Azərbaycan Prezidenti Heydər Əliyevin Fransanın milli bayramı - Bastiliyanın alınması günü münasibətilə Fransanın Azərbaycandakı səfirliyinin təşkil etdiyi rəsmi qəbulda nitqi - "Hyatt-Recensi-Naxçıvan" mehmanxanası, 14 iyul 1998-ci il


Hörmətli xanımlar və cənablar!

Sizi Fransanın milli bayramı - Bastiliyanın alınması günü münasibətilə ürəkdən təbrik edirəm. Sizə, bütün Fransa xalqına, vətəndaşlarına sülh, əmin-amanlıq və tərəqqi arzulayıram.

Fransız xalqı böyük və zəngin tarixə malikdir, bəşəriyyətə, bəşər tarixinə böyük töhfələr vermişdir. Dünyada elmin, mədəniyyətin, təhsilin inkişafında fransız xalqının müstəsna rolu vardır.

Demokratiyanın inkişafı, insan hüquqlarının qorunması sahəsində Fransanın bəşəriyyətə verdiyi töhfələr xüsusi qeyd edilməlidir. Bu gün Fransa dünyanın iqtisadi cəhətdən ən inkişaf etmiş ölkələrindən biridir.

Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının, ATƏT-in, Avropa Birliyinin, Avropa Şurasının fəal üzvü kimi Fransa dünya iqtisadiyyatında özünəməxsus rol oynayır və dünyada sülhün, əmin-amanlığın qorunmasında böyük xidmətlər göstərir.

Fransa ilə Azərbaycan arasında əlaqələrin böyük və çox gözəl tarixi vardır. 1918-ci ildə Azərbaycanda yaranmış xalq cümhuriyyəti parlamentinin ilk sədri Əlimərdan bəy Topçubaşovun Azərbaycan Demokratik Respublikasının səlahiyyətli nümayəndəsi kimi Fransada fəaliyyət göstərməsi və bu ölkəni özünə ikinci vətən hesab etməsi bu əlaqələrin ən gözəl nümunələrindən biridir. Mən Əlimərdan bəy Topçubaşovun xatirəsinə göstərilən hörmətə və onun Parisdə yaşamış olduğu evə xatirə lövhəsinin vurulmasına görə Fransa hökumətinə təşəkkürümü bildirirəm.

Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra Fransa ilə Azərbaycan arasında əlaqələr sürətlə inkişaf etməyə başlamışdır. Mən ölkələrimiz arasında əlaqələrin inkişafı sahəsində ötən illərdə əldə olunan nailiyyətləri müsbət qiymətləndirirəm. Azərbaycanda fransız dilinə, Fransa mədəniyyətinə olan hörmət və ehtiram bu illərdə xeyli artmışdır. Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirinin dəvəti ilə respublikamızın müxtəlif təbəqələrinin çoxsaylı nümayəndələrinin bu bayram günü şənliyə toplaşması da ölkəmizdə Fransaya olan böyük marağın təzahürüdür.

Biz ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafı sahəsində də son illər yaxşı nailiyyətlər əldə etmişik. Bütün bunlar və mövcud vəziyyət Fransa-Azərbaycan əlaqələrində bir çox sahələrdə, xüsusən iqtisadiyyat sahəsində daha böyük uğurlar əldə edildiyini göstərir. Fransa hökumətinin dünyada sülhün və əmin-amanlığın bərqərar olunması sahəsində göstərdiyi fəaliyyət xüsusi əhəmiyyət kəsb edir. Mən Ermənistan - Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunması sahəsində Fransanın fəaliyyətini xüsusi qeyd edirəm. Fransa ATƏT-in Minsk qrupunun üzvü və ötən ilin əvvəlindən Rusiya və Amerika Birləşmiş Ştatları ilə birlikdə Minsk qrupunun həmsədri kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması üçün çox ciddi addımlar atır. Mən Fransanın Prezidenti hörmətli cənab Jak Şirakın bu münasibətlə səmimi fəaliyyətini və ardıcıl siyasətini xüsusi qiymətləndirirəm.

Keçən ilin yanvar ayında Fransada rəsmi səfərdə olduğum zaman prezident Jak Şirakla apardığım danışıqlar, keçirdiyim görüşlər və ondan sonra beynəlxalq təşkilatların toplantılarında bizim görüşlərimiz və danışıqlarımız Fransa-Azərbaycan əlaqələrinin inkişaf etməsində böyük rol oynamışdır. Ümidvaram ki, Fransanın prezidenti Jak Şirak və Fransa hökuməti Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunması sahəsində bundan sonra da öz səylərini əsirgəməyəcəkdir, bunun nəticəsində biz Qafqazda sülhün və əmin-amanlığın yaranmasına nail ola biləcəyik. Hörmətli səfir, mən sizin nitqinizdə Fransanın bu barədə mövqeyinin bir daha bəyan edilməsini yüksək qiymətləndirirəm.

Bu gün biz buraya fransız xalqının böyük qələbəsi bayramı münasibətilə toplaşmışıq. Son günlər biz Fransanın yeni böyük bir qələbəsinin də şahidi olduq. Fransada keçirilən futbol üzrə dünya çempionatı yarışları dünyanın hər yerində, demək olar ki, hər bir qitədə çox böyük maraqla izlənildi. Bu yarışlar hamıda çox böyük maraq doğurdu. Futbol çox kütləvi, demək olar ki, dünyada çox böyük maraq cəlb edən bir oyundur. Futbol üzrə dünya çempionatının məhz sizin ölkənizdə keçirilməsi bütün futbol həvəskarlarının Fransaya və Parisə hörmət və ehtiramının əlaməti idi.

Bu futbol yarışlarını mən də televiziya vasitəsilə izləyirdim. Gizlətmirəm, çox həvəs göstərirdim ki, Fransa yığma futbol komandası qalib gəlsin. Düzü, heç inanmırdım ki, onlar dünya çempionatının qalibi olacaqlar. Ancaq bizim dostlarımız sübut etdilər ki, fransız xalqı başqa sahələrdə olduğu kimi, futbol yarışlarında da böyük nailiyyətlər əldə edə bilər. Bu yarışları televiziya ekranlarından izləyənlərin hamısı, o cümlədən mən də bütün fransızların bu qələbə üçün nə qədər çalışdıqlarının şahidi olduq. Bu qələbə fransızlara böyük sevinc gətirdi. Ona görə də bu gün ikiqat bayramdır. Onlarda biri Bastiliyanın alınması, digəri isə fransızların futbol üzrə dünya çempionu olması bayramıdır. Mən bu bayram münasibətilə sizi ürəkdən təbrik edirəm. Mən fransız xalqına təbriklərimi dostum prezident Jak Şiraka göndərdiyim təbrik məktubunda ifadə etmişəm.

Sizi bu iki bayram münasibətilə bir daha təbrik edirəm, sizin hamınıza cansağlığı, səadət arzulayıram. Bayramlarınız mübarək olsun.