"Çikaqo Tribun" qəzetinin redaksiya heyəti ilə görüşdə Azərbaycan Prezidenti Heydər Əliyevin çıxışı - Çikaqo, 4 avqust 1997-ci il


Mən sizi - "Çikaqo tribun" qəzetinin rəhbər nümayəndələrini salamlayıram.

Mən Çikaqoya dünən gecə gəlmişəm. Bu gün Çikaqoda bu, mənim birinci görüşümdür. Burada birinci görüşüm qəzetlə, jurnalistlərlədir. Mən qəzet işçilərinə, jurnalistlərə, informasiya orqanlarına həmişə müsbət münasibət bəsləyirəm.

Bilirsiniz ki, mən Amerika Birləşmiş Ştatlarına prezident cənab Bill Klintonun dəvəti ilə rəsmi səfərə gəlmişəm. Artıq doqquzuncu gündür ki, mən Amerika Birləşmiş Ştatlarındayam. Nyu-Yorkda, Vaşinqtonda, Hyüstonda olmuşam, indi Çikaqoya gəlmişəm. Bir çox görüşlər keçirilibdir. Mən 70-dən artıq görüş keçirmişəm.

Amerikada mənim üçün ən əhəmiyyətli, vacib görüş avqustun 1-də Ağ evdə prezident cənab Bill Klintonla keçirdiyim görüşdür. Bizim çox müfəssəl, ətraflı, əhəmiyyətli danışıqlarımız oldu. Biz bunun nəticəsində çox mühüm sənədlər imzaladıq. Azərbaycan-Amerika əlaqələrinin partnyorluq əlaqələri səviyyəsində olduğunu bəyan etdik. Prezident Bill Klintonla mənim imzaladığım Birgə bəyanatda bizim ölkələrimiz arasında əlaqələrin inkişaf etdirilməsi və dostluq, partnyorluq əlaqələrinin olması təsdiq edilibdir. Biz dövlətlər, hökumətlərarası bir neçə sənəd də imzaladıq.

Ağ evdə Amerika hökumətinin yüksək vəzifəli şəxslərinin və mənim iştirakımla Amerika Birləşmiş Ştatları neft şirkətlərinin Azərbaycanla müştərək iş görməsi haqqında müqavilələr də imzalandı. Mən hesab edirəm ki, bu, Azərbaycan-Amerika əlaqələrində tarixi bir hadisədir. Mən bunu çox yüksək qiymətləndirirəm. Bizim bütün sahələrdə - siyasi, iqtisadi, təhlükəsizlik, humanitar, mədəni sahələrdə əlaqələrimizin inkişaf etməsi üçün yeni mərhələ açılıbdır. Ona görə mən çox məmnunam, ümumiyyətlə, Amerika Birləşmiş Ştatlarında bizə göstərilən qayğı, diqqət və qonaqpərvərliyə görə həddindən artıq məmnunam.

Bu gün və sabah Çikaqonu ziyarət etdikdən sonra mən Vətənə qayıdacağam. Vətənə çox gözəl əhval-ruhiyyə ilə qayıdıram. Deyəcəyim bu qədər. Sizin suallarınıza cavab verməyə hazıram.

Sual: Cənab prezident, icazənizlə birinci sualı verim.

Azərbaycandan, Mərkəzi Asiyadan, ümumiyyətlə Qafqazdan çəkiləcək boru kəmərlərinə Amerika Birləşmiş Ştatlarında çox böyük maraq vardır. Bəziləri bu kəmərlərin Rusiyadan, bəziləri İrandan və digərləri Türkiyədən keçəcəyini iddia edirlər. Hətta bəziləri hesab edirlər ki, boru kəmərləri Rusiyanın Novorossiysk limanına çəkilməlidir. Bilmək istərdik ki, Siz prezident kimi bu boru kəmərlərinin hansı marşrutlarına üstünlük verirsiniz? Ümumiyyətlə, zəngin enerji ehtiyatlarının bölgədən Qərb bazarlarına ixrac olunması üçün çəkiləcək bu boru kəmərləri barədə nə deyə bilərdiniz?

Heydər Əliyev: Azərbaycan, Xəzər dənizi hövzəsi enerji ehtiyatları ilə çox zəngindir. Xəzər dənizinin şərq sahilində yerləşən Mərkəzi Asiya ölkələrində də böyük enerji ehtiyatları vardır. Azərbaycan artıq dünyanın böyük şirkətləri, xüsusən Amerika Birləşmiş Ştatlarının şirkətləri ilə bu qaz və neft yataqlarının birgə işlənməsinə başlayıbdır.

