Azərbaycan və Rumıniya prezidentlərinin birgə mətbuat konfransında Azərbaycan Prezidenti Heydər Əliyevin bəyanatı - 30 iyun 1998-ci il


Hörmətli cənablar, xanımlar, hörmətli mətbuat nümayəndələri!

Dünən Rumıniyanın prezidenti cənab Emil Konstantinesku mənim dəvətimlə Azərbaycana rəsmi səfərə gəlmişdir. Mənim dəvətimin və bu səfərin məqsədi Rumıniya-Azərbaycan əlaqələrinin inkişaf etməsi üçün yeni addımlar atmaqdan ibarətdir. Dünən və bu gün apardığımız danışıqlar zamanı biz ölkələrimiz arasındakı əlaqələrə, aid, regionumuzda olan vəziyyət və bir çox başqa problemlər haqqında fikir mübadiləsi aparmış və bir çox məsələlər barəsində eyni fikirdə olduğumuzu bəyan etmişik.

Bu gün prezident cənab Emil Konstantinesku ilə mənim aramda iki saat ərzində təkbətək danışıqlar olmuşdur. Sonra nümayəndə heyətlərinin iştirakı ilə danışıqlarımız davam etmişdir. Mən bu danışıqları çox əhəmiyyətli, məzmunlu və çox səmərəli hesab edirəm. Bir daha qeyd edirəm, biz hər iki tərəfi maraqlandıran, demək olar, bütün məsələlər barəsində fikir mübadiləsi aparmışıq.

Rumıniya ilə Azərbaycan arasında əlaqələr Azərbaycan dövlət müstəqilliyi əldə edəndən sonra yaranıbdır. Bu əlaqələr üç il bundan öncə dövlət başçıları səviyyəsində yaranıb və bu günə qədər davam edir. Bizim dövlətlərimiz arasında bir çox müqavilələr, sazişlər, sənədlər imzalanmışdır. Rumıniya ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq haqqında müqavilə var. Bunlar hamısı ötən üç ildə gördüyümüz işlərin nəticəsidir. Bu gün biz irəliyə getmək üçün yeni addımlar atırıq və prezident cənab Emil Konstantineskunun səfəri bunun üçün yaxşı imkanlar açır.

Biz danışıqlar zamanı qeyd etdik ki, ölkələrimiz məsafəcə bir-birinə çox yaxındır. Biz bir regiona mənsubuq və Rumıniya da, Azərbaycan da Avropaya daxildirlər. İqtisadi əməkdaşlığımız üçün çox böyük imkanlar var. Bu baxımdan Xəzər dənizi ilə Qara dəniz arasında olan yollar, Avropa-Qafqaz-Asiya nəqliyyat magistralının yaranması və başqa vasitələr çox əhəmiyyətlidir. Cənab Emil Konstantinesku Rumıniyanın bugünkü vəziyyəti və qonşuları ilə olan əlaqələri haqqında geniş məlumat verdi. Mən isə Azərbaycanın bugünkü vəziyyəti və regionda, Qafqazda olan vəziyyət, Azərbaycanın qonşuları ilə əlaqələri haqqında çox geniş məlumat verdim.

Bizim fikirlərimiz eyni oldu ki, ölkələr arasında əlaqələr Birləşmiş Millətlər Təşkilatının, ATƏT-in prinsipləri, beynəlxalq hüquq normaları əsasında qurulmalıdır. Ölkələrin, dövlətlərin ərazi toxunulmazlığı, ərazi bütövlüyü əsas prinsiplərdən biridir. Bu barədə Rumıniyanın da qarşısında bir çox məsələlər olmuşdur və bəlkə bu gün də var. Amma Azərbaycanın qarşısında çox ciddi problemlər var.

Mən çox məmnuniyyətlə qeyd edirəm ki, bu məsələlər ətrafında apardığımız danışıqlar bizim tam eyni fikirdə olduğumuzu göstərdi. Mən Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunması haqqında da prezident cənab Emil Konstantineskuya çox geniş məlumat verdim. Bir daha qeyd edirəm ki, bu görüşlərimizi, danışıqlarımızı çox səmərəli, əhəmiyyətli hesab edirəm. Hesab edirəm ki, biz gələcək üçün yaxşı əsas yaradırıq.

Rumıniya ilə Azərbaycan arasında əlaqələri inkişaf etdirmək üçün bu gün burada imzalanmış sənədlər də çox əhəmiyyətlidir. Bu baxımdan Rumıniya ilə Azərbaycan arasındakı əlaqələrə dair Rumıniya prezidentinin və Azərbaycan prezidentinin imzaladıqları bəyannaməni mən çox yüksək qiymətləndirirəm. Bu bəyannamənin bütün müddəaları Rumıniyanın və Azərbaycanın dünyada gedən proseslər, regionda, Avropada olan məsələlər və Qafqaz regionundakı proseslər haqqında eyni fikirdə olduğunu bir daha təsdiq edir.

Bizim danışıqlarımız hələ bundan sonra da davam edəcək, prezident cənab Emil Konstantinesku bu gün də, sabah da ölkəmizlə daha geniş tanış olmaq imkanları əldə edibdir. Ümidvaram ki, səfər müvəffəqiyyətlə başa çatacaq və bizim qonaqlarımız səfərlərindən razı olacaqlar.

Mən burada, mətbuat qarşısında Rumıniya xalqına, dövlətinə Azərbaycanın hörmət və ehtiramını bir daha bildirirəm. Rumıniyanın prezidenti cənab Emil Konstantineskuya hörmət və ehtiramımı bildirirəm.


"Azərbaycan" qəzeti, 1 iyul 1998-ci il.