Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Moskvadan Bakıya qayıdarkən Binə hava limanında jurnalistlərin suallarına cavabı - 22 iyun 2000-ci il


Sual: Cənab Prezident, MDB barədə dəfələrlə tənqıdı mülahizələr söyləmişiniz, MDB-nin fəaliyyətsizliyini tənqid etmişdiniz. MDB-nin bu sammitindən sonra sizin mövqeyinizdə hansısa bir dəyişiklik baş veribmi? Ümumiyyətlə, bu sammitdə hansısa ümidverici dəyişikliklər oldumu?

Cavab: Bilirsiniz, mən həqiqətən tənqid etmişəm. Ola bilər, sabah yenə də nəyisə tənqid edim. Amma bu o demək deyil ki, biz MDB-dən imtina etmişik. Mən orada da dedim, - dövlət başçılarının Moskvada qapalı iclası var idi - başqa yerlərdə də demişəm. Mən bu gün Rusiyanın 50 vilayətindən gəlmiş Azərbaycan icmalarının nümayəndələri ilə görüşdüm, orada da dedim. Cənab Putinlə mənim bu gün 1 saat 40 dəqiqəlik görüşümüz oldu. Rusiyanın rəhbərliyindəki çox böyük dəyişikliklərə və Rusiya MDB-də əsas aparıcı dövlət olduğuna görə indi bu tənqidlər artıq arxada qalıbdır. İndi ümidlər var. MDB-ni təkcə mən tənqid etməmişəm, onu hamı tənqid edib. Mənə elə gəlir ki, bu ümidlərin çoxu doğrula bilər. MDB ölkələri dövlət başçılarının budəfəki iclası daha səmərəli keçdi. Məsələn, biz, dövlət başçıları qapalı iclasda 2 saat çox sərbəst, geniş və müstəqil müzakirələr apardıq. Yəni o, formal xarakter daşımadi ki, kimsə hansı sənədisə hazırlayıb, gətirib ortaya qoyub, kim istəyir, kimsə istəmir. Sonra Moskva televiziyası məndən bir müsahibə götürdü. Mən onlara da dedim. MDB-nin zirvə görüşlərindən sonra, adətən, yemək verirlər. Bunlar hamısı protokol xarakteri daşıyır. Hamı, bütün nümayəndə heyətləri bir yerə yığışır. Amma bu dəfə

fərqli nə idi? Dövlət başçıları Kremldə ayrıca bir salonda, nümayəndə heyətlərinin başqa üzvləri isə digər bir yerdə toplaşmışdılar. Bu da doğrudur. Çünki bizə əsasən yemək lazım deyil, fikir mübadiləsi lazımdır. Biz orada da təxminən 2 saata qədər olduq, yenə də fikir mübadiləsi getdi. Bunlar hamısı onu göstərir ki, indi MDB səmərəli ola bilər. Belə ümidlər var. Mən arzu edirəm ki, bu ümidlər doğrulsun.

Sual: Cənab Prezident, səfər zamanı keçiırdiyiniz digər görüşlər barədə nə deyə bilərsiniz?

Cavab: Bilirsiniz, görüşlər çox olubdur. Onlar haqqında indi danışsam, vaxtı çox aparar. Bizim dövlət televiziyasi bunların hamısını verəcəkdir, yəqin ki, bu görüşlərin hamısı sizə məlum olacaqdır. Görüşlərin hamısı yaxşı olubdur. Yenə də deyirəm, bu gün xüsusən, Vladimir Putinlə görüşdük. Məsələn, dünən bütün ölkələrin prezidentləri görüşürdülər. Ancaq cənab Putinlə danışdıq ki, mən onunla bir az geniş söhbət etmək istəyirəm. Ona görə də belə razıliga gəldik ki, bu gün görüşək. Bütün prezidentlərin hamısı onunla görüşüb getdilər. Mən isə bu gün orada qaldım. Qalmağıma səbəb elə bu və Rusiyadakı Azərbaycan icmalarının nümayəndələri ilə görüş idi. Bizim bugünkü görüşümüz çox uzunmüddətli, çox əhəmiyyətli və çox da səmərəli oldu. Bu görüş məndə çox böyük ümidlər yaradır. Bilirsiniz ki, Robert Köçəryanla təkbətək görüşüm oldu. Sonra Robert Köçəryan, Heydər Əliyev, Vladimir Putin görüşü oldu. Sonra dörd ölkənin - Cənubi Qafqazm üç ölkəsinin və Rusiyanın prezidentlərinin görüşü keçirildi. Başqa ölkələrin prezidentləri ilə də söhbətlərim olubdur. Təbiidir ki, danışmaq, hansısa məsələləri müzakirə etmək üçün orada böyük imkanlar var idi. Mən həmin imkanların hamısından istifadə etdim. Sağ olun.

Tarixi arayış

MÜSAHİBƏLƏR