Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Avropa Şurasının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının zirvə görüşündə iştirak etmək üçün Strasburqa yola düşməzdən əvvəl Binə hava limanında jurnalistlərə qisa müsahibəsi - 9 oktyabr 1997-ci il


Sual: Strasburqa səfərinizin ölkəmiz üçün əhəmiyyəti nədən ibarətdir?

Cavab: Bu səfərin respublikamız üçün əhəmiyyəti çoxdur. Çünki Azərbaycan ilk dəfədir ki, Avropa Şurasının yüksək səviyyəli toplantısında iştirak edir. Bu, Avropa Şurasının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının ikinci zirvə görüşüdür.

Şübhəsiz ki, Azərbaycan birinci görüşdə iştirak etməmişdir, çünki o vaxt Azərbaycanın Avropa Şurası ilə əlaqəsi yox idi. İndi Azərbaycana Avropa Şurasında qonaq statusu verilibdir və biz əməkdaşlıq edirik. Güman edirəm ki, biz Azərbaycanın Avropa Şurasına tam üzv qəbul edilməsinə nail olacağıq.

Azərbaycanın və Zaqafqaziyanın digər respublikalarının rəhbərləri Avropa Şurasının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının zirvə görüşünə dəvət olunublar. Bu, əlamətdar bir hadisədir. Biz orada Azərbaycanın həm Avropaya mənsub olduğunu bir daha təsdiq edəcəyik, həm də ölkəmizin Avropa Şurasına daxil olması üçün yeni bir imkan əldə edəcəyik.

Avropa Şurasının üzvü olan ölkələrin dövlət başçıları oraya toplaşırlar. Strasburqda eyni zamanda ikitərəfli görüşlər də olacaqdır. Bunların hamısı Azərbaycan üçün çox əhəmiyyətlidir. 

Tarixi arayış

MÜSAHİBƏLƏR