Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin "Vətənə, Dövlətə, xalqa sədaqət andı" miniatür kitabının təqdimat-sərgisində çıxışı - M.F.Axundov adına Azərbaycan Dövlət Kitabxanası, 3 iyun 1995-ci il


Hörmətli xanımlar və cənablar, hörmətli dostlar! Bu gün biz buraya -Azərbaycan Respublikasının mədəniyyət mərkəzlərindən biri olan Mirzə Fətəli Axundov adına Dövlət Kitabxanasına gəlmişik. Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyidir. Ona görə də kitabxanaya daimi hörmət xalqımızın mədəniyyətini nümayiş etdirən amillərdən biridir.

Mən vaxtilə bu kitabxanaya dəfələrlə gəlmişəm. Amma bu gün kitabxananın astanasından keçərkən çox böyük hörmət və ehtiram hissi duyuram. Kitabxanaya, burada çalışan insanlara hörmət və ehtiramımı bildirmək istəyirəm. Bugünkü hadisə çox əlamətdardır. Burada Azərbaycanın miniatür kitablarının sərgisi keçirilir. Zənnimcə, biz Azərbaycanda belə bir sərginin ilk dəfə şahidi oluruq.

Azərbaycanda kitab çapının tarixi böyükdür. Yaxın keçmişdə Azərbaycan Respublikası onun 400 illiyini qeyd etmişdir. Keçmiş dövrlərdə məzmununa və formasına görə müxtəlif, çox maraqlı nəfis kitablar buraxılmışdır. Bu nəşrlər dünyanın bir çox ölkələrində də Azərbaycanı təmsil edir, onun haqqında biliklər verir. Ancaq Azərbaycanda miniatür kitab nəşrinin tarixi çox qısadır. Mən çox məmnunam ki, bu gün biz Azərbaycanda yazıçılarımızın, şairlərimizin və ictimai-siyasi xadimlərimizin kitablarının miniatür nəşrini də görürük. Şübhəsiz ki, bu, mədəniyyətimiz, kitab nəşrimiz üçün çox əlamətdar hadisə, böyük nailiyyətdir. Bununla əlaqədar mən sərginin təşkilatçılarını, Azərbaycan Respublikasının "Kitab" Cəmiyyətini, buraya toplaşanları təbrik edir və əmin olduğumu bildirmək istəyirəm ki, bu iş, təşəbbüs gələcəkdə də davam etdiriləcəkdir.

Burada mənim Azərbaycan prezidenti vəzifəsinə başlayarkən andiçmə mərasimində nitqimin də miniatür nəşri nümayiş etdirilir. Bu gün həmin kitabı mənə təqdim etdilər. Mən buna çox məmnunam. Doğrudan da, mən nitqləri söyləyirəm, lakin bunların kitab şəklində çıxmasını o qədər də gözləmirəm, hesab edirəm ki, haradasa dərc olunur. Ancaq indi belə bir təşəbbüs göstərmişlər.

Güman edirəm ki, ölkəmiz, respublikamız üçün, o cümlədən mənim üçün də çox əhəmiyyətli olan andiçmə mərasimində söylənilmiş nitq nəfis şəkildə buraxılmışdır və bu, mənim üçün də əlamətdar hadisədir. Bu işin təşəbbüsçülərinə, kitabı nəşr edənlərə - ilk növbədə Azərbaycan Respublikasının "Kitab" Cəmiyyətinə və onun rəhbəri Zərifə xanım Salahovaya təşəkkür edirəm. Eyni zamanda Amerikanın "Stark enterprayz" firmasının bu işdə fəaliyyətini, təşəbbüsünü qiymətləndirir və təşəkkürümü bildirirəm.

Burada Zərifə xanım xoş sözlər söylədi və arzularını bildirdi. Güman edirəm ki, bunlar bizim ümumi arzularımızdır və hamımız çalışmalıyıq ki, bu arzular yerinə yetsin, Azərbaycanda kitab nəşri inkişaf etsin, miniatür kitablar kolleksiyası da genişlənsin. "Stark" firmasının nümayəndəsi, həmvətənimiz cənab Nisanovun nitqində məni sevindirən cəhət ondan ibarətdir ki, Azərbaycan vətəndaşları, burada böyümüş, yaşamış, onunla bağlı olan insanlar Azərbaycanı unutmurlar və indi buradan uzaqlarda olsalar da, ölkəmizə kömək edir, Azərbaycanla əlaqələrini saxlayırlar.

