Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin MDB ölkələrinin Müdafiə Nazirləri Şurasının Bakıda keçirilən iclasında söhbətindən - 18 may 2001-ci il


Heydər Əliyev: Hörmətli qonaqlar, dostlar!

Mən sizi Azərbaycanda salamlayıram. Şadam ki, siz öz növbəti görüşünüz üçün bizim ölkəmizdə, Bakıda toplaşmısınız. Hələ indiyədək belə olmayıbdır. Görünür, müəyyən bir növbəlilik var. Yəqin ki, indi növbə Azərbaycana da çatmışdır.

Sizin şura Müstəqil Dövlətlər Birliyinin fəaliyyəti üçün çox böyük əhəmiyyətə malikdir. Doğrudur, tərkibi bir qədər müxtəlifdir. Elə ölkələr var ki, MDB-nin Kollektiv Təhlükəsizlik Müqaviləsinə daxildir, elə ölkələr də var ki, oraya daxil deyildir, hətta bitərəf olan ölkə də var. Buna baxmayaraq, Azərbaycanın nümayəndə heyəti, Azərbaycanın müdafiə naziri müxtəlif respublikalarda keçirilmiş bütün görüşlərdə iştirak etmişlər. Biz bu görüşlərdə iştirakı müəyyən fəaliyyət sahələrində əməkdaşlıq üçün çox faydalı bilirik.

Zənnimcə, siz görüşərək fikir mübadiləsi apardınız. Bu faktın özü çox böyük əhəmiyyətə malikdir. İkincisi isə, yəqin ki, səmərəli işləmisiniz. Ona görə də sizin razı qalmağa əsasınız var. Azərbaycan prezidenti kimi mənim üçünsə sizin ölkəmizdə, Bakı şəhərində olmağınız əhəmiyyətlidir. Yəqin ki, kimsə əvvəllər burada olubdur, kimsə olmayıbdır. Hər halda, əgər sizlərdən kimsə əvvəllər burada olubsa, müstəqilliyin on illiyinin sonuna yaxınlaşdığımız vaxtda bugünkü Azərbaycanın, bugünkü Bakının, şübhəsiz, keçmişdəkindən fərqləndiyini görür. Hamınız hələ də cavansınız, gəncsiniz, on il keçmişdir, bu isə artıq böyük müddətdir.

Şadam ki, siz burada, Bakıda bir-birinizlə ünsiyyətdə olmaq, işləmək, həm də müəyyən dərəcədə xalqımızla təmasda olmaq və şəhərimizlə tanış olmaq imkanına maliksiniz. Yəqin ki, işiniz də qarşılıqlı anlaşma ruhunda keçib və buna görə uğurla başa çatmışdır. Mən isə şadam ki, sizinlə görüşürəm. Sergey Borisoviç, siz yəqin ki, bir şey deyəcəksiniz?

Sergey İvanov: Biz tam qarşılıqlı anlaşma ruhunda işlədik və hesab edirəm ki, uğurla işlədik. Biz bir çox məsələlərə dair 20-dən artıq saziş, sənəd imzaladıq. Mən onları şərti olaraq belə adlandırardım: birinci blok - nazirliklərimizə bilavasitə aid olan hərbi və hərbi-texniki məsələlər.

İkinci blok - maliyyə, inzibati, təsərrüfat xarakterli məsələlər. Üçüncü blok - kadr məsələləri.

Lakin deməyə bilmərəm, - hərçənd yəqin ki, bu qeyri-təvazökarlıqdır, - mən ikiqat məmnunam və minnətdaram, həm də ona görə ki, hər şeydən əlavə, bu gün məni MDB Ölkələri Müdafiə Nazirlikləri Şurasının sədri seçdilər.

Heydər Əliyev: Təbrik edirəm.

Sergey İvanov: Çox sağ olun. Əlbəttə, mən bunu böyük etimad kimi qiymətləndirirəm və şuramızın MDB-yə daxil olan bütün ölkələrin təhlükəsizliyi naminə maksimum səmərəli məhsuldar işləməsi üçün hər şeyi etməyə çalışacağam. Bizim aramızda prinsipial xarakterli heç bir iri problem, mübahisə olmadı. Məncə, biz, dövlətlərdən hər biri müstəqillik yolu ilə irəlilədikcə, daha da aydın görürük ki. əməkdaşlıq etmədən, qarşılıqlı fəaliyyət göstərmədən, birgə tədbirlər görmədən keşməkeşli zəmanəmizdə mövcud təhlükələri dəf etmək çox çətindir. Bu təhlükələr mövcuddur, mən ən əvvəl terrorizmi, ekstremizmi nəzərdə tuturam. Onlar post-sovet məkanının qərbində, cənub-qərbində də var, Cənubi Qafqazda da, Mərkəzi Asiya regionunda da, necə deyərlər, nizamsızlıq, mübahisələr var. Ona görə də ümidvaram və əminəm ki, qəbul etdiyimiz qərarlar bu təhlükələri təklikdəkinə nisbətən birlikdə daha asan aradan qaldırmağımıza kömək edəcəkdir. Mən bunları deyərək, bizi qəbul etməyə imkan tapdığınıza görə Sizə bir daha təşəkkürümü bildirmək istərdim. Həqiqətən şuramız bəlkə də spesifikdir, hərçənd gördüyünüz kimi, mülkü geyimdə olanlar getdikcə çoxalı...

