Azərbaycan Prezidenti Heydər Əliyevin ABŞ-ın yəhudi təşkilatlarının nümayəndə heyətini qəbul edərkən söhbətindən - Bakı, 14 iyul 1999-cu il


Heydər Əliyev: Mən sizi salamlayıram, Azərbaycana xoş gəlmisiniz. Amerika Birləşmiş Ştatlarında yaşayan yəhudilərin təşkilatları ilə biz artıq yaxşı dostluq əlaqələri yaratmışıq. Şübhəsiz ki, bu dostluq əlaqələri hər iki tərəfin arzusu və istəyi ilə olubdur.

Mən Amerika Birləşmiş Ştatlarında 1997-ci ildə rəsmi səfərdə olarkən yəhudi təşkilatları konfranslarının prezidentləri ilə Nyu-Yorkda çox əhəmiyyətli bir görüş keçirtdim. Mən bu ilin aprel ayında Vaşinqtonda olarkən "Xolokost" muzeyini ziyarət etdim, orada da görüşlər keçirdim. Yəhudi təşkilatlarının nümayəndələri də vaxtaşırı olaraq Azərbaycana gəlirlər. Mən bunu birinci növbədə Azərbaycan-Amerika Birləşmiş Ştatları əlaqələrini, Azərbaycan-İsrail əlaqələrini daha da genişləndirmək və bununla bərabər, yəhudi təşkilatları ilə daha sıx əməkdaşlıq etmək üçün çox əhəmiyyətli hesab edirəm.

Eşitdiyimə görə, sizin bu səfəriniz də çox səmərəli keçir. Mən bundan çox məmnunam.

Barri Ceykobs: Cənab prezident, çox sağ olun. Azərbaycanda bizə göstərilən qayğıya və hərarətli görüşlərə görə hər birimizin adından, o cümlədən şəxsən öz adımdan Sizə minnətdarlığımı bildirmək istəyirəm. Əlbəttə ki, bizim Azərbaycana səfərimiz rəmzi xarakteri daşıyır. Bu səfər Amerika Birləşmiş Ştatlarındakı yəhudi komitəsi ilə Azərbaycan arasında dostluğun nə qədər möhkəm olduğunu göstərir. Bu, eyni zamanda Azərbaycan ilə İsrail arasında sağlam, isti münasibətlərin nə qədər möhkəm olduğunu göstərir. Səfərimizin digər məqsədi isə Azərbaycanda yaşayan həmmillətlərimizi - yəhudiləri görməkdir.

Biz eşitmişik ki, Azərbyacanda yaşayan yəhudi icmasına çox geniş azadlıqlar verilibdir. Onlar respublikanın digər vətəndaşları ilə bərabər vəziyyətdə yaşayırlar. Biz indi bunun hamısını öz gözlərimizlə gördük.

Cənab prezident bir neçə ay bundan əvvəlki xəstəlikdən sonra belə tez sağalmağınız münasibətilə Sizə təbriklərimizi yetirmək istəyirik. Çox şadıq ki, Sizi bu cür çox sağlam və qüvvətli görürük. Cənab prezident, çox sağ olun.

Heydər Əliyev: Həqiqətən də özümü yaxşı hiss edirəm. Amerika Birləşmiş Ştatlarında məni çox yaxşı müalicə ediblər.

Siz Azərbaycanın vəziyyətilə tanış olmusunuz. Bu barədə geniş söhbət açmağa ehtiyac yoxdur. Mən çox məmnunam ki, siz Azərbaycanda yəhudilərin vəziyyəti ilə tanış ola bilmisiniz. Yəqin gördünüz, Azərbaycanda milliyyətindən, dinindən asılı olmayaraq, hər bir vətəndaş bərabər hüquqa malikdir. Bir çox dövrlərdə, bir çox yerlərdə yəhudilərə daim xüsusi münasibət göstərmişik və bu gün də göstəririk.

Güman edirəm ki, bizim əsas problemimizlə, yəni Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində ölkəmizin torpaqlarının 20 faizinin işğal edilməsi, bir milyondan artıq azərbaycanlının yerindən-yurdundan didərgin düşməsi, köçkün, qaçqın vəziyyətində yaşaması ilə də tanış olmusunuz.