Nisanovlar ailəsi Bakıda məşhur ailədir. Onlann bir neçə nəsli mənim xatirimdədir. Güman edirəm ki, siz də Nisanovlar ailəsindənsiniz. Mən bu ailənin keçmişini də bilir, onları tanıyıram. İndi belə başa düşdüm ki, Nisanovlardan biri Amerika Birləşmiş Ştatlarında yaşayır, ancaq doğma Vətəni kimi Azərbaycanı unutmamışdır və mənsub olduğu firma ilə bərabər ölkəmizə kömək edir, iqtisadi və başqa əlaqələr qurur. Mən bu təşəbbüsü bəyənir və ümidvar olduğumu bildirmək istəyirəm ki, bu iş davam edəcək, Azərbaycanda doğulub-böyümüş, indi ondan kənarda olan adamlar Azərbaycanı unutmayacaq, doğma Vətən kimi həmişə yad edərək ölkəmizlə əlaqələrini genişləndirəcəklər.

Bu, indi bizim üçün çox lazımdır. Çünki biz Azərbaycanı dünyaya açmışıq, indi Azərbaycanın həm ərazisi, iqtisadiyyatı, həm də intellektual potensialı dünya üçün açıqdır. Iqtisadi və ticarət əlaqələrimizdə tam açıqlığı təbliğ edirik və bunu genişləndirməyə çalışacağıq. Bayaq qeyd etdiyim addımlar, böyük olmasa da, xarici ölkələrlə, dünya iqtisadiyyatı, dünya mədəniyyəti ilə birləşməyə, əlaqələri inkişaf etdirməyə olan meyllərimizə kömək edir. Ona görə də mən bu təşəbbüsü bəyənir və güman edirəm ki, o, gələcəkdə də davam edəcəkdir.

Kitab nəşri hər bir ölkənin, xalqın mədəniyyətində, ümumiyyətlə mənəvi, ictimai həyatında çox görkəmli yer tutur. Hər birimiz ilk növbədə ancaq kitab vasitəsilə təhsil, elm almışıq, həyatda yaşamağa, fəaliyyət göstərməyə hazırlaşmışıq. Ona görə də hər birimiz kitablara borcluyuq. Həm kitabları yazıb-yaratmaq, həm də onları nəşr etmək əsas vəzifələrimizdən biridir. Bunun üçün mümkün olan bütün tədbirləri görməliyik. Mən respublikanın prezidenti kimi bunu əsas vəzifələrimdən biri sayıram.

Doğrudur, indiki ağır sosial-iqtisadi böhran dövründə, respublikamızın iqtisadiyyatında yaranmış çətinliklərlə əlaqədar və başqa ölkələrlə əlaqələrimizin məhdudlaşdığı bir vaxtda nəşriyyat işi də çox çətinliklərlə qarşılaşır. Bu, təbiidir. Ancaq biz bu çətinliklərin qarşısını almalıyıq, bunun üçün yeni-yeni yollar axtarmalıyıq. Həyatımız dəyişir, hər bir şey dəyişir. Biz bu dəyişikliklər prosesinin içindəyik. Keçmişdə nəşriyyat işi dövlətin əlində idi, onun tərəfindən maliyyələşdirilirdi və bunun sayəsində Azərbaycanda həmin sahə çox genişlənmişdi. İndi, dövlətin imkanları məhdudlaşdığı, sərbəst iqtisadiyyat, bazar iqtisadiyyatı yolu ilə getdiyimiz bir vaxtda, özəl bölməyə geniş imkanlar yaratmağa çalışdığımız və Azərbaycanda, kiçik də olsa, özəl bölmənin meydana çıxdığı bir vaxtda biz onun bütün imkanlarını nəşriyyat işinin canlandırılmasına, inkişaf etdirilməsinə, xüsusən kitab nəşrinin genişləndirilməsinə cəlb etməli, yönəltməliyik; Bu sahədə başqa ölkələrdə, xüsusən Rusiyada yaxşı təcrübə var.

Məsələn, Rusiyada bəzi firmalar, şirkətlər uşaqlar, gənclər üçün, ümumiyyətlə cəmiyyət üçün, o cümlədən məktəblilər üçün lazım olan kitabların nəşrini öz üzərinə götürür, bu işə sponsorluq edirlər. Mən bir neçə nümunə ilə tanış oldum və deyə bilərəm ki, keçmişdəkindən də yaxşı kitablar buraxırlar. İndi respublikamızda xeyriyyəçilik fəaliyyəti genişlənir. Arzu edərdim ki, bizim iş adamları, imkanlı sahibkarlar bütün sahələrdə xeyriyyəçilik fəaliyyəti göstərdikləri kimi, bu işdə kitabların yazılması və nəşri sahəsində də köməklərini əsirgəməsinlər.

Zənnimcə, bu, xeyriyyəçilik sahəsində ən yaxşı iş ola bilər. Mən iş adamlarını buna dəvət edirəm. Şübhəsiz ki, dövlətin imkanlarından da daha səmərəli istifadə olunmalıdır. Ancaq, bayaq dediyim kimi, indi biz mülkiyyət formasını dəyişdiririk, bazar iqtisadiyyatı yolu ilə gedirik, özəl bölməyə geniş imkanlar yaradırıq və bundan sonra da yaradacağıq. Ona görə də bunların hamısı ümummilli əhəmiyyət kəsb edən kitab nəşrinə səfərbər edilməli, cəlb olunmalıdır. Ümidvaram ki, belə də olacaqdır.