Bu günə qədər görülən işlər onu göstərir ki, bu ehtiyatlar bizim gözlədiyimizdən də çoxdur. Ona görə də bunları bir boru xətti ilə, bir neft kəməri ilə ixrac etmək mümkün deyil. Bunun üçün bir neçə neft kəməri olmalıdır. Bunun başqa səbəbi də var ki, əgər bir yerdən maneçilik olarsa, o biri istiqamətdən nefti ixrac etmək mümkün olsun.

Azərbaycanın Qərb şirkətləri konsorsiumu ilə yaranmış müştərək iş nəticəsində əldə ediləcək ilkin neftin ixracı barədə bizim cənab Bill Klintonla hələ iki il bundan əvvəl danışıqlarımız, məsləhətləşmələrimiz olmuşdur və biz iki neft kəməri çəkilməsini qərara aldıq. Biz artıq bunları icra edirik. Bir neft kəməri Bakıdan, Azərbaycandan Rusiyanın Novorossiysk limanına çəkilibdir. Qarşıdakı sentyabr-oktyabr aylarında biz konsorsiumla birgə işlədiyimiz yataqlardan ilkin neft alacağıq. Həmin nefti bu kəmərlə ixrac edə biləcəyik. Buna bir az maneçilik vardır. Həmin kəmərin 100 kilometri Çeçenistan ərazisindən keçir. Çeçenistan ilə Rusiya arasında bu barədə razılıq əldə olunmamışdı. Ancaq mən iyul ayının əvvəlində Moskvada rəsmi səfərdə olarkən biz bu məsələni həll etdik. Çeçenistanın prezidenti Aslan Məshədov Azərbaycana gəldi. O xahiş etdi ki, neft kəmərinin Çeçenistandan etibarlı və təhlükəsiz keçməsi üçün üstəlik - Rusiya, Azərbaycan və Çeçenistan arasında müqavilə imzalansın. Mən bu məsələni Moskvada müzakirə etdim. Prezident Boris Yeltsin də buna razılıq verdi. Bundan bir neçə gün sonra Rusiyanın və Çeçenistanın nümayəndələri Bakıya gəldilər. Biz burada üçtərəfli müqavilə imzaladıq. Ona görə də mən belə hesab edirəm ki, biz nefti bu boru kəməri ilə ixrac edəcəyik.

Biz ikinci neft kəmərinin tikintisinə başlamışıq. O, gələn ilin sentyabr ayında hazır olacaqdır. Həmin kəmər Qərb istiqamətində - Gürcüstan ərazisindən Qara dənizin Supsa limanına çəkilir. Burada da bir problem yoxdur.

Mən qeyd etdim ki, Azərbaycanda neft yataqları çox zəngindir və böyük neft hasilatı gözlənilir. Həmin iki boru kəməri bu neftin ixracını təmin edə bilməyəcəkdir. Ona görə də konsorsium bir neçə təklif hazırlayıbdır. Biz böyük neft kəmərinin tikilməsinə başlamalıyıq. Bu kəmərin marşrutları haqqında bir neçə təklif vardır. Bunların hamısı müzakirə ediləcəkdir. Ancaq şəxsən mən bu kəmərin marşrutunun Azərbaycandan, Gürcüstandan, Türkiyədən keçərək Aralıq dənizinin Ceyhan limanına çıxmasına üstünlük verirəm.

Hələlik bu da tam yetərli deyildir.

Qazaxıstanın "Tengiz" yatağında artıq xeyli neft istehsal olunur. Mən iyun ayında Almatıda rəsmi səfərdə olarkən Prezident Nazarbayevlə bir saziş imzaladıq. Biz Xəzərin dibi ilə boru kəməri çəkib "Tengiz" neftini Bakıya gətirmək, oradan isə dediyim bu neft kəmərləri ilə Qərbə ixrac etmək istəyirik.

Sual: Cənab Prezident, xahiş edərdik, Ermənistan və Azərbaycan arasındakı münasibətlər barədə bizim məlumatlarımızı təzələyəsiniz. Hazırda Ermənistanla hər hansı diplomatik münasibətlər qurulubmu və təmaslar varmı? Bu barədə fikirlərinizi bilmək istəyirəm.