Heydər Əliyev: Yaxşı, siz mülki geyimdəsiniz, mən bunu başa düşürəm. Bəs onlar niyə mülki geyimdədirlər? Onlar da mülki nazirlər olmuşlar?

Sergey İvanov: Bizdə belələri var. Mülki nazir tək mən deyiləm.

Heydər Əliyev: Siz nümunə göstərirsiniz?

Sergey İvanov: Yox. Biz təhrik etmək istəmirik, sadəcə olaraq, belə proses getməyə başlamışdır.

Heydər Əliyev: Tezliklə hamı poqonları çıxaracaqdır.

Sergey İvanov: Baxaq görək, bundan nə çıxacaqdır. Tezliklə dövlət başçılarının Minskdə görüşü olacaqdır. Vladimir Vladimiroviç görüşə hazırlaşır, Sizə salam yetirməyi xahiş etdi. Əlbəttə, görüşməyə ümid bəsləyir, inanır. Ümid edəcəyik ki, Minsk görüşü təkcə bizə deyil, bütün başqalarına - hökumət başçılarına da, xarici işlər nazirlərinə də növbəti ciddi impuls verəcəkdir.

Heydər Əliyev: Sağ olun. Fürsətdən istifadə edərək, demək istəyirəm ki, son vaxtlar, Rusiyada rəhbərlik dəyişdikdən sonra, yəni Vladimir Vladimiroviç Putin prezident seçildikdən, bunun ardınca biz onu Birlik ölkələrinin Dövlət Başçıları Şurasının sədri seçdikdən sonra, açığını, düzünü deyəcəyəm, təşkilatımız - MDB daha dəqiq, daha məqsədyönlü, nə gizlədim, səmərəli işləməyə başlamışdır.

Deyirlər, keçmişdən xüsusi danışmağa dəyməz, mən buna əməl edirəm. Bilirsinizmi, bununla belə, dövlət başçılarının bir çox görüşləri şəxsən məni o qədər də cəlb etmirdi. Ona görə ki, görüş sanki keçirilirdi, kimlərsə nəsə deyirdi, hansısa sənədlər qəbul edilirdi. Amma, əvvəla, onların icrası çox yarıtmaz olurdu. İkincisi, bilirsiniz, ümumən MDB-də və xüsusən dövlət başçılarının qarşılıqlı münasibətlərində lazımi ab-hava duyulmurdu. Şükürlər olsun ki, bunların hamısı arxada qalmışdır. Açığını deyəcəyəm, indi MDB daha dəqiq işləyir. Buna xeyli dərəcədə Dövlət Başçıları Şurasının sədri Vladimir Vladimiroviç Putin kömək edir və üstəlik planauyğunluq da əmələ gəlmişdir. Tarix elan edilir, həmin tarixədək hazırlıq görülür, sonra isə növbəti tarix elan olunur. Bilirsinizmi, əvvəllər bütün bunlar ixtiyari xarakter daşıyırdı. Vaxt keçib gedirdi, biz isə nə vaxt toplaşmaq lazım gələndə, bunu dövlət başçıları ilə razılaşdırırdıq, birinin imkanı olurdu, o birisinin olmurdu və görüşü başqa vaxta keçirirdik.

Yeri gəlmişkən, Yarov bütün MDB ölkələrində, o cümlədən Azərbaycanda da olmuşdur. O, sənədlər yığılmış qalın-qalın qovluqlar göstərdi. Bu sənədlər MDB katibliyinin necə gərgin iş gördüyünü göstərir. Katiblik qəbul etdiyimiz qərarların həyata keçirilməsi sahəsində də, yeni iclasın hazırlanması sahəsində də işlər görür. Biz əvvəllər belə şey görmürdük. Məsələ kağızların miqdarında - çoxluğunda və ya azlığında deyildir. Məsələ məhz bundadır ki, görüşümüzdən sonra nə kimi işlər görüldüyünü və gələcəkdə nə edəcəyimizi, hansı sənədlərin hansı vəziyyətdə olduğunu çox konkret, dəqiq, aydın şəkildə təsəvvür edirsən.

