Uşaqların Beynəlxalq Televiziya və Radio günü münasibətilə keçirilən şənlikdə Azərbaycan Prezidenti Heydər Əliyevin nitqi - 12 dekabr 1999-cu il


Əziz uşaqlar, sevimli balalar!

Mən sizə müraciət edirəm və Azərbaycan radiosu və televiziyası vasitəsilə Azərbaycanın bütün uşaqlarına, gənclərinə müraciət edirəm. Sizin hamınızı - Azərbaycanın uşaqlarını, gənclərini, qızlarını, oğlanlarını bu bayram münasibətilə, YUNİSEF Beynəlxalq Təşkilatının yaratdığı Beynəlxalq gün - uşaqların televiziya və radio günü münasibətilə ürəkdən təbrik edirəm. Sizə xoş həyat, sevinc, səadət və gözəl gələcək arzulayıram.

Uşaqlar cəmiyyətin ən gözəl hissəsidir. Hər bir insan, hər bir ana, hər bir ata öz xoşbəxtliyini birinci növbədə öz uşağında, öz övladında görür. Ailədə yeni uşağın dünyaya gəlməsi ailə üçün bütün sevinclərdən də üstündür. Bu təbiidir, çünki insan yaşayır, yaradır və cəmiyyətin gələcəyini yaradır. Bu, Allah-Taalanın buyurduğu bir prosesdir. Azərbaycan prezidenti kimi mənim üçün hər bir ailədə uşağın dünyaya gəlməsi, bu ailənin sevinci elə mənim də sevincimdir. Mənim üçün hər bir uşağın həyatı bizim ümumi cəmiyyətimizin həyatıdır.

Ona görə də mən bu gün böyük sevinc hissi ilə sizin görüşünüzə gəlmişəm. Siz burada öz çıxışlarınızla - xüsusən Sevinc və Bəxtiyar - məni çox mütəəssir etdiniz. Uşaq həmişə insanda çox ülvi hissiyyatlar yaradır. Təbiidir, biz bunu hər yerdə görürük ki, uşaq istedadlı çıxış edəndə insan o qədər sevinir ki, bəzən onun gözündən sevinc yaşı da gəlir. Mən də belə bir insanam ki, həmişə məni hər şeydən çox uşaqlar sevindirir - həm özlərinin varlığı ilə, həm istedadları ilə, həm gözəlliyi ilə, həm qabiliyyəti ilə, həm tərbiyəsi ilə.

Mən öz övladlarımı çox sevirəm, nəvələrimi də çox sevirəm. Ancaq eyni zamanda mən Azərbaycanın bütün uşaqlarını öz övladlarım kimi, öz nəvələrim kimi sevirəm. Çox illərdir ki, xalqım mənə etimad göstərib, məni Azərbaycana başçı, sonra isə prezident seçəndən indiyə qədər mən Azərbaycanın uşaqlarının hamısını öz övladım kimi qəbul etmişəm. Bu, nəinki mənim borcumdur, mənim üzərimə düşən vəzifədir, eyni zamanda mənim qəlbimdən gələn hissiyyatlardır.

Düşünürəm ki, Azərbaycan vətəndaşlarının əksəriyyəti belə hissiyyatlarla yaşayır. Məhz ona görə də biz həyatımızın bu ağır keçid dövründə uşaqların təhsilinə, inkişafına, onların istedadlarının inkişaf etdirilməsinə, onların daha da yaxşı yaşamasına nail ola bilirik.

Mən bu gün sizinlə burada olmağımdan çox məmnunam. Son illər mən buraya hər il gəlirəm, biz hər il görüşürük. Artıq bu, bir ənənəyə çevrilibdir. Əgər siz mənim bu dəfə bu görüşə dəvət etməsəydiniz mən çox məyus olardım. Amma siz dəvət etməsəydiniz də mən özüm gələcəkdim. Mənim müşahidələrim bundan ibarətdir ki, mən hər il uşaqlarımızın boyunun artmasını yox, - bu təbiidir, - bizim uşaqların gözəlləşməsini, şənlənməsini, özlərini daha da xoşbəxt hiss etməsini, istedadlarının daha da açılmasını görürəm. Bu, tək elə bu salondakılar deyil. Bizim Azərbaycanın uşaqlarının həyatının ümumi mənzərəsi budur. Mən neçə illərdir ki, Sevinclə Bəxtiyarı aparıcı kimi burada görürəm. Doğrudur, onların boyu artıbdır, amma görürəm ki, boylarından çox, onların daxili mənəviyyatı yüksəlibdir, onların istedadı daha da artıbdır.

