"Dahi şair Məhəmmədhüseyn Şəhriyarın anadan olmasının 90 illik yubileyi mərasiminin iştirakçılarına" (11 aprel 1998-ci il) sənədinə tarixi arayış


Məşhur Azərbaycan şairi Məhəmmədhüseyn Hacı Mirağa oğlu Şəhriyar 1906-cı ildə Cənubi Azərbaycanın Təbriz şəhəri yaxınlığındakı Xoşginab kəndində vəkil ailəsində anadan olub. İbtidai və orta təhsilini Təbrizdə alıb. Tehran universitetinin tibb fakültəsində oxuyub, lakin maddi ehtiyac ucundan sonuncu kursdan təhsilini yarımçıq qoymağa məcbur olub.(http://www.parlaq.net.az/)

Şəhriyar 1932-35-ci illərdə dövlət qulluqçusu kimi Nişapurda, Xorasanın müxtəlif şəhərlərində çalışıb, Tehranda kənd təsərrüfatı bankında işləyib. 1953-cü ildə Təbrizə qayıdıb.

Şəhriyar müasir Azərbaycan və İran poeziyasının ən böyük nümayəndələrindəndir. O, əsasən Azərbaycan və fars dillərində yazıb. İlk kitabı 1931-ci ildə nəşr olunub. Sonralar şairin dördcildlik divanı, ikicildlik seçilmiş əsərləri, iki hissədən ibarət "Heydərbabaya salam" poeması, "Türkcə divan" toplusu çapdan çıxıb. Şəhriyarın hər iki dildə yüksək sənətkarlıqla yaratdığı əsərlərdə klassik Azərbaycan və fars şeri ənənələri yeni poetik axtarışlarla üzvi vəhdətdə birləşib. Humanizm, ədalət, azadlıq, mənəvi saflıq, nikbinlik motivləri Şəhriyar poeziyasının səciyyəvi cəhətidir.(http://www.bizimasr.media-az.com/)

Şairin 1954-cü ildə yazdığı "Heydərbabaya salam" poeması, sonralar ana dilində yazdığı şerlər təkcə onun yaradıcılığında deyil, eləcə də bütün müasir Azərbaycan poeziyasında yeni mərhələ hesab edilir. Poemada Cənubi Azərbaycan təbiətinin gözəllikləri, xalqın adət və ənənələri canlı xalq dilində tərənnüm edilib. Əsərdə müasir Cənubi Azərbaycan kəndinin sosial ziddiyyətləri, xalqın acınacaqlı həyatı ürək ağrısı ilə təsvir edilib, onun kədər və sevinci, arzu və nisgili əks olunub. Poema Cənubi Azərbaycanda anadilli poeziyaya geniş yol açıb. Şəhriyarın yaradıcılığı İraq və Türkiyədə də geniş şöhrət qazanıb. Onun Şimali Azərbaycanın şairləri ilə mənzum məktublaşmalarında qardaşlıq və məhəbbət hissləri, ayrılıq həsrəti təsirli ifadə edilib.(http://www.azerworld.info/)

Məhəmmədhüseyn Şəhriyarın vəfat etdiyi gün sentyabrın 18-i hər il İranda milli şer günü kimi qeyd edilir. (1988)

1998-ci il aprelin 11-də Bakıda böyük şair Məhəmmədhüseyn Şəhriyarın 90 illik yubileyi münasibətilə təntənəli mərasim keçirilib. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev mərasim iştirakçılarına məktub göndərib. Məktubunda prezident Şəhriyar poeziyasını dövrün ictimai, siyasi, fəlsəfi və ədəbi görüşlərinin əksi adlandırıb. Böyük lirika ustası Şəhriyarın əsərlərinin öz ideya zənginliyi, bədii saflıq və səmimiyyəti ilə seçildiyini qeyd edib.

Tarixi arayış 28 yanvar 2007-ci ildə tərtib edilib.