Buna görə də mənə elə gəlir ki, bu cür iş üsulu digər səviyyələrdə də, xüsusən də MDB ölkələrin müdafiə nazirliklərinin görüşlərində də öz təcəssümünü tapmalıdır və yəqin ki, tapmışdır. Terrorizmlə, ekstremizlə, dini fanatizmlə, davakar separatizmlə mübarizə hazırda bizim hamımız üçün xüsusi əhəmiyyət kəsb edir.

Əlbəttə, biz - MDB-yə daxil olan ölkələr sülh mövqeyində durmuşuq və biz də, bütün ölkələr də sülhsevər siyasət aparırıq. Ona görə ki, hər hansı hərbi əməliyyatların, hətta məhdud əməliyyatların, - mən hələ hansısa böyük müharibəni demirəm, - yenidən başlanması heç kimə fayda gətirməyəcəkdir. Şükürlər olsun ki, İkinci dünya müharibəsi hadisələrindən hamımızın nəticə çıxarmaq imkanı var. Amma bununla yanaşı, sual olunur: bəs bu müdafiə nazirlikləri nəyə gərəkdir? Məsələn, biz Azərbaycan dövlətinin siyasətinin mövqelərini əsas tutaraq hesab edirik ki, öz suverenliyimizi, öz dövlətçiliyimizi, öz torpaqlarımızı istənilən vaxt qoruya bilməyimiz üçün bizə ordu gərəkdir, bizə müdafiə nazirliyi gərəkdir.

Məsələn, biz heç kimlə müharibə etmək və heç kimə hücum etmək istəmirik. Bu, başlıca prinsipdir və düşünürəm ki, başqaları da mənimlə razıdırlar. Amma bununla belə, təəssüf ki, bu və ya digər ölkələrin ərazilərinə soxulan ayrı-ayrı xarici qüvvələr ölkələri, hər halda, mübarizə aparmaq zərurətinə cəlb edirlər.

Sizin dediyiniz kimi, burada beynəlxalq terrorizmlə mübarizə xüsusi əhəmiyyət kəsb edir. Özü də əgər əvvəllər bu terrorizm haradasa, hansısa bir məhdud sahədə, MDB məkanında idisə, indi bütün bunlar getdikcə daha geniş yayılır. Ona görə də biz bu istiqamətdə səyləri birləşdirməliyik. Terrorizm də dəhşətlidir, ekstremizm də. Dini ekstremizm, dini fanatizm, bizim üçün, zənnimcə, mərkəzi Asiya ölkələri üçün də böyük təhlükə törədir. Hesab edirəm ki, bunun bizə daha mürəkkəb problem yaratmaması üçün çox vacib tədbirlər görməliyik.

Əlbəttə, indiyədək mövcud olan münaqişələr də. Bir baxın, biz Müstəqil Dövlətlər Birliyindəyik, biz hamımız bir yerdəyik. Amma MDB-nin mövcud olduğu bu 10 ildə münaqişələrə son qoyulmayıbdır. Əlbəttə, ən ağır, məncə, ən çətin münaqişə Ermənistanla Azərbaycan arasındakı münaqişədir. Bu münaqişə nəticəsində Azərbaycan ərazisinin 20 faizi işğal edilmişdir, bir milyon adam qaçqın düşmüşdür. Onların böyük əksəriyyəti çadırlarda yaşayır. Çadırlarda bir il, iki il, üç il yaşamaq olar, amma səkkiz, doqquz il çadırda yaşamaq, sadəcə olaraq, ağlasığmaz haldır. Respublikamızın, ölkəmizin belə itkilərə məruz qalmasına baxmayaraq, biz sülh mövqeyindəyik, münaqişənin dincliklə nizama salınması mövqeyindəyik. Ermənistan və Azərbaycan prezidentləri arasında son vaxtlar keçirilən görüşlər də, ATƏT-in Minsk qrupu həmsədrlərinin - Rusiyanın, Birləşmiş Ştatların və Fransanın fəallaşması da müəyyən ümid yaradır ki, biz bu məsələnin qarşılıqlı kompromislər yolu ilə dincliklə həllinə nail ola bilərik. Amma kompromislər bu tərəf üçün də, o tərəf üçün də məqbul olmalıdır.