Hər ata istəyir ki, onun övladı tez böyüsün, tez yekəlslin. Mənim bir adətim vardı: uşaqlarım kiçik olanda onları divarın yanına gətirirdim, xətt çəkirdim, iki aydan sonra bir də ora gətirirdim - xətt çəkirdim, görüm ki, onlar nə qədər böyüyüblər. Bu, bəli, valideynə aid olan bir xüsusiyyətdir. Amma təbiidir ki, bu nə valideyndən, nə də uşaqdan asılıdır. Bu, təbiətdən asılıdır. Ancaq insan istəyir ki, hər şey tez yüksəlsin. Mən də həmişə arzu edirəm ki, bizim uşaqlar tez yüksəlsinlər, o mənada ki, daha da çox bilik alsınlar, daha da çox tərbiyələnsinlər, daha da çox vətənpərvər olsunlar.

Burada siz mahnılar təqdim etdiniz. Çox gözəl mahnılar idi. Ancaq bu mahnıların hamısının bir ana xəttini mən hiss etdim: vətən, xalq, millət, dövlət, torpaq - bu fikirlər mahnıların hamısından keçir. Bax, məni bu çox sevindirir. Əlbəttə ki, hər bir mahnı, hər bir musiqi insanı zövqə gətirir, insanı sevindirir, insan istirahət edir. Ancaq vətənpərvərlik ruhu ilə yaranmış sizin bu mahnılarınızın hamısı və daxili vətənpərvərlik ruhunda ifa etdiyiniz mahnılarınız, rəqsləriniz məni daha da çox sevindirir. Çünki bizim ölkəmizin bu günü də, gələcəyi də müstəqil Azərbaycandır.

Müstəqil Azərbaycan tarixinin ilk dövrünü yaşayır. Gələcək isə həm böyükdür, həm də uzundur, yəni əbədidir, sona qədərdir, bu gələcəyin sonu yoxdur. Ancaq qarşımızda duran məsafəni nə qədər tez qət edə bilsək, bizim xalqımız dünya xalqları içərisində o qədər tez yüksələcəkdir. Bu, bizim hamımızın borcudur. Biz bunu hamımız etməliyik. Ancaq bunu təmin etmək üçün gərək bu prosesin ardıcıllığı yaransın. Ardıcıllıq isə odur ki, məhz uşaqlar, gənclər, onların təhsili, tərbiyəsi, onların istedadlarının meydana çıxarılması, istedadlarını göstərmək üçün onlara imkanlar yaradılması - bunların hamısı hər bir nəsli əvvəlki nəsildən yüksək edə bilər.

Mən heç şübhə etmirəm ki, XXI əsrdə Azərbaycanda nəsillər nə qədər dəyişəcəksə, Azərbaycan xalqının, Azərbaycan millətinin daxili mənəviyyatı, insani keyfiyyətləri, istedadı da o qədər artacaqdır. Xalqımız yüksək mədəniyyətə, yüksək elmə, yüksək biliyə və xoş, firavan həyata malik xalq olacaqdır. Onun üçün sizin hər biriniz - bugünkü kiçik istedadlar, amma çox zərif, insanı heyrətə gətirən, insanı sevindirən o istedad nümunələri gələcəyin qönçələridir. Bu qönçələr açılacaqdır, bu qönçələr gözəl görünəcəkdir və Azərbaycanı gülzarlığa döndərəcəkdir.

Ancaq bizim uşaqlar tək musiqidə, mahnıda, rəqsdə istedadlı deyildirlər. Son illər bizim uşaqların istedadları bir çox sahələrdə aşkara çıxıbdır. Məktəblərimizdə ayrı-ayrı fənlər, elmlər sahəsində çoxlu istedadlı uşaqlar özlərini göstəriblər. Dünyada keçirilən beynəlxalq olimpiadalarda Azərbaycan məktəblərinin uşaqları ayrı-ayrı fənlər üzrə çox yüksək adlar, medallar, fəxri fərmanlar alıblar. Yəni Azərbaycan uşaqlarının istedadı çox geniş bir sahəni əhatə edir. Yəni insan istedadının hər bir sahəsi Azərbaycanın uşaqlarında var.

