Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsinin təntənəli açılış mərasimində nitqi - Sankt-Peterburq, 9 iyun 2002-ci il


Rusiya Federasiyasının möhtərəm Prezidenti cənab Vladimir Vladimiroviç Putin!

Xanımlar və cənablar!

Hörmətli qonaqlar!

Məni Sankt-Peterburqa səfərə dəvətinizə, sizinlə yenidən görüşmək imkanına görə, dahi Azərbaycan şairi Nizami Gəncəviyə burada ucaldılmış heykələ görə, hörmətli Vladimir Vladimiroviç, Sizə ürəkdən təşəkkür edirəm.

Sankt-Peterburq şəhəri Rusiyanın şöhrətinin təcəssümüdür. O, rus ruhunun gücünü və qüdrətini özündə toplamış, rus xalqının yaradıcı potensialını artıraraq inkişaf etdirmiş, rus fıkrinin və rus incəsənətinin təkraredilməz incilərini dünya mədəniyyətinin sərvəti etmişdir. Əsl rus ruhuna malik olan bu şəhərə zəka və qəlblərə hakim kəsilən bənzərsiz mənəvi mühit xasdır. O, bütün dünyaya məxsus olan bir şəhərdir.

Bu gün Sankt-Peterburqda dahi şair Nizaminin heykəlinin açılışını biz dünya mədəni irsinə böyük ehtiramın ifadəsi, Azərbaycan xalqına bəslənilən dostluq və qardaşlıq hisslərinin təzahürü kimi qiymətləndiririk. Keçən il oktyabrın 12-də Bakıda rus poeziyasının dühası Aleksandr Sergeyeviç Puşkinə heykəl qoyulmuşdur. Bu gün isə burada, Puşkinin Böyük Pyotrun əsəri adlandırdığı bu şəhərdə Nizamiyə heykəl ucaldılmışdır. Bu iki abidə həm xalqlarımızın mədəniyyətinə hədsiz ehtiramımızın, həm də ölkələrimiz arasında əlaqələrin yeni səviyyəsinin təcəssümüdür.

Sankt-Peterburqun 300 illik tarixinin hər bir səhifəsi onun Rusiya dövlətçiliyinin möhkəmləndirilməsində, Rusiyanın mənəvi dəyərlər sisteminin formalaşdırılmasındakı roluna, dünya elm və mədəniyyət xəzinəsinə verdiyi töhfəyə dəlalət edir. Bu şəhər bütün görkəmi ilə rus xalqının yaradıcı fəaliyyətinin sonsuz imkanlarını dünyaya nümayiş etdirir. Sankt-Peterburq rus ədəbiyyatının böyük dühalarının vətəni kimi tarixə həmişəlik daxil olmuşdur. Onun muzeylərində saxlanılan nadir sənət əsərləri, rus memarlığı və monumental heykəltəraşlığının şəhərin meydan və küçələrini bəzəyən abidələri yeni-yeni nəsilləri heyrətə gətirir.

Bu şəhər rus torpağının bir çox istedadlı övladının yaradıcılıq təxəyyülünə qol-qanad vermis və onların amallarını gerçəkləşdirmişdir. Sankt-Peterburq onların Rusiyanın şöhrəti naminə gördükləri işləri həm öz simasında, həm də rusiyalıların ürəklərində əbədiləşdirmişdir. Bu şəhərin bənzərsiz yaradıcılıq ab-havası Rusiyanın taleyini əziz tutan bütün insanlara daim ilham vermişdir.

Bu şəhərin müdafiəçilərinin və sakinlərinin Hitler qoşunlarının hücumlarına qəhrəmancasına müqavimət göstərdikləri 900 gün ərzində dünya bir daha dərk etdi ki, qəhrəmanlıq hər şeydən öncə yüksək mənəviyyatn təzahürüdür. Bu qəhrəmanlığın mənbəyini ilk növbədə böyük rus mədəniyyətinin mənəvi qaynaqlarında axtarmaq lazımdır. Bu mədəniyyətin möhtəşəmliyi özünü həm də mühasirə günlərində, Ermitajın soyuq salonlarında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 800 illik yubileyi təntənəli şəkildə qeyd edilərkən büruzə verdi.