Cavab: Bilirsiniz ki, Azərbaycan və Ermənistan hələ Sovetlər İttifaqının tərkibində olan zaman, 1988-ci ildə Ermənistan Azərbaycana qarşı hərbi təcavüz etmişdir. Məqsəd isə ondan ibarət idi ki, Ermənistan Azərbaycanın tərkibində olan Dağlıq Qarabağ vilayətini qoparıb özünə birləşdirmək istəyirdi. Bu münaqişənin qarşısı vaxtilə alına bilərdi. Ancaq bunu etmədilər. Sonrakı illərdə bu münaqişə genişlənibdir. Bunun nəticəsində Ermənistan silahlı qüvvələri bəzi səbəblərdən, xarici ölkələrin köməyindən istifadə edərək Azərbaycan Respublikasının ərazisinin 20 faizini işğal ediblər. İşğal olunmuş torpaqlardan bir milyondan artıq azərbaycanlı zorla çıxarılıbdır. Onlar yerlərindən-yurdlarından didərgin düşüblər, Azərbaycanın müxtəlif bölgələrində çadırlarda yaşayırlar.

Qarşınızda olan bu xəritədə üç rənglə rənglənmiş bu ərazinin hamısı Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur və indi də işğal altındadır. Orada yaşamış bir milyondan çox azərbaycanlı bu ərazilərdən zorla qovulubdur.

Qırmızı rənglə rənglənmiş ərazi Dağlıq Qarabağ vilayətinin ərazisidir. Yaşıl və sarı rənglərlə rənglənmiş ərazilər isə Dağlıq Qarabağın ətrafında olan, Dağlıq Qarabağ vilayətinə aidiyyəti olmayan inzibati rayonlarımızın ərazisidir. Bu torpaqlar artıq dörd ildir ki, işğal altındadır. Bizim bu torpaqlarımızın işğal altında olmasına və işğal edilmiş bu torpaqlarda bizə ağır zərbələr vurulmasına, böyük itkilər verməyimizə, insanlarımızın çadırlarda yaşamasına baxmayaraq, atəşin kəsilməsinə razılıq vermişik. Üç il bundan əvvəl atəşin kəsilməsi haqqında Ermənistanla saziş imzalamışıq.

Münaqişənin sülh yolu ilə aradan qaldırılması üçün danışıqlar aparılır. Bu danışıqlar ATƏT-in Minsk qrupu vasitəsilə aparılır. ATƏT-in Minsk qrupunun apardığı danışıqlar və bizim səylərimiz nəticəsində keçən ilin dekabr ayında ATƏT-in üzvü olan ölkələrin dövlət və hökumət başçılarının Lissabon Zirvə görüşündə bu münaqişənin sülh yolu ilə həll olunmasının prinsipləri müəyyən edilibdir. Bu prinsiplər üç maddədən - birincisi, Azərbaycanın və Ermənistanın ərazi bütövlüyünün tanınmasından; ikincisi, Dağlıq Qarabağa Azərbaycanın tərkibində yüksək dərəcəli özünüidarəetmə hüququ verilməsindən; üçüncüsü, Dağlıq Qarabağın bütün əhalisinin - həm erməni, həm də azərbaycanlı əhalisinin təhlükəsizliyinin təmin olunmasından ibarətdir. Biz bu prinsipləri qəbul etmişik. Lissabon Zirvə görüşündə ATƏT-in üzvü olan 54 dövlətdən 53-ü bu prinsiplərə səs veribdir. Ermənistan isə buna etiraz edir. Onlar Dağlıq Qarabağa dövlət müstəqilliyi statusu almağı iddia edirlər.

Biz bir çox güzəştlərə, kompromislərə getmişik. Ancaq Dağlıq Qarabağa dövlət müstəqilliyi verilməsinə, Azərbaycanın ərazisində ikinci erməni dövlətinin yaranmasına yol verə bilmərik.

Bu, eyni zamanda beynəlxalq hüquq normalarına, Birləşmiş Millətlər Təşkilatının nizamnaməsinə, ATƏT-in prinsiplərinə ziddir.