Bizim borcumuz, bizim vəzifəmiz şərait yaratmaqdan ibarətdir ki, hər bir gənc, hər bir uşaq istedadını inkişaf etdirə bilsin, ona imkan yaransın. Biz bunu edirik. Amma deyə bilmərəm ki, hər bir şeyi təmin edə bilirik.

Mənim istəyim, arzum bundan da çoxdur. Ancaq əminəm ki, burada biz ilbəil yeni nailiyyətlər əldə edirik və əldə edəcəyik.

Bizim uşaqların bir hissəsi yerindən-yurdundan didərgin düşmüş, köçkün vəziyyətində yaşayan ailələrin uşaqlarıdır, çadırlarda yaşayan uşaqlardır. Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində, müəyyən səbəblərdən bir milyondan artıq azərbaycanlı yerindən-yurdundan didərgin düşübdür, ağır vəziyyətdə, çadırlarda yaşayırlar. Mən o çadırlarda olmuşam, insanların ağır şəraitdə yaşadığı müxtəlif yerlərdə olmuşam, hamısını görmüşəm. Bilirsiniz, bu görüşlər ikitərəfli təəssürat, hissiyyatlar doğurur. Bir tərəfdən insanlarımızın, xüsusən uşaqlarımızın belə ağır, bəzən də dözülməz vəziyyətdə yaşaması bizi incidir, sıxır. Məni bu həyatda ən çox sıxan budur.

İkinci tərəfdən də belə ağır bir şəraitdə uşaqlarda xoş əhval-ruhiyyə, onlarda həqiqi uşaqlıq keyfiyyətləri, onların məktəbdə oxumasını, təhsil almasını, yəni həqiqi uşaq kimi inkişaf etməsini görəndə sevinirsən.

İnsan ümumiyyətlə dözümlü bir məxluqdur. Bunu biz tarixdən bilirik, hər yerdə olub, o cümlədən Azərbaycan xalqının tarixinin müxtəlif mərhələlərində və yaşadığımız dövrdə də görürük və bilirik. Ancaq yenə də deyirəm, çadırlarda ağır vəziyyətdə, yerindən-yurdundan didərgin düşmüş ailələrdə yaşayan uşaqlar çox yüksək qayğıya layiqdirlər. Onların içərisində istedadlıları da çoxdur. Sizin kimi rəqs edənlər, yaxud da mahnı oxuyanlar və ya məktəbdə əla qiymətlərlə oxuyan uşaqlar çoxdur.

Mən bir dəfə o çadırlara gedəndə gördüm ki, çadırın birinin yanında çörək bişirirlər. Şəhərdə yaşayanlar bunu bəlkə də bilməzlər, amma kənd yerlərində həmişə ya təndir qalayıb çörək bişirirlər, ya da sacın üstündə çörək bişirirlər. Onu da sizə deyim ki, o çörək çox ləzzətli olur. Kim ondan yeməyibsə çox şey itiribdir.

Dedim ki, nə edirsiniz? Bir oğlan idi, dedi ki, biz toy edirik. Gənc bir oğlandı, 18-19 yaşı olardı. Dedim, bəs gəlin haradadır? Dedi ki, gəlini Sabirabaddakı çadırdan oğlan gedib gətirmişdir. Yəni oğlan da çadırda yaşayır - Biləsuvar rayonunda, qız isə Sabirabaddakı çadırda yaşayır, oradan gedib gətirmişik. Yəni, insan hər bir şəraitdə yaşayır, toyunu da, bayramını da edir. O çadırlarda övladlar da dünyaya gəlir, uşaqlar da doğulur. Həyat davam edir. Həyatın davam etməsini, həyatın sürətini heç bir qüvvə dayandıra bilməz. Yenə də deyirəm, təbiidir ki, bu, bizim millətin dözümlülüyüdür.

