Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfiri Ross Uilson ilə görüşündən - Prezident sarayı, 20 avqust 2002-ci il


Azərbaycan prezidenti Heydər Əliyev səfiri salamlayaraq hal-əhval tutdu, istirahətini necə keçirdiyi ilə maraqlandı. Ailəsi ilə birlikdə ABŞ-da yaxşı istirahət etdiyini bildirən cənab Uilson dedi ki, bu müddətdə hamımız Azərbaycan üçün çox darıxırdıq və çox şadıq ki, yenidən buraya qayıtmışıq.

Vaşinqtonda maraqlı görüşlərim də oldu. Həmişə olduğu kimi, bu dəfə də Azərbaycana çox böyük maraq vardı. Xüsusilə də Bakı-Tbilisi-Ceyhan layihəsi və ümumiyyətlə, enerji məsələləri haqqında söhbət edərkən görüşdüyüm bütün adamlar razı qalırdılar. Terrorizmə qarşı mübarizə məsələlərində Azərbaycanın mövqeyi və Sizin şəxsi dəstəyiniz Amerika Birləşmiş Ştatlarında böyük rəğbət hissi ilə qarşılanır. Görüşdüyüm rəsmi şəxslərin hamısı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı prezident Köçəryanla keçirdiyiniz görüşlərlə çox maraqlanırlar. Səfir vurğuladı ki, Azərbaycanda keçiriləcək referendum da ABŞ-da böyük maraq doğurur. Söhbət etdiyim bütün rəsmi şəxslər soruşurdular ki, bu, demokratiyanın, siyasi plüralizmin və sabitliyin inkişafına necə kömək edəcəkdir? Mən isə bilirəm ki, demokratiya, siyasi plüralizm və sabitlik Sizin əsas məqsədlərinizdir.

Diplomat xatırlatdı ki, o, istirahətə getməzdən əvvəl Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında münasibətlərin gələcək inkişafına dair proqram da tərtib edilmişdir. Həmin proqram çərçivəsində sentyabrda ABŞ-ın Energetika naziri Spenser Abrahamın Azərbaycana gəlməsi gözlənilir. O, Bakı- Tbilisi-Ceyhan boru kəmərinin təməlinin qoyulması mərasimində iştirak edəcəkdir. Səfir ölkəsinin Energetika nazirinin məktubunu prezident Heydər Əliyevə təqdim etdi. Cənab Uilson bildirdi ki, ilin sonunda Amerika Birləşmiş Ştatlarından Azərbaycana yüksək rütbəli şəxslərin gəlməsi gözlənilir. Zənnimcə, tərtib etdiyimiz proqram görüşlərlə, səfərlərlə zəngin olacaqdır.

Prezident Heydər Əliyev səfirə təşəkkür edərək dedi ki, Amerika Birləşmiş Ştatlarında olarkən istirahətlə yanaşı, eyni zamanda görüşlər də keçirməyiniz sevindirici haldır. Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında əlaqələrin genişlənməsi, inkişaf etməsi haqqında sizinlə əvvəllər də xeyli danışmışdıq, indi bu barədə lazımi tədbirlərin həyata keçirilməsinə biz də çox maraq göstəririk, sizdə də böyük təkliflər var. Mən bunları çox müsbət qarşılayıram. Bakı-Tbilisi-Ceyhan ixrac neft kəmərinin tikintisinə başlanması ilə əlaqədar təntənəli mərasimi biz sentyabrın 18-nə təyin etmişik. Mən çox məmnunam ki, Amerika Birləşmiş Ştatlarının Energetika naziri də Azərbaycana gələcəkdir. Bu tədbiri biz Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti, yəni «bp» və onun ətrafında olan şirkətlərlə, habelə Türkiyə və Gürcüstanla birlikdə keçirəcəyik. Bilirsiniz ki, Azərbaycan da bu layihənin maliyyələşdirilməsi üçün öz payını veribdir. Biz bu məsələyə çox ciddi yanaşırıq və güman edirəm ki, inşaat işləri başlanan kimi, kəmərin tikintisi sürətlə həyata keçiriləcəkdir.

Dövlətimizin başçısı vurğuladı ki, beynəlxalq terrorizmlə mübarizə sahəsində Azərbaycanın ABŞ-la birgə fəaliyyəti bundan sonra da davam edəcəkdir. Bunu biz çox vacib bir vəzifə kimi qəbul etmişik. Təkcə ona görə yox ki, biz Amerika Birləşmiş Ştatlarının bu çağırışına qoşulmuşuq. Ona görə ki, bu həqiqətən indi dünyada, xüsusən bizim bölgədə çox vacib bir işdir. Mən çox məmnunam ki, bizim bu əməkdaşlığımızı Amerika Birləşmiş Ştatlarında qiymətləndirirlər və xidmətlərimizi qeyd edirlər. Əmin ola bilərsiniz ki, bu barədə bizim heç vaxt, heç bir tərəddüdümüz olmayacaqdır. Siz dediniz ki, avqustun 24-də Azərbaycanda keçiriləcək referenduma Amerika Birləşmiş Ştatlarında çox böyük maraq var. Mən düşünürdüm ki, bu, Amerika Birləşmiş Ştatları üçün o qədər böyük bir şey deyil ki, belə maraq olsun. Amma indi görürəm ki, Azərbaycanda hər şeyə Amerika Birləşmiş Ştatları böyük maraq göstərir. Mən çox məmnunam ki, bu maraq var. Əgər maraq olmasaydı, daha da pis olardı. Yaxşı ki, maraq var, əgər bu varsa, deməli, münasibət də var.

