Beynəlxalq Amnistiya Təşkilatı


Beynəlxalq qeyri-hökumət təşkilatı olan Beynəlxalq Amnistiyanın əsası (Amnesty İnternational) 1961-ci ildə Londonda ingiltərəli vəkil Peter Benenson tərəfindən qoyulub. Təşkilat bütün dünyada insan hüquqları sahəsindəki vəziyyəti müntəzəm olaraq araşdırır, insan hüquqlarının pozulmasına qarşı (xüsusilə vətəndaşların siyasi əqidəsinə görə həbs, siyasi məhbuslar barəsində ədalətsiz məhkəmə prosesi, işgəncə, ölüm hökmünün tətbiqi, yaxud digər amansız, qeyri-insani və alçaldıcı rəftar) aksiyalar həyata keçirir. Quruma 9 nəfərdən ibarət icraedici komitə rəhbərlik edir. Beynəlxalq Amnistiya Təşkilatının dünyanın 150-dən artıq ölkəsində 1,5 milyondan çox üzvü vardır. Təşkilatın London şəhərində yerləşən Beynəlxalq katibliyində 7800-dən artıq yerli qrup, eləcə də dünyanın 100-dən çox ölkəsindən şagird, tələbə və işçi qrupları qeydiyyatdan keçib. 1977-ci ildə Beynəlxalq Amnistiya Təşkilatı Nobel Sülh mükafatına layiq görülüb.