Qurban Bayramı münasibəti ilə Azərbaycan xalqına təbrik - 21 fevral 2002-ci il


Əziz bacı və qardaşlar!

Sizi dünya müsəlmanlarının mübarək Qurban bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Bəşər tarixinin ən parlaq səhifələrindən birini təşkil edən bu gün İslamın bir din kimi tamamlanması və insanlara mükəmməl həyat məramnaməsi olaraq təqdim edilməsi ilə əlamətdardır. İslam aləmi xalqlarının neçə-neçə nəsli bu ilahi hikmətin işığında yaşayıb-yaratmış, onun yüksək mənəvi dəyərlərindən faydalanaraq dünya sivilizasiyasına layiqli töhfələr vermişdir. Bütün müsəlmanların böyük təntənə ilə qeyd etdikləri Qurban bayramı həm də insanın ən çətin məqamlarda düzgün mövqe seçmək, ülvi amallar uğrunda hər cür fədakarlığa hazır olmaq qüdrətini təcəssüm etdirir.

İslamın humanizm, bərabərlik və qardaşlıq prinsiplərinə sədaqətini həmişə nümayiş etdirmiş Azərbaycan xalqı əsrlər boyu, hətta ən mürəkkəb dövrlərdə Qurban bayramını özünün əziz günlərindən biri kimi qeyd etmişdir. Azərbaycanın dövlət müstəqilliyinin bərpası ilə bu mübarək günün müsəlmanlarımız tərəfindən layiqincə bayram edilməsi üçün də əlverişli şərait yaranmışdır. Bu gün müsəlmanlarımız öz müqəddəs borc və vəzifələrini yerinə yetirməkdən doğan sevinci sərbəst şəkildə bölüşür, yaxınlarını yad edir, əzizlərinin ruhlarına dualar oxuyurlar.

Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçərək şəhid olmuş övladlarımıza bu bayram günlərində Allahdan rəhmət diləyir, onların yaxınlarına və bütün xalqımıza səbr arzulayıram. İnanıram ki, erməni təcavüzü nəticəsində işğal olunmuş torpaqlarımızın azad edilməsi didərgin düşmüş soydaşlarımızın öz doğma yurdlarına qayıtması, ölkəmizdə sülhün və əmin-amanlığın tam bərqərar edilməsi, xalqımızın layiq olduğu firavan həyata qovuşması üçün Qurban bayramı günlərində edilən ən ümdə arzu və diləklərimiz gerçəkləşəcəkdir. Qoy bu mübarək bayram müstəqil Azərbaycan Respublikasının tərəqqisi haminə xalqımızın qəhrəmanlıq və fədakar qüdrətini daha da artırsın, cəmiyyətdə milli həmrəyliyin möhkəmləndirilməsi işinə öz töhfəsini versin!

Bu əziz bayram günündə hər birinizə möhkəm cansağlığı, ailə Səadəti və işlərinizdə uğurlar diləyirəm.

Bayramınız mübarək olsun!

Heydər Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.