Bu ilin əvvəlindən ATƏT-in Minsk qrupunun üç həmsədri müəyyən olunubdur. İndi Minsk qrupuna Amerika Birləşmiş Ştatları, Rusiya və Fransa həmsədrlik edirlər. Bu üç ölkənin prezidentləri - Bill Klinton, Boris Yeltsin, Jak Şirak iyunun 20-də Denverdə Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunması barədə bəyanat veriblər. Bütün bunlar münaqişənin sülh yolu ilə həll olunması üçün bizə böyük ümidlər verir.

Təəssüf ki, son vaxtlar çox mənfi hallar da meydana çıxıbdır. Bu ilin əvvəlində aşkar olunubdur ki, Rusiya Müdafiə Nazirliyinin yüksək vəzifəli şəxsləri son üç il ərzində Ermənistana gizli, qeyri-qanuni yolla bir milyard dollar məbləğində silahlar veriblər. Bu silahların içərisində çox dəhşətli ağır silahlar, o cümlədən zenit raketləri, uzaq məsafəni vuran raketlər var. Onların arasında hətta nüvə başlıqlı raketlər də vardır.

Bu silahların siyahısı artıq bizə məlumdur. Çünki Rusiyanın mətbuat orqanları bunların bir çoxunu artıq dərc ediblər. Hətta bu silahların verilməsi üçün Rusiya hökuməti tərəfindən qəbul edilmiş bəzi sərəncamların surətləri də mətbuatda dərc olunubdur. Bu məsələ bizi çox narahat edir.

Mən bu ilin mart və iyul aylarında Moskvada olarkən, prezident Boris Yeltsinlə danışıqlar apararkən bu məsələni çox kəskin qoymuşam. Ona rəsmi məktubla da müraciət etmişəm. Biz tələb edirik ki, bu silahlar Ermənistandan çıxarılsın və Rusiyaya qaytarılsın. Çünki bu qədər silahların kiçik bir ərazisi olan Ermənistanda qalması çox təhlükəlidir. Bu, təkcə Azərbaycan üçün yox, bütün bölgəmiz üçün təhlükəlidir.

Sizdə olan xəritədə həmin silahların atəş imkanları öz əksini tapıbdır. Bilirsiniz ki, Ermənistanda Rusiyanın hərbi bazaları vardır. Orada Rusiyanın böyük hərbi hissələri yerləşir. Azərbaycan isə tam müstəqil bir dövlətdir. Bizim ölkəmizdə heç bir xarici dövlətin, o cümlədən Rusiyanın bir nəfər də olsun əsgəri yoxdur.

Rusiyanın Ermənistana silah verməsi şübhəsiz ki, vəziyyəti çətinləşdirir. Ancaq eyni zamanda mən cənab Bill Klintonla apardığım danışıqlardan, Amerika Birləşmiş Ştatlarında keçirdiyim görüşlərdən çox ümidli əhval-ruhiyyədəyəm.

Prezident Bill Klintonla mənim danışıqlarımda bu məsələ çox mühüm yer tutdu. Mən bəyan etdim ki, Minsk qrupunun son dəfə bizə - həm Ermənistana, həm də Azərbaycana verdiyi təklifləri mən danışıqları intensivləşdirmək üçün əsas kimi qəbul edirəm. Prezident Bill Klintonun və mənim imzaladığımız Birgə bəyanatda yazılıbdır ki, Amerika Birləşmiş Ştatları bu münaqişənin 1997-ci ildə həll edilməsinə xüsusi səylər qoyacaqdır.

Biz bölgəmizdə, Ermənistanla Azərbaycan arasında tam sülhün bərpa olunmasının tərəfdarıyıq. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir, qaçqınlar öz yerlərinə, yurdlarına qayıtmalıdırlar, Dağlıq Qarabağa Azərbaycanın tərkibində yüksək dərəcəli özünüidarəetmə statusu verilməlidir. Mən hesab edirəm ki, bu şərtlər əsasında biz böyük sülh əldə edə bilərik.

Sual: Cənab Prezident, biz bilirik ki, Naxçıvan Muxtar Respublikası Ermənistan ərazisinin yaxınlığında yerləşir. Azərbaycanın ərazisində isə Dağlıq Qarabağ adlı bir erməni anklavı vardır. Ermənistanla danışıqlar zamanı Naxçıvanın ərazi bütövlüyünün qorunması məsələsi də müzakirə olunurmu? Ümumiyyətlə, Siz bu halı necə şərh edərdiniz?