Bu gün biz Piskaryov memorial qəbiristanlığını ziyarət etdik və yenilməz qəhrəmanlıqları qarşısında bəşəriyyətin baş əydiyi bütün insanların nurlu xatirəsini yad etdik. Onlar əbədiyyətə qovuşaraq, faşizmə müqavimətin rəmzi, rusiyalıların öz Vətəninə olan böyük məhəbbətinin rəmzi, Rusiyanın məğlubedilməzliyinin rəmzi kimi, həmişəlik qəlblərimizdə qalmışlar.

Rusiya tarixinin bütün taleyüklü məqamlarında Sankt-Peterburq rus mənəviyyatının dayağı olmuşdur. Bəşər elminin elə bir sahəsi, incəsənətin elə bir növü, insan təfəkkürünün nüfuz etdiyi elə bir sahə yoxdur ki, bu şəhər orada öz izini qoymamış olsun. Onun 300 illik tarixi rus mənəviyyatının qüdrətini, rus xalqının əzəmətini, Rusiyanın böyüklüyünü tərənnüm edən əbədi bir nəğmədir.

Məhz Sankt-Peterburqda Nizami yaradıcılığının öyrənilməsi sahəsində böyük işlər görülmüşdür. Nizami fəlsəfəsinin mərkəzində varlığın ən böyük sərvəti, mənəvi zənginlik və müdrikliyin tükənməz mənbəyi olan insan dayanır. Nizami insanın cəmiyyətdəki rolunu özünün dünyagörüşü süzgəcindən keçirərək, yaradıcılığında antik yunan və Roma irsini, Şərq fəlsəfəsini və Şərq poeziyasının çoxəsrlik ənənələrini əks etdirə bilmişdir.

Nizaminin ürəkləri vəcdə gətirən təkrarolunmaz lirikası və qəhrəmanlıq eposunda onun həqiqi humanizm ideyalarını ehtiva edən fəlsəfı konsepsiyası öz əksini tapmışdır.

Məhəbbətin yenilməz qüdrəti, həyatın və ölümün mənası, ideal cəmiyyət, dünyanın və kainatın möhtəşəm sirləri haqqında yaratdığı poemalar əsrlər boyu Şərqdə əsl sənət nümunəsi olaraq qalmışdır. Onun poemalarının xüsusiyyətləri və yaratdığı poetik obrazların dərinliyi Qərbin dahi Höte kimi mütəfəkkirlərini heyran qoymuşdur. Zənnimcə, məhz Nizaminin bütün əsərlərində bəşər övladının misilsiz qüdrətinin tərənnüm edilməsi sayəsində Azərbaycan xalqının dahi oğluna bu gün Sankt-Peterburqun təkrarolunmaz görkəminin ayrılmaz hissəsinə çevrilmək şərəfı qismət olmuşdur.

Hörmətli Vladimir Vladimiroviç! Sizin Azərbaycana rəsmi səfəriniz ölkələrimiz öz dövlət müstəqilliklərinə qovuşandan sonra Rusiya dövləti başçısının Azərbaycan Respublikasına ilk səfəri olmuşdur. Bu, tarixi bir səfər idi və əməkdaşlığımızın inkişafındakı yeni dinamik mərhələ məhz onunla başlamışdır.

Həmin səfərin gedişində, eləcə də mənim Rusiyaya cavab səfərim zamanı biz sizinlə siyasi və iqtisadi əməkdaşlığımızla bağlı bir çox aktual problemləri müzakirə etdik, regional təhlükəsizlik məsələlərinə toxunduq, Bakı bəyannaməsini və uzunmüddətli iqtisadi əməkdaşlıq haqqında müqavilə imzaladıq, Qarşılıqlı Ticarət-İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya yaratdıq, Xəzərin statusu məsələsində əhəmiyyətli irəliləyişə nail olduq.