Ancaq bilin, inanın, əziz uşaqlar, beş ildən artıqdır ki, mənim bu məsələni sülh yolu həll etmək üzərində çalışdığım iş, təbiidir ki, bütün millətimiz üçün, bütün xalqımız üçün ən vacib olan işdir. Hər şeydən öncə uşaqlar üçün, gələcək nəslimiz üçün, gələcək nəslimizin qorunması üçün. Əminəm, inanıram, biz buna nail olacağıq. Mən dəfələrlə demişəm - o müharibə illərində çox qanlar tökülüb, nə qədər gənclər həlak olub, şəhid olublar, vətən yolunda, torpaq yolunda özlərini qurban veriblər. Ancaq gərək bir daha qan tökülməsin. Əgər bu məsələni biz sülh yolu ilə həll edə biliriksə, mən istəmirəm ki, yenə də bizim hansısa bir övladımız getsin vuruşa, girsin döyüşə.

Təbiidir ki, xalq, millət və onun gəncləri, onun ordusu, onun döyüşçüləri həmişə öz torpağını, öz ölkəsini, öz vətənini qorumağa qadir olmalıdır, qorumağa hazır olmalıdır. Vətənpərvərlik haqqında burada sizin mahnılarınızı da mən o mənada qəbul edirəm ki, siz - kiçik yaşlı uşaqlar vətənpərvərlik haqqında mahnılar oxuyursunuz. Yəni siz vətəninizi, torpağınızı nəinki yağılardan, nəinki xarici düşmənlərdən, bütün fəlakətlərdən qorumağa hazırsınız. Bu, çox sevindirici haldır. Əgər məsələni sülh yolu ilə həll etmək olarsa, nə üçün yenidən qan tökülsün? Təbiidir ki, o biri yol da istisna deyil.

Əziz balalar, ancaq mən bu gün sizə bir də deyirəm ki, biz məsələnin sülh yolu ilə həll edilməsinə nail olacağıq. Sizin daha da xoşbəxt yaşamağınıza daha da gözəl imkanlar yaradacağıq.

Demək olar ki, siz çox xoşbəxtsiniz. Ona görə ki, XX əsrdə doğulmusunuz, amma həyat fəaliyyətiniz və gələcəkdə ailə qurmağınız, bütün işləriniz XXI əsrdə olacaqdır. Yəni siz XX əsrlə XXI əsri bağlayan insanlarsınız. Bu da nadir bir haldır, çox nadir bir haldır. Mən sizə bir daha öz dərin atalıq hissiyyatımı bildirirəm. Mən sizi sevirəm, siz məni həmişə ruhlandırırsınız, siz məni həmişə sevindirirsiniz. Bəzən məndən soruşurlar ki, bu qədər gərgin işləri aparmağım necə mümkün olubdur. Hər bir insanın ilhamverici qüvvəsi var. Mənə ilham verən ən böyük qüvvə Azərbaycanın uşaqlarıdır. Azərbaycanın gəncləridir, Azərbaycanın gələcəyidir.

Mənim bütün həyatım xalqıma xidmətə həsr olunub. Amma bu gün həyatımın mənası, məqsədi müstəqil Azərbaycanın gələcəyini təmin etməkdir. Yəni Azərbaycan bir müstəqil dövlət kimi yaşasın və müstəqilliyi əbədi olsun. Azərbaycan inkişaf etsin və inkişaf etmiş dövlətlər səviyyəsinə çatsın. Azərbaycan yüksək iqtisadiyyata malik olsun və Azərbaycan xalqı, Azərbaycan vətəndaşları, Azərbaycanda hər bir insan xoşbəxt yaşasın, firavan yaşasın, rahatlıq şəraitində yaşasın, sabitlik şəraitində yaşasın, qorxu altında olmasın, təhlükə altında olmasın, gələcəyə baxsın və gələcək haqqında düşünsün. Budur mənim həyatımın bugünkü mənası və gördüyüm işlərin məzmunu!

Mən sizi əmin edirəm ki, bu yolda bundan sonra da var qüvvəmlə çalışacağam. Qüvvəm hələ var. Allaha şükür, çoxdur. Ona görə də mən sizinlə hələ çox görüşlər keçirəcəyəm.

Sizi bir daha təbrik edirəm, hər birinizə xoşbəxtlik, səadət arzulayıram. Hər birinizə xoşbəxt gələcək arzulayıram. Sizi öpürəm, sizi bağrıma basıram. Sağ olun.