Cavab: Bilirsiniz, bunlar bir-birinə bənzər şeylər deyildir. Sadəcə olaraq 20-ci illərin əvvəllərində Sovetlər İttifaqının xəritəsini düzəldərkən çox ədalətsizlik ediblər. Qədim Azərbaycan torpağı olan Naxçıvanı Ermənistana verilmiş bu kiçik dəhlizlə Azərbaycanın əsas hissəsindən ayırıblar. Dağlıq Qarabağ isə Azərbaycanın mərkəzində olan bir yerdir və ora erməni anklavı deyildir. Bu münaqişə başlayanda orada yaşayanların 70 faizi ermənilər, 30 faizi isə azərbaycanlılar olub.

Naxçıvan Muxtar Respublikasının təhlükəsizliyinin qorunması bizim əsas vəzifələrimizdən biridir. Biz bunu heç vaxt Dağlıq Qarabağ məsələsi ilə əlaqələndirmirik.

Bu münaqişə başlayandan sonra Dağlıq Qarabağda mən söylədiyim vəziyyət yaranıbdır. Bir daha bildirmək istəyirəm ki, Dağlıq Qarabağ heç vaxt Ermənistana mənsub olmayıb. İş onda deyildir ki, hansı ərazidə kim yaşayır. Sizin Amerikada da elə ştatlar var ki, orada ermənilər çox sıx yaşayırlar. Bu o demək deyil ki, ora Ermənistanın ərazisidir. Ona görə də, bir də qeyd edirəm ki, Siz dediyiniz bu məsələlər bir- birinə bənzər deyil, bir-biri ilə bağlı deyildir.

Sual: Cənab Prezident, mənim sualım silahlar barədədir. Sizdə məlumatlar, sübutlar varmı ki, Ermənistana verilmiş bu silahlar Rusiyanın rəsmi dairələri tərəfindən Çeçenistana göndərilmək üçün nəzərdə tutulmuş, lakin Çeçenistana gəlib çatmayan, Ermənistana gedən silahlar olubdur. Yəni Rusiyanın ayrı-ayrı qüvvələri, dairələri həmin silahları Çeçenistanda olan rus qoşunlarına göndərilmək adı ilə almış, sonradan isə varlanmaq məqsədi ilə silahları Ermənistana ötürmüşlər?

Cavab: Bizdə belə bir məlumat yoxdur. Amma bizdə dəqiq sənədlər var ki, Rusiyanın hansı hərbi dairələrindən və Ermənistandan çox uzaq olan yerlərdən bu silahları böyük təyyarələrlə daşıyıb Ermənistana gətiriblər. Mən sizə dedim ki, Ermənistanın ərazisində Rusiyanın hərbi hissələri, hərbi bazası vardır. Gürcüstanın ərazisində də Rusiyanın hərbi hissələri, bazası vardır. Ermənistana verilən silahların bir qismi də həm Ermənistanda olan hərbi hissələrdən, həm də Gürcüstanda olan hərbi hissələrdən verilibdir. Bizdə bu barədə sənədlər vardır.

Rusiyanın prokurorluğu indi bu barədə istintaq aparır. Mən sizə deyə bilərəm ki, Rusiyanın yüksək vəzifəli şəxsləri, məsələn, keçmiş müdafiə naziri Qraçov, Baş qərargahın keçmiş rəisi general Kolesnikov, etiraf edirlər ki, bu silahları veriblər.

Bilirsiniz ki, Amerika Birləşmiş Ştatlarının Senatı bu barədə qərar qəbul edibdir. Onlar Amerikanın prezidentinə vaxt veriblər ki, bu məsələni araşdırmalıdır və avqustun 1-dək Senata məlumat verməlidir. Biz Amerika Birləşmiş Ştatlarının Senatına bu cür ədalətli qərar qəbul etdiyinə görə çox minnətdarıq. Çünki bilirsiniz ki, bu, təkcə Azərbaycana qarşı yönəldilmiş dəhşətli bir hadisə deyildir. Ümumiyyətlə, dünyada silahların məhdudlaşdırılması, azaldılması, münaqişələrin qarşısının alınması zamanı Rusiyanın Ermənistana bu qədər külli miqdarda dəhşətli, ağır silahlar verməsi, əlbəttə, bütün bu prinsiplərdən kənar olan bir haldır.

Sual: Cənab prezident, Siz Çikaqoda hər hansı bir ticarət müqaviləsinin imzalanmasını planlaşdırmısınızmı? Çikaqoda hansı şirkətlərlə görüşləriniz olacaqdır?

