Azərbaycan Prezidenti Heydər Əliyevin Bi-Bi-Si radiosunun müxbiri Famil İsmayılova müsahibəsi - 20 may 1999-cu il


Sual: Cənab prezident, xahiş edirəm mənim təbrikimi qəbul edəsiniz. Özü də bu, ikiqat təbrikdir. Çünki Siz taleyin yeni bir sınağından uğurla çıxmısınız. Digər tərəfdən isə Sizi Türkiyədə Mustafa Kamal Atatürk adına beynəlxalq sülh mükafatı gözləyir. Siz bu mükafatı nə zaman qəbul etməyə hazırsınız?

Cavab: Sağ olun. Sizin təbrikinizə görə təşəkkür edirəm. Minnətdaram.

Mən bu gün Türkiyəyə gedirəm. Türkiyənin proqramına görə, onlarda qəbul olunmuş qanuna görə, Mustafa Kamal Atatürk adına beynəlxalq sülh mükafatı mayın 19-da verilir. Çünki 19 may Mustafa Kamal Atatürkün Samsundan yürüşə, vuruşa başlaması günüdür. Bu, bayramdır. Ancaq mən o günə çatdıra bilmədim. Görünür ki, müəyyən bir gün təyin olunacaq və mükafat mənə veriləcəkdir. Əsas mükafatla təltif olunmaqdır, onun hansı vaxtda alınması o qədər də əhəmiyyətli deyildir.

Sual: Cənab prezident, Sizin Amerikada Robert Koçaryanla görüşünüz olub və həmin görüşdən sonra Ermənistan prezidenti bizim Vaşinqtondakı müxbirimizə deyib ki, ümumiyyətlə bu görüşlər çox səmərəli keçibdir. Çünki artıq bu görüşdən sonra o, prezident Heydər Əliyevi daha yaxşı başa düşür. Siz həmin görüşdən hansı nəticəni çıxardınız?

Cavab: Mən də bu görüşün əhəmiyyətli olduğunu və səmərəli olduğunu təsdiq edirəm. Mən də belə fikirdəyəm.

Mən Robert Koçaryanla 1994-cü ildə bir neçə dəfə görüşmüşəm və o, Ermənistanın prezidenti seçiləndən sonra da bizim onunla Moskvada iki dəfə görüşlərimiz olubdur. Ancaq Vaşinqtondakı görüş daha da səmərəlidir və görünür ki, o, məni daha da yaxşı tanıdığı kimi, mən də onu daha da yaxşı tanıyıram. Yəni tanımaq imkanı əldə edirəm və bunlar da ümid verir ki, biz danışıqlarda müəyyən qədər irəliyə gedə bilərik.

Sual: Cənab prezident, Siz Bakıdan çıxandan sonra bir müddətdir ki, Azərbaycanda hansısa mənada hakimiyyət boşluğu hiss olunur. Yəni baxmayaraq ki, Siz kənardasınız, ölkədən xaricdəsiniz, əlbəttə, əminəm ki, Siz bütün problemləri və məsələləri nəzərdən keçirirsiniz. Amma bizim dinləyicilər və bir çox insanlar, mütəxəssislər Bakıda hiss edirlər və deyirlər ki, bəlkə prezident vəzifəsinin hansısa bir hissəsini Konstitusiyaya müvafiq şəkildə kiməsə həvalə etsəydi, bu, Azərbaycanda siyasi vəziyyətin yaxşılaşmasına və səmərəli şəkildə inkişafına kömək edərdi.

Cavab: Sizin dediyiniz o sözlər, - yəni bilmirəm bu, öz sözünüzdür, yaxud da sizin dinləyicilərin sözləridir, - onlar səhvdir. Azərbaycanda qətiyyən hakimiyyət boşluğu yoxdur. Hakimiyyət tam yerindədir.

Mən Amerika Birləşmiş Ştatlarına rəsmi işdən ötrü getmişdim. Bir həftədən çox bu işlərlə məşğul olmuşam. Bundan sonra cərrahiyyə əməliyyatı keçirilən zaman mənim cəmi bir gün Bakı ilə, Azərbaycanla əlaqəm olmayıbdır. Qalan vaxtlar həmişə əlaqələrim olubdur. Öz vəzifələrini yerinə yetirənlərlə mütəmadi telefon əlaqələrim vardır. Lazım olan məsələləri mənimlə məsləhətləşirlər, mən lazım olan göstərişləri verirəm.

Onu qeyd edə bilərəm ki, mən 1993-cü ildən, Azərbaycana rəhbərlik etdiyim dövrdən indiyə qədər demək olar ki, bu qədər uzun müddətdə ölkədən kənarda olmamışdım. Ancaq bu, eyni zamanda mənim üçün sınaq oldu və bizim ölkəmiz üçün də sınaq oldu ki, demək, mən bəlkə bundan artıq, uzun müddət də ölkədən kənarda ola bilərəm. Bizim hakimiyyət artıq çox mütəşəkkildir. Hərə öz işə ilə məşğuldur, hərə öz işini aparır və mən deyə bilərəm ki, bu bir ay müddətində Azərbaycanda heç bir sahədə hansısa bir zəiflik yoxdur.

Mən hər gün Milli Məclisin sədri ilə, baş nazirlə, Prezident Aparatının başçısı ilə, nazirlərin çoxu ilə, Bakı Şəhər İcra Hakimiyyəti ilə telefon əlaqəsi saxlayıram. Onlar mənə məruzə edirlər və hər dəfə də mənə işlərin yaxşı getdiyini deyirlər. Mən bir onların məruzəsindən yox, başqa yerdən aldığım məlumatlara görə də hesab edirəm ki, bu, elə bizim ən böyük nailiyyətlərimizdəndir. Yəni Azərbaycanda artıq sabitlik yaranıbdır, istiqrar yaranıbdır, ictimai-siyasi sabitlik möhkəmdir, əsaslıdır və onu pozmaq, dəyişdirmək mümkün deyildir. Bu xəstəlik mənim üçün xəstəlik oldu, eyni zamanda ümumi dövlət işimizdə müəyyən bir sınaq dövrü oldu. Bu sınaqdan da biz çox gözəl çıxırıq.

Müxbir: Çox gözəl. Cənab prezident, Sizə təşəkkür edirəm.

Heydər Əliyev: Sağ olun. Mən də sənə təşəkkür edirəm.

"Azərbaycan" qəzeti, 23 may 1999-cu il

Tarixi arayış