Azərbaycan MDB-yə daxil olanda, - bu, 1993-cü ildə baş vermişdir, çünki 1992-ci ildə Azərbaycan MDB-də iştirakdan imtina etmişdi, - birinci iclasda məsələ qaldırdım, ona görə ki, mən bundan bir qədər əvvəl prezident seçilmişdim və özüm istəyirdim ki, Azərbaycan MDB-yə qoşulsun. Yeri gəlmişkən, bu proses asan olmadı, çünki respublikada bu baxımdan əhval-ruhiyyə mənfi idi. Lakin razılıq əldə etmək üçün, Azərbaycanın da MDB tərkibində olması üçün işləmək lazım gəldi. Mən indi də hesab edirəm ki, bu, düzgün addım idi və özünü tamamilə doğruldur. Hərçənd bizim müxalifətdən bəziləri məni qınayır ki, bunu etmək nəyə lazım idi. Lakin bu, onların öz işidir. Hərənin öz siyasəti, öz xətti var.

O vaxt, birinci iclasda dedim: bilirsinizmi, təşkilatımızın həqiqətən yüksək beynəlxalq səviyyədə olması üçün, birlik ölkələrinin fəal əməkdaşlığı üçün hər şeydən öncə bütün maneələri aradan götürmək lazımdır. Burada isə Ermənistanla Azərbaycan arasındakı münaqişə, Qafqaz münaqişəsi, Osetiya münaqişəsi, Dnestryanı bölgədəki münaqişə birinci yerə çıxır. Sonra Çeçenistan münaqişəsi meydana gəldi.

Ona görə də mənə elə gəlir ki, bu, ən başlıca vəzifədir. Biz onu birlikdə yerinə yetirməliyik. Mənim fikrim belədir, bu münaqişələri ancaq münaqişə vəziyyətində olan ölkələrin həll edə biləcəyinə ümid bəsləmək, qalanlarının isə buna dəxli olmadığını və ya biganə qalmalı olduğunu düşünmək, hesab edirəm ki, düzgün deyildir. Budur, indi Orta Asiyada, Mərkəzi Asiyada münaqişə ocaqları meydana gəlmişdir. Bax, mən 1993-cü ildə birinci iclasda danışanda belə şey yox idi. O vaxt əslində Çeçenistanda da münaqişə yox idi. Yəni, mən açıq demək istəyirəm ki, MDB ölkələrinin ümumi təhlükəyə etinasız münasibəti və eyni cür yanaşmaması bu təhlükənin daha da artmasına gətirib çıxarır. Biz bunun şahidiyik.

Ona görə də biz hər bir ölkənin təhlükəsizliyinə, suverenliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə qorxu törədən təhlükələrin bütün növləri ilə mübarizə mövqeyində möhkəm dayanmışıq. Məsələn, mən Ermənistanla Azərbaycan arasındakı münaqişənin dincliklə həllini, sülhün bərqərar edilməsini və bizim üçün çox mühüm olan mehriban qonşuluq əməkdaşlığının bərqərar edilməsini özümüz üçün nə qədər vacib bilirəmsə, Çeçenistandakı münaqişənin həllini, Gürcüstandakı münaqişənin aradan qaldırılmasını, Mərkəzi Asiyanın qarşılaşdığı və açığını deyək, orada vəziyyəti mürəkkəbləşdirən bəzi beynəlxalq terrorizm faktlarının yayılmamasını da bir o qədər əhəmiyyətli sanıram.

Ona görə də mən məhz bundan başladım ki, silahlı qüvvələr bizə müdafiə üçün gərəkdir. Hərbi doktrinamız da məhz bundan ibarətdir, - öz dövlətimizi qorumaq üçün, sülhə, bəşəriyyətə qarşı, hər halda, MDB-ni əhatə edən regionumuza qarşı ümumi təhlükə ilə mübarizədə səyləri birləşdirmək üçündür.

Mən bu fikri dövlət başçıları ilə görüşlər zamanı da söyləmişəm və fürsətdən istifadə edərək, bu gün də deyirəm. Düşünürəm ki, hamı bununla razıdır, amma əməllər, təəssüf ki, fikirlərə o qədər də uyğun gəlmir. Mən bunu başa düşürəm. Hesab edirəm ki, belə görüşlər, əməkdaşlıq, mövqelərin yaxınlaşması, qarşılıqlı anlaşma fikirlərin də, əməllərin də tamamilə uyğun olmasına gətirib çıxaracaqdır. Ona görə də mən bu görüşü çox mühüm və faydalı sayıram.

"Azərbaycan" qəzeti, 19 may 2001-ci il.