Cavab: Mən çox məmnunam ki, Amerika Birləşmiş Ştatlarında, Ağ evdə dörd böyük müqavilə imzalanıbdır. Biz bu müqavilələri ABŞ-ın "Şevron", "Eksson", "Mobil" və "AMOKO" şirkətləri ilə imzalamışıq. Həmin müqavilələrin hər biri Xəzərin Azərbaycandakı sektorundakı böyük neft yataqlarımızın müştərək işlənməsi üçün imzalanıbdır. Bu, Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasındakı iqtisadi əlaqələrin inkişafında böyük bir addımdır.

Burada, Çikaqoda bir sənəd imzalanması nəzərdə tutulmayıbdır. Amma Çikaqoda bir çox görüşlər olacaqdır. Ola bilər, həmin görüşlər gələcəkdə yeni sazişlərin imzalanmasına gətirib çıxaracaqdır.

Cim Kallaher ("Çikaqo tribun" qəzeti redaksiya heyətinin rəhbəri): Cənab prezident, Sizə çox minnətdarıq ki, bizə böyük hörmət bəsləyib, nəzərdə tutulan bu qədər görüşlərinizin arasında vaxt tapıb redaksiyamızı ziyarət etdiniz.

Heydər Əliyev: Mən də Sizə təşəkkür edirəm ki, Siz Azərbaycana maraq göstərirsiniz. Mən Sizin qəzetinizə hörmət və ehtiramımı bir daha bildirirəm. Ümidvar olduğumu bildirmək istəyirəm ki, Azərbaycanın həqiqətləri haqqında qəzetinizdə bundan sonra da doğru-düzgün, obyektiv materiallar dərc ediləcəkdir. Mən eyni zamanda məmnunam ki, keçmişdə tanış olduğum şəxslərlə burada bir daha görüşdüm. Vaxtilə Sizinlə biz Moskvada bir yerdə çalışmışıq. Doğrudur, Siz bir tərəfdə, mən digər tərəfdə olmuşam. Amma indi bir yerdəyik. Bu da tarixi bir hadisədir.

Cim Kallaher: Biz çox istərdik ki, Moskvadakı müxbirimiz Bakıya getsin və Azərbaycanda iqtisadi inkişaf və bir çox digər məsələlər barədə məqalələr yazsın.

Heydər Əliyev: Gəlsin. Mən Sizin qəzetin hər bir müxbirini qəbul etməyə hazıram. Azərbaycana gələn hər bir müxbir ölkəmiz haqqında hər şeyi öyrənmək imkanı əldə edəcəkdir. Bizim ölkəmizin qapıları hamının üzünə açıqdır. Azərbaycanda demokratiya, plüralizm, mətbuat azadlığı vardır. Azərbaycanın qapıları xüsusən xarici investisiya üçün açıqdır. Xarici jurnalistlər üçün isə həddindən artıq açıqdır.

Mən sizin hamınızı Azərbaycana dəvət edirəm. Azərbaycana gəlin, sağ olun, təşəkkür edirəm. Bu kitabları və xəritələri də sizə bağışlayıram.

Cim Kallaher: Cənab prezident, qəzetimizin bu il 150 illiyi tamam olur. "Çikaqo tribun" qəzetinin əsası 1847-ci ildə qoyulubdur. Biz bunu yubiley kimi bayram edirik. Çünki Amerika Birləşmiş Ştatlarında çox az sayda qəzet vardır ki, "Çikaqo tribun" qədər uzunömürlü olsun. Azərbaycan kimi, biz də özümüz özümüzü dəyişmək dövrünü keçiririk. Baxırsınız, burada dəyişikliklər gedir. Biz təmir işləri aparırıq.

Heydər Əliyev: Bu yubiley münasibətilə mən sizi təbrik edirəm.

Cim Kallaher: Cənab prezident, biz istəyirik ki, "Çikaqo tribun" un 150 illiyinə həsr olunmuş bu kitabı Sizə bağışlayaq. Bu, Amerikanın 150 illik tarixinin "Çikaqo tribun" un gözü ilə əksidir. Bu kitabda Çikaqonun və Amerikanın tarixinə aid çox dəyərli məlumatlar vardır.

Heydər Əliyev: Çox gözəl. Bu kitaba görə mən Sizə təşəkkür edirəm.