Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin dünya azərbaycanlılarına təbriki - Bakı şəhəri, 30 dekabr 2001-ci il


Əziz azərbaycanlılar!

Hörmətli soydaşlarımız, həmvətənlərimiz!

Artıq on ildən çoxdur ki, 31 dekabr, Dünya Azərbaycanlılarının Həmrəylik günü dövlət bayramı kimi Azərbaycan Respublikasının vətəndaşları və dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız tərəfindən təntənəli şəkildə qeyd edilir.

16 dekabr 1991-ci il Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 31 dekabrı Dünya Azərbaycanlılarının həmrəylik və Birlik bayramı kimi qeyd etmək haqqında qərar qəbul etdi. Sonra isə həmin gün bütün Azərbaycan Respublikasında dövlət bayramı kimi qeyd olunmağa başladı. Hər bir azərbaycanlı üçün əziz olan bu tarixi gün milli şüurumuzun və azadlıq mübarizəsinin güclənməsinin məntiqi nəticəsi olaraq meydana çıxmış, xalqımızın dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirərək, soydaşlarımızı öz tarixi vətəni, milli mənliyi, öz taleyi üçün düşünməyə dəvət edir.

Bu il müstəqil Azərbaycan Respublikasının tarixində əlamətdar hadisələr baş vermişdir. Azərbaycan Respublikası azad, demokratik bir ölkə, Avropa xalqları ailəsinin tam-hüquqlu üzvü kimi, dövlət müstəqilliyinin onilliyini təntənə ilə qeyd etmiş, həyatın bütün sahələrində - dövlət quruculuğunda, iqtisadiyyatda, demokratiyanın və insan haqlarının təmin olunmasında qürur doğuran nailiyyətlər qazanmış, Avropa Şurasına daxil olmuşdur. Azərbaycanı dünya enerji- iqtisadi layihələrinin mərkəzlərindən birinə çevirən Azərbaycan dövlətinin neft strategiyası öz real bəhrələrini verməyə başlamışdır, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin çəkilişi artıq günumuzun gerçəkliyidir. Bakıda böyük təntənə ilə xalqımızın müasir tarixində mühüm hadisə olan dünya azərbaycanlılarının I qurultayı keçirilmiş, həmvətənlərimizin təşkilatlanması və mütəşəkkilliyinin güclənməsi işi yeni mərhələyə qalxmışdır.

Xalqımızın tarixi müqəddəratının təxirəsalınmaz vəzifəsi olan dünya azərbaycanlılarının birliyi və həmrəyliyinin əsasını Azərbaycançılıq və Azərbaycan dövlətçiliyi ideyaları təşkil edir. Azərbaycançılıq ideyası hər şeydən əvvəl azərbaycanlıların milli mənlik şüurunun, milli-mənəvi dəyərlərinin, dilinin, mədəniyyətinin, əsrlərin sınağından çıxması adət-ənənələrinin yaşadılmasını, bu ideya əsasında azərbaycanlıların tarixi vətənlə və öz aralarında birliyinin yaradılmasını nəzərdə tutur. Eyni zamanda müstəqil Azərbaycan dövləti dünya azərbaycanlılarının həmrəyliyinin güclu faktoru, onların təşkilatlanması, beynəlxalq aləmdə nüfuzlu bir quvvə kimi çıxış etməsi üçün etibarlı dayaq nöqtəsidir. Azərbaycan dövləti dünya azərbaycanlılarının insan hüquqlarının, qanuni maraq və mənafelərinin müdafiəçisi kimi çıxış edir. Azərbaycan dövləti xalqımızın tarixən dünya mədəniyyətinə verdiyi zəngin maddi, mənəvi-əxlaqi, intellektual sərvətlərin, Azərbaycan adının etibarlı müdafiəçisi və sahibidir.

