Heydər Əliyevə YUNESKO-nun xatirə medalı təqdim olundu - 21 dekabr 1993-cü il


Dekabrın 21-i axşamüstü Heydər Əliyev YUNESKO-nun iqamətgahına gəldi. Əzəmətli binanın heyətində hörmətli qonağı YUNESKO-nun baş direktoru Federiko Mayor qarşıladı. Onun iş otağının yerləşdiyi mərtəbədə Azərbaycan dövlətinin başçısı divardan asılmış xalçanın qarşısında dayandı. Böyük memar Əcəmi Naxçıvaninin təsviri əks olunan bu xalça 1983-cü ildə YUNESKO xətti ilə Bakıda keçirilmiş və Şərq xalçalarına həsr edilmiş birinci beynəlxalq simpoziumda YUNESKO-ya hədiyyə verilmişdir. Xalçanın müəllifi Azərbaycanın xalq rəssamı Lətif Kərimovdur. Heydər Əliyev və Federiko Mayor xalça qarşısında şəkil çəkdirdilər.

Sonra görüş başlandı. Söhbətdə YUNESKO-nun Azərbaycan üzrə milli komissiyası yaradılmasının vacibliyinə toxunuldu və qeyd edildi ki, bu sahədə müəyyən hazırlıq işləri gedir. Yaxın vaxtlarda belə bir komissiya fəaliyyətə başlayacaqdır.

Görüşdə YUNESKO-nun Azərbaycanla əlaqələrini genişləndirməyin perspektivləri də müzakirə olundu, Azərbaycanda gedən müharibə, qaçqınların problemləri, müharibənin elm, təhsil, mədəniyyət sahəsində yaratdığı çətinliklərin aradan qaldırılması yolları barədə fikir mübadiləsi aparıldı. Qeyd edildi ki, YUNESKO yaxın vaxtlarda Azərbaycana təhsil məsələləri üzrə beynəlxalq komissiya göndərmək niyyətindədir.

Görüşün axırında Federiko Mayor Heydər Əliyevə YUNESKO-nun xatirə medalını təqdim etdi.

Azər TAC 

"Azərbaycan" qəzeti, 30 iyun 1993