Vladimir Vladimiroviç, Qərbin və Şərqin böyük sivilizasiyalarını ənənəvi olaraq təcəssüm etdirən bir ölkə kimi, Rusiya Sizin rəhbərliyiniz altında yeni əsrin və yeni minilliyin qlobal siyasətində çox böyük rol oynamağa başlayır. Rusiya bizim üçün sadəcə, qonşu deyil, həm də elə bir ölkədir ki, biz iki əsrdən artıq dövr ərzində eyni dövlətin tərkibində olmuşuq. Biz Qafqazdakı bir çox problemlərin həllini məhz bu ölkə ilə bağlayırıq.

Regionda sabitlik, təhlükəsizlik və tərəqqi, orada beynəlxalq layihələrin, o cümlədən tarixi İpək Yolunun bərpasının və Şimal-Cənub layihəsinin gercəkləşdirilməsi, şübhəsiz ki, burada mövcud olan münaqişələrin həlli ilə bağlıdır. Azərbaycana səfəriniz zamanı Siz Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı mühüm bir ifadə işlətmişdiniz: «Bizim məqsədimiz qaliblər və məğlublar olmadan sülh əldə edilməsinə kömək göstərməkdir». Rusiya xarici siyasətinin son dövrdə Sizin rəhbərliyiniz altmda formalaşmış bu yeni siması ümid etməyə imkan verir ki, bölgəmizdə mövcud olan bütün münaqişələr məhz Sizin təklif etdiyiniz prinsip əsasında öz həllini tapacaqdır.

11 sentyabr hadisələri bəşəriyyətin siyasi və mənəvi varlığına faciəli çalarlar gətirdi, beynəlxalq terrorizmin nə qədər qorxulu bir amilə çevrildiyini dünyaya göstərdi. Bu gün, terrorizm təhlükəsi qarşısında hamımızm əl-ələ verdiyimiz bu vaxtda xüsusi vurğulamaq istəyirəm ki, həm Azərbaycan, həm də Rusiya terrorizm təhlükəsi ilə digər dövlətlərdən çox-çox əvvəl üzləşmişdir. Terrorizmin nə vətəni, nə milli və ya dini mənsubiyyəti vardır. Biz dünyada onu da hamıdan yaxşı dərk edirik ki, bu məsələni təkcə silah gücü ilə birdəfəlik həll etmək mümkün deyildir. Yalnız mədəniyyətlərin və sivilizasiyaların səmərəli dialoqu bu təhlükənin qarşısını almağa və onun kökünü birdəfəlik kəsməyə qadirdir.

Azərbaycan-Rusiya strateji əməkdaşlığının proqramı artıq faktiki olaraq formalaşmışdır və özünün öncül istiqamətlərini müəyyən etmişdir. O, bəyanatlar və sazişlərdən konkret əməli iş mərhələsinə keçməkdədir. Rusiya və Azərbaycan prezidentlərinin bugünkü görüşü və bu abidənin unudulmaz açılış mərasimi də bunun parlaq sübutudur. Hörmətli Vladimir Vla-dimiroviç, bizim görüşümüz Sizin vətəninizdə, doğulub boya-başa çatdığmız şəhərdə keçir. Sankt-Peterburq mənə də yaxın və əzizdir. Bu gün mən bu şəhərdə təhsil aldığım illəri, sonrakı həyatımda və siyasi fəaliyyətimdə böyük rol oynamış həmin dövrü dərin məmnunluq hissi ilə xatırlayıram. Gənclik illərimin şəhəri ilə olan bu görüş, təbii ki, mənim qəlbimdə bir çox işıqlı duyğular və xatirələr oyatdı. Bunlara görə Sizə minnətdaram.

Əziz dostlar! Sizin hamınızı, Sankt-Peterburqun bütün sakinlərini, bütün Azərbaycan xalqını Nizami Gəncəvinin abidəsinin açılışı münasibətilə təbrik edirəm. Dahi humanist və mütəfəkkirə ucaldılan bu gözəl abidə həmişə bizim nəzərlərimizi ümumbəşəri dəyərlərə, xeyirxahlıq, haqq-ədalət ideyalarına yönəldəcək, ölkələrimiz və xalqlarımız arasında dostluq və əməkdaşlığın bundan sonra da möhkəmləndirilməsi işinə xidmət edəcəkdir.

Sağ olun.

Ümumi tarixi arayış

MƏDƏNİYYƏT

Tarixi arayış

MƏDƏNİYYƏT