Buradakı sərgidə Azərbaycanın görkəmli yazıçı və şairlərinin, alimlərinin əsərlərinin miniatür nəşrləri nümayiş etdirilir. Bir daha qeyd edirəm ki, bu, əlamətdar hadisədir. Yazıçı və şairlərimiz, alimlərimiz, mədəniyyət xadimlərimiz böyük potensiala malikdirlər. Onların indiyədək yazdıqları əsərlər Azərbaycan xalqının təhsillənməsində, biliklənməsində, elm və mədəniyyətimizin, mənəviyyatımızın inkişafında öz rolunu oynamışdır. Ancaq xalqımız Azərbaycanın elmi, mədəni potensialından, ümumiyyətlə intellectual potensialından bundan sonra daha çox bəhrələnməlidir. Ona görə də çalışmalıyıq ki, belə yaradıcı adamlar öz fəaliyyətlərini davam etdirsinlər. Onlara kömək etməliyik, şərait yaratmalıyıq.

Eyni zamanda yazılan kitabların nəşr olunmasının qayğısına qalmalıyıq. Bilirəm ki, yazanlar və yazmaq istəyənlər çoxdur. Bu adamlar - alimlər, yazıçılar, mədəniyyət xadimləri yazdıqlarının bir çoxunu çap etdirə bilmirlər. Bu çətinliyi hamımız dərk etməliyik. Ancaq bununla kifayətlənmək olmaz. Hər bir çətinlikdən çıxış yolu tapmalıyıq, özü də bunu birlikdə axtarmalıyıq. Dövlət də bütün imkanlardan istifadə edəcəkdir. Ancaq ayrı-ayrı cəmiyyətlər, təşkilatlar, iş adamlarımız da bu işə qoşulmalıdırlar. Arzu edərdim ki, bu tövsiyənin əməli nəticələri olsun.

Bugünkü mərasim münasibətilə hamınızı bir daha təbrik edirəm. Belə hesab edirəm ki, bu, təkcə mənim nitqimin miniatür nəşrinin təqdimatına yox, ümumiyyətlə, respublikamızda miniatür kitabların sərgisinə həsr olunmuşdur. Bu sərgini təbrik edirəm və çox böyük məmnuniyyətlə onunla tanış olmaq istəyirəm. Mən indi kitabxanaya xeyli kitab bağışladım. Güman edirəm ki, bunlar fondda öz yerini tutacaqdır. Bunlar cəmiyyətimiz üçün çox gərəkli olan, ayrı-ayrı mövzulara həsr edilmiş kitablardır. Bunlar mənim özümün deyil, müxtəlif müəlliflərin kitablarıdır və kitabxananın böyük xəzinəsində öz yerini tutarlar. Zənnimcə, gələcəkdə bu təşəbbüs də davam edə bilər. Elə imkanı olan ayrı-ayrı adamlar kitabxanamızı zənginləşdirmək üçün yəqin ki, ona kitablar bağışlayacaqlar. Bilirəm, bizim bu kitabxananın çox böyük fondu var. Kitabxananın direktoru bu barədə məlumat verdi. Ancaq kitabxana elə bir yerdir ki, gərək daim onun fondu genişlənsin. Çünki dünya dəyişir, yeni əsərlər, kitablar yaranır. Bunlar insanlara yeni biliklər, yeni məlumat gətirir. Ona görə də bizim bu mərkəzi kitabxanamız gərək daim yeni-yeni nəşrlərlə təmin olunsun. Vaxtilə biz bunu planlı şəkildə edirdik. Dövlət planı var idi, heç kəsi narahat etmədən bu kitabxananı yaradıb inkişaf etdirmişdik və o, indi də fəaliyyət göstərir. Ancaq gərək indi buraya hərə öz payını versin. Azərbaycanın bütün ictimaiyyətini bu xeyirxah işə dəvət edirəm.

Bağışladığım kitabları nümayiş etdirmək istəmirəm. Ancaq bizim üçün müqəddəs olan bir kitabı da bağışlamaq istəyirəm. Bilirsiniz ki, mən Səudiyyə Ərəbistanına rəsmi səfərə getmişdim. Səfər zamanı biz İslam aləminin müqəddəs yerlərini ziyarət etdik və bundan çox məmnun olduq. Orada - İslam dininin mərkəzi olan Məkkədə mənə Quranın nüsxələrini bağışlamışlar. Çox nəfis şəkildə buraxılmış bu nüsxələrdən birini də Dövlət kitabxanasına verirəm.

Hamınıza bir daha hörmət və ehtiramımı bildirirəm. Sizinlə, xarici ölkələrin burada iştirak edən nümayəndələri, səfirləri ilə görüşdüyümə görə məmnun qaldığımı qeyd edirəm. Sağ olun.

Tarixi arayış

MƏDƏNİYYƏT