Şübhəsiz ki, dünyanın müxtəlif yerlərində ayrı-ayrı insanlara, qruplara, millətlərə cürbəcür işgəncələr verilir, onlara müxtəlif təzyiqlər göstərilir. Amma güman edirəm, öz ölkəsində bir milyondan artıq qaçqının, köçkünün çadırlarda yaşadığı Azərbaycan kimi bir ölkə dünyanın heç bir yerində yoxdur. Bu, Azərbaycanın bugünkü reallığıdır. Biz həmişə arzu edirik ki, Azərbaycanın bu reallığı da dünyada, hər yerdə yayılsın. Bilsinlər ki, Azərbaycan nə qədər ağır vəziyyətdədir.

Sizə məlumdur ki, biz münaqişəni sülh yolu ilə həll etmək istəyirik və bu istiqamətdə öz işimizi aparırıq. Bilirsiniz ki, yeddi il bundan əvvəl Amerika Birləşmiş Ştatlarının Konqresində Azərbaycana qarşı 907-ci maddə deyilən bir məhdudiyyət qoyulubdur. Biz son illər nə qədər çalışırıq, amma həmin məhdudiyyəti aradan götürə bilmirik. Təbii ki, bu, Amerika Konqresinin ədalətsiz bir qərarıdır.

Biz cox çətin bir vəziyyətdəyik və böyük problemlerlə rastlaşaraq münaqişənin sülh yolu ilə həll olunmasına çalışırıq. Mən Amerikada da, Azərbaycanda da keçirdiyim görüşlərdə yəhudi təşkilatlarının nümayəndələrinə üz tutaraq demişəm ki, Amerikada sizin imkanlarınız çoxdur, ədalətin bərpa olunması üçün Azərbaycana yardım edin. Bu sözləri sizə də deyirəm.

Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında çox gözəl tərəfdaşlıq, dostluq əlaqələri yaranıbdır. Biz bunu yüksək qiymətləndiririk və bütün sahələrdə əməkdaşlığımızı genişləndiririk. Ancaq lazımdır ki, bizim də problemlərimiz həll olunsun. Amerika Birləşmiş Ştatlarında yəhudi təşkilatlarının təsiri böyükdür. Biz cox arzu edərdik ki, siz öz təsirinizdən bu istiqamətdə də istifadə edəsiniz.

Barri Ceykobs: Cənab prezident. Sizə məlum olduğu kimi, bütün yəhudi təşkilatları, xüsusilə nümayəndələri bugünkü görüşdə iştirak edən yəhudi təşkilatları - Amerika Yəhudi Komitəsi və sovet yəhudiləri ilə iş üzrə Milli Konfrans Təşkilatı Vaşinqtonda çox möhkəm çalışırıq ki, Azərbaycanı dəstəkləyək. Əlbəttə, biz ölkənizin düşdüyü vəziyyəti və bir milyon qaçqının vəziyyətini çox yaxşı anlayırıq. Biz bu dəfə Azərbaycanda olarkən onları da görə bilmişik.

Yəhudilər özləri tarix boyu bir çox hallarda qaçqın olmuşlar. Ona görə də onlar bu vəziyyəti hamıdan yaxşı dərk edirlər və əhalinin bu təbəqəsinə böyük rəğbətlə yanaşırlar. Bütün bunların hamısından əlavə, biz sizin göstərdiyiniz səylərə öz töhfəmizi verməyə çalışırıq. Biz çalışırıq ki, Ermənistan ilə Azərbaycan arasında sülh olsun.

Hazırda biz Cənubi Qafqazın hər üç ölkəsinə səfərimizi başa çatdırmaq üzrəyik. Biz müşahidələr aparmışıq, vəziyyətlə müəyyən qədər tanış olmuşuq. Aydındır ki, bu regionda inkişaf yalnız sülh bərqərar ediləndən sonra mümkündür. Bizim Azərbaycandan başqa digər iki ölkədə də apardığımız müşahidələr haqqında fikirlərimiz vardır.

"Azərbaycan" qəzeti , 15 iyul 1999-cu il.