Referenduma çox böyük hazırlıq görülüb, bizim televiziya, radio, özəl televiziya kanalları, bütün mətbuat orqanları vasitəsilə təbliğat aparılıbdır. Hakimiyyətdə olan insanlar, Milli Məclisin deputatları bu müddətdə çox yerlərdə olublar. Televiziya ilə də mütəmadi olaraq verilişlər təşkil edilir ki, insanlar bu dəyişikliklərin mənasını bilsinlər və şüurlu olaraq referendumda iştirak etsinlər. Dünən mən həm mərkəzi, həm də yerli icra hakimiyyəti orqanlarının başçıları ilə görüşmüşəm. Onlara aid olan vəzifələrin yerinə yetirilməsi haqqında çox ciddi tapşırıqlar vermişəm, eyni zamanda, xəbərdarlıq etmişəm ki, referendum  prosesinə onlar heç bir müdaxilə etməməlidirlər. Qalan günlərdə də iş aparılacaqdır. Güman edirəm ki, referendum lazımi səviyyədə keçəcək və bu, demokratiyanın inkişafına kömək edəcəkdir. Çünki referenduma hazırlıq mətbuatda çox qızğın mübahisələr dövrü oldu. İqtidar nümayəndələri, orqanları referendumun əhəmiyyətini və onun zəruriliyini insanlara anlatmağa çalışırlar. Eyni zamanda o dəyişikliklərin hər birini seçicinin anlaması üçün əllərindən gələn köməyi ediblər. Eyni zamanda müxalifət qüvvələri, partiyaları, hətta qeyrihökumət təşkilatları - onların bir çoxu müxalifətin mövqeyindədir, hesab edirdim ki, onlar gərək bitərəf olsunlar - hamısı birlikdə referendumun əleyhinə təbliğat aparıblar. Ümumiyyətlə, Azərbaycan iqtidarının əleyhinə təbliğat aparıblar. Qəzetlərində, bütün informasiya orqanlarında açıq-aydın təbliğat aparıblar. Hesab edirəm ki, ATƏT çox yaxşı iş görübdür. Onlar burada bir neçə «dəyirmi masa» keçiriblər və bu gün də keçiriblər və yaxud keçirəcəkdilər. «Dəyirmi masa»larda 4-5 saat həm müxalifət, həm də iqtidar tərəfindən insanlar öz fikirlərini bildiriblər. Bunların hamısını dövlət televiziyası axşamlar veribdir.

Mən, demək olar ki, onların əksəriyyətini 4 saat, lazım olsa, 5 saat televizorda dinləmişəm. ATƏT-in bu təşəbbüsünü yüksək qiymətləndirirəm. Çünki bunun özü referendumu uğurla keçirməyimizə kömək edir. Biz istəmirik ki, referendumda iştirak edənlər kor-koranə gəlib ya lehinə, ya da əleyhinə səs versinlər. Bütün təbliğatımızla bildirmək istəyirik ki, bu dəyişikliklərin mənası nədir. Televiziya vasitəsilə tam verilən «dəyirmi masa» verilişlərində isə bu daha aşkar görünür. Çünki orada müxalifət və iqtidar nümayəndələri iştirak edir, bəzən çox qızgın mübahisələr aparırlar. Bu da bütün ictimaiyyətin gözü qarşısındadır. Hesab edirəm ki, bunun özü də Azərbaycanda həm mətbuat azadlığını nümayiş etdirir, həm də aşkarlığın, şəffaflığın olduğunu göstərir.

Prezident Heydər Əliyev vurğuladı ki, müxalifət referendumu boykot etmək, iqtidar isə bunu keçirmək istəyir. Hər halda, avqustun 24-də hər şey məlum olacaqdır. Ancaq mən bir şeyi başa düşdüm ki, bizim müxalifət üçün nə edirsənsə et, onlar referendumun əleyhinə çıxacaqlar. Bəzən düşünürəm ki, bəlkə biz müxalifəti tərifləsək, dəstəkləsək də, onlar yenə də bunun əleyhinə çıxacaqlar. Niyə? Çünki bunu iqtidar edir, bunu Heydər Əliyev edir. Ancaq güman edirəm ki, belə tədbirlər hamını tərbiyələndirir, hamını təkmilləşdirir.