndən sonra Azərbaycan barəsində hansısa dəyişiklik hiss etdinizmi?

Cavab: Hiss elədim, müsbət dəyişiklik hiss elədim və çox məmnunam. Çünki mən Putinlə Kiyevdə də görüşmüşdüm, bizim onunla iki saat yarım görüşümüz olmuşdu. İndi təkbətək görüşdük, sonra başqa görüşlər oldu. Məsələn, mətbuat konfransında Putinə sual verdilər ki, Cənubi Qafqaz ölkələrində rusdilli xalqların vəziyyəti necədir? Putin buna yaxşı cavab verdi. Mən də əlavə etdim ki, Azərbaycanda rus millətinə mənsub olan, rusdilli xalqların vəziyyəti çox yaxşıdır. Onlar öz vəziyyətindən razıdırlar. Azərbaycanda rus məktəbləri var və hətta azərbaycanlıların bəziləri də rus bölməsində oxuyurlar. Bəzən bizim dərsliklərimiz çatışmır, onu da Moskvadan göndərirlər. Dedim ki, rus millətindən olanlar mənim dostlarımdır və onlar həmişə mənə yüz faiz səs veriblər. Bunu da Putin təsdiq etdi və dedi ki, biz də belə fikirdəyik ki, Azərbaycandan rusdilli əhalinin köçüb getməsi halları yoxdur.

Tarixi arayış