Dünya azərbaycanlılarınının mühüm, müqəddəs vəzifələrindən biri Azərbaycan xalqının tarixi nailiyyəti, bütün dünya azərbaycanlılarının mənəvi-siyasi iradəsinin nəticəsi olan müstəqil dövlətçiliyi qoruyub saxlamaqdan, milli dövlətimizin Dünya Birliyində özünəməxsus yer tutmasına çalışmaqdan ibarətdir. Müstəqil Azərbaycan dövlətinin mövcudluğu, onun demokratik, dünyəvi, hüquqi cəmiyyət yaradılması yolu ilə inamla irəliləmsi yalnız Azərbaycan Respublikası vətəndaşlarının deyil, bütün dünya azərbaycanlılarının milli müstəqillik və dövlətçilik təfəkkürünün inkişafına, onların həmrəyliyinə təkan verir.

Soydaşlarımız Azərbaycan dövlətçiliyi ideyaları ətrafında sıx birləşməli, ümummilli məsələlərdə sarsılmaz həmrəylik nümayiş etdirməli, bu məqsədlə azərbaycanlı icmalarının, mədəniyyət mərkəzlərinin və dostluq cəmiyyətlərinin imkanlarından geniş istifadə olunmalıdır. Dünya azərbaycanlılarının birliyi, həmrəyliyi onların daimi yaşadığı ölkələrdə və bütün dünyada güclü və monolit bir quvvə kimi çıxış etmələrinə, öz milli və vətəndaş haqlarını daha dolğun qorumalarına da əhəmiyyətli təsir göstərəcəkdir.

Bu gün müstəqil Azərbaycan Respublikasında dünya azərbaycanlılarının milli birlik və həmrəylik problemi dövlət siyasəti səviyyəsinə qaldırılmış, Azərbaycan diasporunun formalaşdırılması dünya azərbaycanlılarının bir-biri ilə və tarixi vətənlə əlaqələrinin yaradılması və möhkəmləndirilməsi məsələləri bilavasitə gündəliyə gətirilmişdir. Dünya azərbaycanlılarının əsl milli özünüdərk və ümummilli ideya - Azərbaycançılıq və müstəqil dövlətçilik və mili-mənəvi dəyərlər ətrafında birləşməsi prosesi başlanmışdır.

Dünya azərbaycanlılarının I qurultayı bu istiqamətdə əsl mərhələ olmuş, milli birliyimiz, həmrəyliyimiz, xaricdə yaşayan azərbaycanlıların diaspor şəklində təşkilatlanması və öz maraqlarını, huquqlarını, Azərbaycançılıq ideyalarını beynəlxalq miqyasda müdafiə etmələri üçün əsl strateji proqram müəyyən etmişdir.

İnanırıq ki, xaricdə yaşayan azərbaycanlıların mütəşəkkilliyi, diaspor hərəkatı getdikcə güclənəcək, təşkilatlanma səviyyəsi yüksələcək və bütün dünya Azərbaycançılıq ideyaları qorunacaqdır. Bu həm də dünya dövlətlərinin ictimai-siyasi, iqtisadi-mədəni həyatında, siyasi dairələrində azərbaycanlıların təsirini getdikcə gücləndirəcəkdir.

Bu gün öz tarixinin məsul və şərəfli oyanış mərhələsini yaşayan dünya azərbaycanlıları vahid bir xalqı, bir milləti, bir tarixi vətəni təmsil edir. Azərbaycanlılar dünyanın bütün ölkələrində Azərbaycan mədəniyyətinin, dilinin, adət-ənənələrinin, mentalitetinin layiqli daşıyıcıları kimi çıxış etməlidirlər. Buna görə də harada yaşamasından asılı olmayaraq, sağlam milli adət-ənənələrin, mədəni-mənəvi dəyərlərin qorunub saxlanması, gənc nəslə ötürülməsi dünya azərbaycanlılarının tarixi Vətən qarşısında müqəddəs borcudur. Əmin olduğumu bildirmək istəyirəm ki, bütün bu şərəfli vəzifələrin, eyni zamanda dünya azərbaycanlılarının I qurultayının qəbul etdiyi mühüm qərarların davamlı şəkildə həyata keçirilməsi yolunda hər bir azərbaycanlı öz səylərini əsirgəməyəcəkdir.

Sizi bir daha qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik bayramı münasibəti ilə təbrik edir, hər birinizə səadət, rifah və əmin-amanlıq arzulayıram.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

Tarixi arayış

DİASPOR

Əlavə sənədlər

DİASPOR