Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Almaniya Federativ Respublikasının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kristian Zibekin etimadnaməsinin təqdim edilməsi mərasimində çıxışı - 26 fevral 1997-ci il


Hörmətli cənab Kristian Zibek!

Sizi Almaniya Federativ Respublikasının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri təyin edilməyiniz münasibətilə təbrik edir və sizə gələcək fəaliyyətinizdə uğurlar diləyirəm. Böyük məmnunluq hissi ilə qeyd edirəm ki, Azərbaycan-Almaniya əlaqələri artıq müəyyən tarixə malikdir. Ölkələrimiz arasında diplomatik münasibətlər yaranandan bəri əməkdaşlığımız sürətlə inkişaf edir. Bu müddət ərzində iqtisadiyyat, mədəniyyət, elm və texnika sahələrində görülən işlər bizi sevindirir. AFR dünyanın böyük dövlətlərindəndir, beynəlxalq siyasətdə onun əhəmiyyətli yeri var. Eyni zamanda AFR planetin ən inkişaf etmiş ölkələrindəndir. Bütün bunlara görə, biz Azərbaycan-Almaniya əlaqələrinə xüsusi diqqət yetiririk və yaranmış münasibətləri yüksək qiymətləndiririk. Xatırlatmaq istəyirəm ki, AFR-in xarici işlər naziri K.Kinkelin ölkəmizə səfəri, mənim keçən ilin yayında Almaniyaya səfərim ölkələrimiz arasında münasibətləri genişləndirməyə güclü təkan vermişdir. Bu səfərlər zamanı aparılmış danışıqların və əldə edilmiş razılaşmaların ikitərəfli əlaqələrin inkişafında böyük bir mərhələ açdığını vurğulamaq istəyirəm. Bununla belə, cəsarətlə demək olar ki, bütün bunlar başlanğıcdır, qarşılıqlı faydalı əməkdaşlıq üçün perspektivdə daha geniş imkanlar var. Əmin olduğumu bildirirəm ki, cənab Kristian Zibek səfir kimi bu imkanların gerçəkləşdirilməsinə çalışacaqdır.

Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı AFR-in sabit mövqeyindən məmnunluğumu ifadə edərək, ümidvar olduğumu bildirirəm ki, Azərbaycanla Almaniya indən sonra da bu ədalətli mövqe əsasında əməkdaşlıq edəcəklər. Bununla əlaqədar ATƏT-in keçən ilin dekabrında Lissabonda keçirilmiş Zirvə görüşünü xatırlatmaq yerinə düşər. Həmin sammitdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün konstruktiv addım atdıq. Belə ki, problemin tənzimlənməsinin prinsiplərini əks etdirən sənəd qəbul olundu. Sammit zamanı Azərbaycan və Almaniya nümayəndə heyətlərinin əməkdaşlığını yüksək qiymətləndirirəm. Həmin məsələ ilə əlaqədar federal kansler Helmut Kol, xarici işlər naziri Klaus Kinkellə keçirdiyim faydalı görüşləri məmnunluqla xatırlayıram. Bir daha vurğulayıram ki, münaqişənin tənzimlənməsi prinsiplərinin qəbul edilməsində AFR-in tutduğu mövqe böyük rol oynadı.

Azərbaycan-Almaniya ikitərəfli əlaqələrinin böyük gələcəyi var. Mən cənab Kristian Zibekin bu əlaqələrin reallaşdırılması prosesinin fəal iştirakçısı olacağına ümidvar olduğumu bildirirəm.

"Heydər Əliyev: müstəqilliyimiz əbədidir" (çıxışlar, nitqlər, bəyanatlar, məktublar, müsahibələr), 8-ci cild səh. 463